Logo

Misir Mərdanov: "Təhsil nazirinin sırf təhsil işçisi olması hökm deyil" - MÜSAHİBƏ

22.12.2021 14:04 2131 baxış
IMG

Sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycanda təhsil sahəsində olan problemlər uzun illərdir ki, müzakirə olunmaqdadır. Bir sıra dəyişikliklər baş versə də, bunların əsas etibarilə kosmetik dəyişikliklər olduğu zamanla vurğulanır. Niyə hələ də problemlərin tam həllinə nail olunmur?

- Son 20 ildir ki, təhsil sahəsi bizim ölkəmizdə ən çox ictimai marağa və müzakirələrə səbəb olan sahələrdəndir. Mən bunu təbii hesab edirəm. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da elə sahə tapa bilməzsən ki, təhsil qədər geniş əhatəsi olsun. Çünki ölkənin hər bir vətəndaşı bu və ya digər formada təhsillə bağlıdır. Təhsil sahəsində baş verənlər, problemlər, çatışmayan cəhətlər hər kəs üçün maraqlıdır. Necə edək ki, bu mənfi cəhətlər aradan qaldırılsın, yerinə inkişafyönümlü məsələlər gəlsin?! Ona görə Kütləvi İnformasiya Vasitələrində bu məsələlər geniş müzakirə olunur, mənfilər və müsbətlər deyilir. Mənə belə gəlir ki, cavabdeh olan şəxslər də deyilən tənqidi qeydlərdən, mənfilərdən nəticə çıxarıb həmin qurumu inkişaf etdirmək istəyir. İndi buna nə vaxt, nə qədər nail olunub demək çətindir. Hər halda düşünürəm ki, bizim ölkəmizdə hər kəs istəyər ki, Azərbaycanın təhsili daha çox inkişaf etsin. 

- Siz nazir vəzifəsindən getdikdən sonra demək olar ki, ölkədə ən çox kadr islahatı aparılan sahə həmin post olub. Ötən müddət ərzində üç nazir dəyişib. Mikayıl Cabbarov, Ceyhun Bayramov və sonuncu nazir Emin Əmrullayev. Bu üç şəxsin fəaliyyətlərini necə qiymətləndirirsiniz? Siz uzun müddət bu sahəyə rəhbərlik etmisiniz, onlar sizinlə hər hansı məsləhətləşmələr aparıbmı?

- Adını çəkdiyiniz hər üç şəxsə bir azərbaycanlı kimi mənim böyük hörmətim var. Mikayıl Cabbarovu çox yaxşı tanıyıram. Mən universitet rektoru olanda o universitetin ən yaxşı tələbələrindən biri olub. Sonra mən təhsil naziri olanda onunla tez-tez görüşmüşəm. Şübhəsiz çox qabiliyyətli, müasir tələblərə cavab verən, müxtəlif dil bilgisi olan, ölkədə və xaricdə baş verənləri dərindən dərk edən çox yüksək səviyyəli bir şəxsdir. Ondan sonra nazir olan Ceyhun Bayramovu və ailəsini də çox yaxşı tanıyıram. Onun anası və atası çox yaxşı müəllimdir. Ziyalı nəsildəndir. Onunla da görüşüb danışmışam. Müəyyən fövqəladə hadisələrdə yenə də telefonla danışırıq. 

Sonuncu nazir Emin Əmrullayev isə təhsil sahəsindən gələn bir adamdır. Mən nazir təyin olunan kimi ona zəng etdim. Təbrik edib arzularımı və istəklərimi ona bildirdim. Çətin bir sahəyə rəhbər gəlib. Əminəm ki, dövlətimizin başçısının, ölkə ictimaiyyətinin diqqəti və qayğısı nəticəsində Emin Əmrullayev də təhsil sahəsində irəliyə doğru çox ciddi addımlar ata biləcək. Onunla keçən həftə ayaqüstü olan görüşümüzdə dedi ki, mənimlə hökmən görüşəcək. Çalışacaq ki, təhsil sahəsində olan problemlərin həllinə nail olsun.

- Nəzərə alaq ki, kadr dəyişiklikləri müzakirəsiz də ötüşmədi. Bildirildi ki, sonuncudan başqa, digər nazirlər təhsil sahəsindən gəlmədikləri üçün inkişafa nail olmaq mümkün olmadı. Bəlkə elə bu səbəbdəndir ki, adıçəkilən sahədə tez-tez kadr dəyişikliyi baş verdi. 

- Fikrimcə, təhsil nazirinin sırf təhsil işçisi olması hökm deyil. Əlbəttə, bəlkə olsa, daha yaxşı olar. Vacib odur ki, həmin şəxsin müasir tələblərə cavab verən idarəetmə bacarığı olsun. İrəliyə baxan adam olması ən vacib cəhətdir. Belə deyək, təhsil sahəsində olan problemləri tək təhsil naziri həll etmir ki. Nazirlik və sistem var. Təhsil naziri isə siyasəti həyata keçirməklə, dünyada gedən prosesləri dərindən öyrənməklə o istiqamətdə iş aparır. Mikayıl Cabbarovun, Ceyhun Bayramovun az işləyib getməsi məsələsinə gəlincə isə, cənab Prezident gördü ki, Mikayıl Cabbarov ölkədə iqtisadiyyatın inkişafına daha çox fayda verə bilər.

Onun gəlişindən sonra ölkədə iqtisadiyyat sahəsində irəliyə doğru müəyyən addımlar atılır. Ceyhun Bayramovla bağlı da dövlət başçısı gördü ki, onun çox ciddi digər qabiliyyətləri də var. Fikir verirsinizsə, o xarici işlər naziri təyin olunandan sonra xarici siyasətimizdə nə qədər ciddi irəliyə doğru dinamika müşahidə olunur. Təhsil sahəsini isə bu sahədə yetişmiş, nisbətən gənc olan Emin Əmrullayevə tapşırdı. Qəbahət və nöqsan axtarmaqdan daha çox o adamların hər birinə gücümüz daxilində dəstək verməliyik. 

- Siz də 15 il təhsil sahəsinə rəhbərlik etmisiniz. Vəzifədən azad olunmağınız necə oldu? Əvvəlcədən Prezidentin sizi vəzifədən çıxaracağı barədə məlumatınız var idi, yoxsa sərəncamı mətbuatdan oxudunuz?

- Mən 15 illik nazir fəaliyyətimin beş ilini ulu öndər Heydər Əliyevin, 10 ilini isə bugünkü Prezidentimiz, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işləmişəm. Sözün düzü, fikrim belədir ki, 15 il bir vəzifədə işləmək çoxdur. Ona görə də mən son illərdə özüm də vəzifədən getməyi istəyirdim, bu barədə dəfələrlə ölkə rəhbərliyinə müraciət etmişdim. Demişdim ki, mümkünsə ya başqa vəzifəyə, ya da təqaüdə gedim. Məni əvvəlcədən çağırdılar. Çox hörmətlə dedilər ki, Misir müəllim, sizin müraciətinizi Cənab Prezident nəzərə alıb. Sizi öz peşəniz üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna direktor vəzifəsinə göndəririk. Mən təşəkkürümü bildirdim və bir həftədən sonra bu instituta direktor təyin olundum. 9 ildir burada işləyirəm. Bu işə çox təbii baxıram və heç bir narahatlığım olmadı. 

- Maraqlıdır ki, siz özünüz vəzifədən getməklə bağlı müraciət etmisiniz. Amma uzun illər oturduğu kreslodan bərk yapışan məmurlar da var...

- Ola bilər, bu, hərənin öz işidir. Mənə gəlincə isə, fikrimcə, bir yerdə çox qalmaq düzgün deyil. Dünya təcrübəsində də görürsünüz ki, 5-10 ildən bir dəyişmə baş verir. Ona görə də bu prosesə təbii hal kimi baxmaq lazımdır. Təəssüf ki, bizim cəmiyyətdə bu məsələyə mənfi tərəfdən yanaşırlar. Görəsən, məmuru niyə çıxartdılar, nə edib və.s. İşləyən adamın işinə qiymət verilsə, daha yaxşı olar. Heç kəs təsadüfən nazir vəzifəsinə gəlmir. Vəzifədə olanlar da, vəzifədən çıxanlar da yaxşı olar ki, özləri-özlərinə hörmət eləsinlər. Vəzifədən gedəndən sonra da həmin hörməti hər yerdə görsünlər və bununla da fəxr etsinlər. 

- Ortada fəaliyyət varsa mütləq ki, tənqid edilməli məqamlar da olur. Siz də nazir olanda çox tənqid edilirdiz. Heç olubmu demisiniz ki, bu, haqsız tənqiddir?

- Məni çox tənqid edirdilər. Bu tənqidlərə həmişə loyal yanaşmışam. Telefonlarım həmişə açıq olub. Mən ondan narazı deyildim ki, məni tənqid edirlər. Jurnalistlərin böyük əksəriyyəti təəssüf ki, heç bir müsbət halı görmürdülər. Bir dəfə mətbuat konfransı keçirirdik. Bütün jurnalistlər başladılar məktəbdə pul yığmaqdan danışmağa, müəllimləri savadsızlıqda pislədilər. O qədər iddialı danışdılar ki, mən artıq dözə bilmədim, müdaxilə etdim.

Yaxşı bunları dediniz, Azərbaycanda 200 mindən artıq müəllim işləyir. Bu 200 minin içərisində 20 dənə qabiliyyətli adam yoxdurmu? Biriniz bu müəllim haqqında müsbət obraz yaradıb məqalə yazmısınızmı? Heç kim dinmədi. Mən bunun əleyhinəyəm. Bizim cəmiyyətimizin bu günə gəlib çatmasında, II Qarabağ müharibəsində ordumuzun qalib gəlməsində Azərbaycan məktəbinin və müəlliminin rolu danılmazdır. Yaxşı olar ki, işıq gələn tərəfə gedək. Mən istisna etmirəm ki, bu qədər müəllim içərisində müəllim adına yaraşmayan hərəkətlər edənlər də var. Ona görə də özümün tənqid olunmağından heç vaxt narahat olmamışam. Təhqir olunmağıma isə yeri gələndə cavab vermişəm. 

- O vaxt jurnalistlərin səsləndirdiyi məktəbdə pul yığmaq məsələləri elə bu gün də aktualdır. Səs yazıları yayılır, valideynlər narazılıq edir. Ona görə deyilir ki, təhsildə islahatlar kosmetik xarakter daşıyır. Bir evdən iki uşaq məktəbə gedirsə, bir sinifdə 20-30 şagird varsa, yığılan bu qədər pulun aqibəti necə olur?

- Dediyiniz məsələlərlə mən də tanışam. Hətta sübutlu şəkildə səs yazıları da təqdim olunur. Mən axı dedim ki, belələri də var. Amma açıq deyək ki, hamısı belə deyil axı. Bu məsələdə valideynlərin özünün də günahı var. Çox az məktəb rəhbəri olar ki, şagirddən zorla pul alsın. Ona artıq müəllim demək olmaz.  Hər kəs gərək öz haqqını tələb etməyi bacarsın. Təəssüf ki, bizdə valideynlərdə də bu meyil var, deyir ki, qoy nəsə edim, mənim uşağıma yaxşı baxsınlar. Bu Azərbaycanda yayılıb, mən bunu mənfi hal hesab edirəm. Ona görə də valideynlər öz haqqını tələb etməyi bilməlidir, kim səndən nə istəsə, onu etsən daha nə oldu?

- Hətta bu məsələni də qaldırırlar ki, yəqin direktordan da kimsə nəsə tələb edir...

- Mənə belə gəlir ki, heç bir nazir, heç bir təhsil şöbəsi müdiri direktordan pul tələb etməz. Hətta mən işləyən dövrdə də səmimi deyirəm ki, kimsə deyə bilməz ki, nazir məndən pul istədi. Nə olursa, bu, fərdi adamların özlərinin nöqsanıdır. Ona qarşı da mübarizə aparılır.

- Təhsilin keyfiyyəti məsələsinə toxunaq. Mən orta məktəbi sizin nazir olduğunuz dövrdə oxuyub bitirmişəm. Biz oxuduğumuz dövrdə dərsliklərin dili sadə və başadüşülən idi. Valideyn, əlavə müəllim hazırlığına ehtiyac olmadan verilən tapşırıqları dərk edirdik. İndi isə məktəbdə təhsil alan balacaların valideynləri belə tapşırığı anlamaqda çətinlik çəkir, azyaşlı uşaqlar bunu necə anlasın? Get-gedə təhsilin dili çətinləşdi.

- Mən təhsil naziri təyin olunanda biz milli dərslikləri hazırlamağa yenicə başlamışdıq. Ulu öndər Heydər Əliyevin tapşırıqlarına əsasən, qısa müddətdə bütün dərslikləri azərbaycanlılar tərəfindən hazırladıq və öz dilimizə çevirdik. İlk illərdə bizə də valideynlər tərəfindən dərsliklərin ağırlığı, həcminin böyüklüyü ilə bağlı çoxsaylı şikayətlər gəlirdi. Daha sonra dünya təcrübəsi ilə tanış olduq və məlum oldu ki, dünyada dərslikləri tender vasitəsilə çap edirlər. Bir dərslik elan olunur, proqramı Təhsil Nazirliyi hazırlayır. Artıq özəl nəşriyyatlar meydana gəldi. Kimin dərsliyi yaxşı idisə, onu təqdim edirdi. Yaradılmış komissiya tərəfindən seçilən dərsliklər çap olunurdu. Bu zaman aləm qarışdı bir-birinə. Hər imkanlı adamın özəl mətbəəsi meydana gəldi. Hamı istəyirdi ki, oradan gələn pulu özü əldə etsin. Bu, işimizi çətinləşdirdi. Hərə öz çap etdiyi kitabı yaxş hesab edirdi, Təhsil Nazirliyinin qiymətləndirmə komissiyasının rəyini düzgün hesab etmirdi. Müəyyən problemləri həll edə bildik. 

Heç mən özüm də deyə bilmərəm ki, işlədiyim dövrdə dərsliklər bütün tələbləri ödəyirdi. Hazırda bizim institutun bir neçə əməkdaşı dərsliklərin yazılması və qiymətləndirilməsi prosesində iştirak edir. Onların verdiyi məlumata görə, ilbəil riyaziyyat dərsliklərin keyfiyyəti yaxşılaşır və təkmilləşir. Ancaq şəxsi fikrim belədir ki, dərsliklər nə qədər sadə və oxunaqlı olsa, daha yaxşı olar. Siz dediyiniz kimi, əgər o dərsliyin mənasını hər bir valideyn dərk edə bilmirsə, o zaman ciddi problemlər çıxacaq. Ona görə də gələcəkdə dərsliklər çap edilən zaman bu məqamlar xüsusi nəzərə alınsın. Əgər bir valideyn ikinci sinifdə oxuyan balasının dərsini başa düşə bilmirsə, yəqin ki, bu dərslik heç kimə lazım deyil. Elə dərslik hazırlamaq da olmaz ki, 10 milyon əhalinin marağına cavab versin. Ona görə də demək olmaz ki, nazirlik, nazir hara baxır və.s. Əvvəla, nazir və yaxud nazirlik kitab yazmır. Kitabı yazan müəlliflər var. Nazirlik sadəcə o işə rəhbərlik edir. 

- Bu vəziyyət həm də valideynlərin büdcəsi üçün də çətinlik yaradır. Uşaqların demək olar ki, hamısı ilk siniflərdən hazırlığa gedir...

- Bizim cəmiyyətdə hər bir valideyn istəyir ki, uşağı daha mükəmməl oxusun. Bu, müsbət haldır. Digər tərəfdən sual olunur: Bir halda ki, dövlətin məktəbi var və hər şeyi verirsə, hazırlığa niyə getsin? Deyim ki, bu hallar keçmişdə çox az idi. Ancaq son 20-30 il ərzində getdikcə artmaqda davam edir. Burada əsas səbəb qiymətləndirmə ilə məzmunun arasında olan fərqlərdir. Əsas bu istiqamətdə iş görmək lazımdır. 

- Prezident müxtəlif vaxtlarda hökumətin iclasını çağırır. İclaslarda bir neçə dəfə olub ki, məmurların fəaliyyətini tənqid edib. Sizi vaxtilə ən çox hansı məsələdə tənqid edib?

- Əlbəttə, mənə də o qədər iradlar edilib ki. İlk irad Ulu Öndər tərəfindən dərsliklər, məktəblərin maddi-texniki bazası, müəllimlərin qiymətləndirilməsi və.s məsələlərlə bağlı olub. O iradların hamısı düzgün olub. Mən də hazırlaşıb o iradlara cavab verməyə çalışmışam. Onun nəticəsində mənim işlədiyim dövrdə 16 inkişafyönümlü dövlət proqramı hazırlandı. Biz də bu işə cavabdeh olan adamlar yığışaraq bütün məsələləri müzakirə edirdik. 

- İndiyə kimi hələ də unutmadığınız, xatırladığınız irad hansıdır?

- 2000- ci ilin sentyabrın 1-i idi. Ulu Öndər 82 nömrəli məktəbə gəlmişdi. O zaman məktəblərin vəziyyəti indikindən çox aşağı idi. Biz o zaman çalışırdıq ki, Prezident yaxşı məktəbə getsin. Orada dərsliklərlə bağlı mənə və təhsili idarə edənlərə çox ciddi iradlar bildirdi. Biz o zaman Təhsil Nazirliyində yığışıb dərsliklər və onların hazırlayan müəlliflərlə bağlı ciddi qərarlar qəbul etdik. 2-3 gün ərzində iradları düzəldə bildik. Növbəti illərdə həmin dərslikləri Ulu Öndərə təqdim edəndə razı qaldı. 

- Ölkədə son illərdə bir sıra sahələrdə kadr islahatları həyata keçirilib. Nə qədər məmur vəzifədən azad olunaraq yeniləri ilə əvəzlənib. Siz də prosesləri izləyirsiniz yəqin. Kadr dəyişiklikləri nə dərəcədə effektivdir?

- Adi bir vətəndaş kimi, bu suala cavab olaraq deyə bilərəm ki, son illərdə Azərbaycan hakimiyyətində çox ciddi yeniləşmə baş verib. Köhnə adamlardan demək olar ki, barmaqla sayılan adamlar qalıb. Gələn adamların hər biri ilk növbədə yaşca cavandır. İkincisi, onların demək olar ki, hamısı Amerika, Avropa təhsili görmüş adamdır. Ola bilsin, deyilsin ki, hamısı olduqları sahədə mütəxəssis deyil. Mənə elə gəlir ki, bir adamın dəyişməsi ilə o sahəni idarə edən adamların hamısı dəyişmir. Mən 15 il nazir işlədiyim dövrdə demək olar ki, aparatdan heç kimi dəyişmədim. Kimsə yaşa görə təqaüdə getdi. Hesab edirəm ki, bu təyinatlar öz effektini verəcək. Hər halda gözləmək lazımdır və müəyyən zaman keçməlidir. Kənardan baxana döyüş asan gəlir. 

- Siz ciddi məsələyə toxundunuz, deputatlar da zamanla irad bildirir ki, hər yeni gələn nazir öz komandasını gətirir,  köhnələri isə işdən çıxarırlar...

- Mən bu məsələyə çox mənfi baxıram. Hər bir şəxsə Azərbaycan vətəndaşı, xalqın yetirdiyi şəxs kimi baxmalısan. Heç kəsi əsassız olaraq tutduğu vəzifədən azad etmək olmaz. Kimsə müəyyən edilən xətt üzrə işləyirsə, sən onu işdən azad etməklə nə qazanacaqsan?! Nazirliyin aparatının işçiləri öz sahələrində işləməlidirlər. Elə adamlar var ki, onlara qəti toxunmaq olmaz. Nazir siyasəti həyata keçirir. Onun müəyyənləşdirdiyi siyasəti həyata keçirən məmurlar var.  O yerə qohumlarını qoymaqla onu idarə edə bilməzsən ki...

- Bəzi məmurlar da Prezident tərəfindən yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Onlar içərisində rüşvət alanlar, dövlət vəsaitini mənimsəyənlər və buna görə həbsə girənlər də var. Bəs siz necə nazir işləyəndə rüşvət almısınız?

- Mən və mənim böyüdüyüm ailədə rüşvətə həmişə pis baxılıb. Heç kəs, heç bir zaman deyə bilməz ki, mən Misir Mərdanova filan vaxtı, filan şey vermişəm. Ona görə dünən də, bu gün də sabah da küçədə, mağazada, bazarda da hər işimi şəxsən özüm görmüşəm. İnsanların gözünün içinə düz baxmışam. Mənim əməyimi dövlətin başçıları da qiymətləndirib və o qiymətə layiq olmağa çalışmışam. 76 yaşa çatmışam. Uşaqlarım böyükdür, hərəsinin öz ailəsi var. Yüksək pensiya alıram. İnstitutda direktor işləyirəm. Aldığım məvacib və pensiya həyat yoldaşımla birgə bizə artıqlaması ilə bəs edir. Nə ehtiyac var ki, kiminsə yanında gözükölgəli olum?! Mən instituta gələndən burada keçmişdə olan neqativ halların qarşısını da almışam. Bir adam gəlib deyə bilməz ki, Misir müəllim bura gələndən sonra hansısa mənfi hal baş verib. Heç bir zaman var-dövlətlə öyünməmişəm. Var-dövlətlə öyünən adamlara pis baxmışam. 

- Bazardan, mağazadan söz düşmüşkən, bazarlığı özünüz edirsiniz? Marketlərdə bahalaşmanı hiss edirsiniz?

- Səmimi deyim ki, bahalaşmanı hiss etmirəm. Gedirəm nə alıramsa, torbalara qoyurlar, qiymətini çekə yazırlar, pulunu hesablayırlar, mən də verirəm. Bəlkə də bahalaşma var e, demirəm ki, yoxdur. Bəlkə də aldığım məvacib yüksəkdir deyə, mən bahalaşmanı hiss etmirəm. Eşidirəm ki, camaat deyir, hər şey bahalaşır. Ancaq öz üzərimdə açığını deyim ki, hiss etmirəm.

- Akademiyaya sabiq PA rəhbəri Ramiz Mehdiyevin gəlməsindən sonra nə dəyişdi? AMEA-da apardığı islahatlar sizi qane edirmi?

- Ümumi deyə bilərəm ki, mən burada 9 ildir işləyirəm. Ramiz Mehdiyev də iki ildir ki, AMEA-ya rəhbər gətirilib. Rəsmi münasibətlərimiz var. Çağıranda iclaslara gedirəm. Söz veriləndə sözümü deyirəm. Bizim işimiz nəzəri işdir. Ciddi laboratoriyamız, avadanlıqlarımız yoxdur. Kompüterdir, kitablardır, təbaşirdir. Son illərdə çox böyük uğurlara imza atmışıq. Məqalələrimiz, kitablarımız çap olunub. Akademiyanın rəhbərliyi ilə institut arasında elə bir ciddi problem yoxdur.

- AMEA-ya yeni prezident seçilən vaxt jurnalist olaraq Rəyasət Heyətinin iclasının başa çatmasını gözləyirdik. Müşahidələrimə əsasən, deyə bilərəm ki, alimlər zalı tərk edəndə çox da xoş olmayan vəziyyəti müşahidə etdik. Demək olar ki, hər bir alimi qolundan tutub binadan çıxaran şəxs var idi, çox yaşlı idilər. Bəzən elə buna görə də deyirlər ki, bizdə elmin inkişafı yoxdur...

- Əlbəttə, akademiyaya gənclərin gəlişi çox azdır. Bizim instituta hər il doktoranturaya və magistraturaya adamlar cəlb olunur. Get-gedə say azalır. Gələnlərin əksəriyyəti qızlardır. Qızlar da ailə qurur, sonra övlad dünyaya gələndə ayrılmalı olurlar. Bu baxımdan vəziyyətimiz ürəkaçan deyil. Səbəb də bundan ibarətdir ki, akademiyada çalışan insanların maaşı çox aşağıdır. Burada çalışmaqla ailə dolandırmaq qeyri-mümkündür. Ali məktəblərdə akademiyadan ən azı iki dəfə artıq əməkhaqqı alırlar. İndi akademiyada da, respublikada da çalışırlar ki, bunun yolunu tapsınlar. Ona görə də akademiyanın professorlarının böyük əksəriyyəti yaşlı adamdırlar. Bu da elmi inkişaf etdirməyə maneə törədən amillərdəndir və məsələnin həlli tapılmalıdır. 

- İnstitut rəhbəri kimi iclasda müstəqil söz demək imkanlarınız, fikirlərinizin dəstəklənməsi, nəyəsə etiraz etmək məsələləri rəhbərlik tərəfindən necə qarşılanır?

- İclaslarda demək olar ki, institut direktorları iştirak etmir. İldə bir və ya iki dəfə iştirak edirik. Özümün rəhbərlik etdiyim institutla bağlı deyə bilərəm ki, bizdə elə bir problem yoxdur. İşimizə ciddi qarışan da yoxdur. Təsdiq olunmuş plan əsasında işimizi həyata keçiririk. 

- Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə “Zəfərə aparan yol” adlı kitab yazmısınız. Kitabda nələrdən bəhs etmisiniz?

- II Qarabağ savaşında qələbə qazanandan sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də çox sevindim. Sözün əsl mənasında əvvəllər inanmadığımız hadisə baş verdi. 30 ilə yaxın bir müddətdə erməni vandalları tərəfindən zəbt olunmuş torpaqlarımız 44 gün ərzində Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə azad olundu. Hamımız buna sevindik. Torpaqlar təkcə azad olmadı, azad olunmuş torpaqlarda tez bir zamanda quruculuq işləri başlandı. Bu hadisələr zamanı qardaş Türkiyə ilə əlaqələrimiz daha da sıxlaşdı. Cənab Prezident dəfələrlə azad olunmuş bölgələrə getdi. 

İndi mənim 75 yaşım var, nə edəsiyəm, gedib orduda döyüşəsi deyiləm ki?! Mən də fikirləşdim ki, bir Azərbaycan vətəndaşı və alimi kimi öz sözümü deməliyəm. Qərara gəldim ki, kitab yazam. "Zəfərə aparan yol" adlı kitab yazdım. Kitabı bir il ərzində arxiv materialları, kitablardan materiallar toplamaqla hazırladığım materiallar 1000 ədəddən çox nüsxədə çap etdirmişəm. Kitabda Prezidentin məktəb illəri, onun ailə məktəbi, ali məktəbdə oxuması, Heydər Əliyev məktəbi və Prezident İlham Əliyev məktəbi adlı fəsillər var. Hər fəsildə indiyə kimi kitablarda dərc olunmayan məsələlər əksini tapıb.

Məsələn, bəlkə də çox adam bilmir ki, İlham Əliyev orta məktəbə 5 yaşından gedib. Onu məktəbə götürmək istəməyiblər, çünki o zaman 6-7 yaşından məktəbə gedirdilər. Onda deyiblər ki, hazırlığa getsin, sonra davam edər. Müəllimləri xatirələrində yazıblar ki, bu uşaq tez bir zamanda özündən yaşca böyük olan uşaqları keçdi və oxumağa davam etdi. Moskvada univerisitetdə oxuduğu vaxtlarda tələbə yoldaşları ilə və orta məktəbdə sinif yoldaşları ilə birgə çəkdirdiyi şəkillər kitabda əks olunub.

Elə şəkillər var ki, ilk dəfədir bu kitabda yer alır. Sonra ailə məktəbindən bəhs edilir. Bəlkə də çox adam bilmir ki, Prezidentin ulu babaları Comərd kişi (o zaman Alagöz Məmməd) deyirlərmiş, Qarabağ xanının müdafiə naziri vəzifəsinə kimi yüksələn adamlar olub. Onlar hərbi xidmətlərini başa vurduqdan sonra Qarabağ xanı müraciət edir ki, siz harada yaşamaq istəyirsiniz? Comərd kişi deyir ki, filan ərazidə. Comərd kəndinin adı da oradan yaranıb. O zaman qayda belə imiş ki, hərbi xidmətdən pensiyaya gedən adamlara torpaq sahəsi verirlərmiş. Cənab Prezidentin ən yaxın qohumları 1-ci Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanları olub. Onların da ad və soyadları bu kitabda yazılıb.

Kitabda Heydər Əliyev məktəbindən çox geniş söz açılıb. Ulu öndər Azərbaycan xalqı üçün çox böyük işlər görüb. Ancaq biri haqqında nədənsə çox danışılmır. Mən 1964-cü ildə Bakıda universitetin birinci kursunda Azərbaycan bölməsində oxuyurdum. Bakı şəhərinin əhalisinin 33 faizi azərbaycanlı idi. Biz azərbaycanca danışanda ətrafımızdakılar elə hərəkət edirdi ki, biz utanırdıq. Hamı rusca danışmalı idi. SSRİ-nin mərkəzində belə bir söhbət gedirdi ki, Bakı şəhərinin əhalisinin əksəriyyəti başqa millətdir. Bakını və ondan şimalı gəlin SSRİ-nin tabeliyinə verək. Heydər Əliyev qısa müddətdə təxminən 5-6 ilin ərzində bu rəqəmi 70 faizə qaldırdı. 

Günel Türksoy

Foto-Video: Pərvin Zeynal

Xəbər lenti