Logo

LDU-da Elmi Şuranın son iclası keçirilib

22.12.2021 16:56 847 baxış
IMG

21 dekabr 2021–ci il tarixində Lənkəran Dövlət Universitetində(LDU) fəaliyyət göstərən Elmi Şuranın son iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru, professor Natiq İbrahimov şura üzvlərini salamlayaraq iclasın gündəliyində duran məsələlərlə tanış edib. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl ölkədə təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya, təhsil işçilərinin, tələbə-magistrant, doktorantların əmək haqqlarının, təqaüdlərinin artımına və anadan olmasının 60 illik yubileyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevə təbrik məktubunun ünvanlanması yekdilliklə qərara alınıb.

Tehsil.biz-in xəbərinə görə, professor Natiq İbrahimov şuranın son iclasında 1il müddətində LDU-da görülən işlər, aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi istiqamətində atılan addımlar barədə qısa məlumat verərək qarşıdakı hədəflərdən danışıb.

Elmi Şurada müzakirəyə çıxarılan ilk məsələ “Payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti.II kollokviumların gedişi” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. İdrak Əsgərov məlumat verib. Bildirib ki, payız semestrinin imtahan sessiyası əyani formada təşkil olunacaq və sessiyaya hazırlığın vəziyyəti qənaətbəxşdir. Əyani təhsilalma forması üzrə imtahanlar 06.01.2022-ci il tarixində başlayıb 01.02.2022-ci il tarixində , qiyabi təhsilalma forması üzrə birinci-dördüncü tədris ili qruplarında imtahanlar isə 6.01.2022-ci il tarixində başlayıb 14.01.2022-ci il tarixində,beşinci tədris ili qruplarında isə 26.01.2022-ci il tarixində başlayıb 29.01.2022-ci il tarixində bitəcəkdir. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah yaradılmışdır. Hər il olduğu kimi bu ildə imtahan nəticələri universitetin rəsmi saytında İKT mərkəzi tərəfindən yerləşdiriləcəkdir. İdrak Əsgərov fakültə dekanlarını və kafedra müdirlərini qarşıdakı imtahan sessiyasında daha məsuliyyətli olmağa, üzərlərinə düşən vəzifələri operativ yerinə yetirməyə çağırıb. Məruzəçinin pandemiya şəraiti nəzərə alınaraq davamiyyət faizinin 20% dən 25% - ə qaldırılması təklifi şura üzvləri tərəfindən dəstəklənib və qəbul edilib.

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” haqqında kollecin direktoru, dos. Ruslan Həmidovun məlumatı dinlənilib. Məruzədə bildirilib ki, kollecdə payız semestrinin imtahan sessiyası əyani formada təşkil olunacaq və koronavirus infeksiyasının (COVİD-19)profilaktikasına dair metodiki göstərişlərə əməl olunacaq. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədilə Operativ qərərgah və Apellyasiya Komissiyası yaradılıb.R.Həmidov qarşıdakı imtahan sessiyasına hazıqlıq işlərinin tamamlanmaq üzrə olduğunu deyib.

Elmi Şurada “Universitetdə keçiriləcək Elmi Konfransa hazırlığın vəziyyəti” də müzakirə edilib. Bu barədə Elm və innovasiya məsələləri üzrə prorektor, dos. Elvin Əliyev məlumat verib. Bildirib ki, qarşıdakı elmi konfransda LDU-nun müəllim və doktorantları ilə yanaşı, ölkəmizin və Türkiyə Respublikasının professor-müəllim heyəti də qatılıb və ümumilikdə konfransa 200-dək tezis daxil olub.

Sosial məsələlər üzrə prorektor, dos. Kamran Kazımov “Cari ildə Universitetdə sosial sahədə görülən işlər haqqında” hesabat verib. Hesabatda bildirilib ki, LDU-da ötən il ərzində bütün dövlət bayramları, ələmətdar günlər, milli bayramlar müəllim və tələbələrin iştirakı ilə qeyd edilib, bu münasibətlə tədbirlər keçirilib. Kamran Kazımov universitetdə keçirilmiş maarifləndirici tədbirlər barədə də danışıb. Qeyd edib ki, LDU-nun tələbələri universitetdən kənarda keçirilmiş ümumrespublika tədbirlərində də fəal iştirak ediblər.

“Universitetin 2022-2030-cu illər üçün Strateji İnkişaf Planı”nı da Elmi Şuranın son iclasında müzakirə olunub. Bu barədə rektorun strateji inkişaf üzrə müşaviri, professor Telman İmanov məlumat verib. Bildirib ki, 2022 – 2030 - cu illəri əhatə edən yeni inkişaf strategiyası daxili və xarici çağrışlara cavab olaraq universitetin bütün faəliyyət istiqamətləri (təhsil proqramları, tələbələrin, professor - müəllim heyətinin, məzunların, elmi - tədqiqat işlərinin, maliyyə - iqtisadi idarəetmənin, tədris metodiki işlərin, infrastrukturun və informasiya - texniki bazanın keyfiyyətinin yaxşılaşdırılması, kommunikasiya və sosial - tərbiyə siyasəti) üzrə innovasiya yönümlü dayanıqlı sistemin formalaşmasına xidmət göstərir. LDU-nun təhsil xidmətləri bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə istiqamətlənən zəruri islahatlar, dəyişikliklər məhz ali tədris müəssisəsinin strateji inkişaf planının reallaşması nəticəsində konkret nailiyyətlərin əldə edilməsinə imkan yaradacaq.

Elmi Şuranın son iclasında Beynəlxalq əməkdaşlıq şöbəsinin illik hesabatını şöbənin müdiri, dos. Zaur Məmmədov təqdim edib. Bildirib ki, 31 mart 2021-ci il tarixində Lənkəran Dövlət Universiteti ilə Belarusun Baranoviç Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi sənədlər dövriyyəsi vasitəsilə (onlayn), 27 aprel 2021-ci il tarixində Meksikanın Anahuac Universiteti, 4 oktyabr 2021-ci il tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyi arasında Anlaşma Memorandumları imzalanıb. Eyni zamanda, 15 oktyabr 2021-cil il tarixində Lənkəran Dövlət Universiteti ilə Mingəçevir Dövlət Universiteti , 25 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında Anlaşma Memorandumları,10 dekabr 2021-ci il tarixində Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.Zaur Məmmədov Türkiyə universitetləri ilə birgə keçirilən dərslərdən, LDU-nun iştirakçısı olduğu beynəlxalq layihələrdən, birgə keçirilmiş beynəlxalq elmi-praktik konfranslardan şura üzvlərinə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Elmi Şurada digər cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

İclası yekunlaşdıran professor Natiq İbrahimov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2022 ci il münasibətilə şura üzvlərini təbrik edərək xoş arzularını bildirib.

Xəbər lenti