Dekabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorluğunda universitetin ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yaqut Rzayeva ilə yolasalma mərasimi təşkil edilib.
Toplantıda rektor professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, ümumi işlər üzrə prorektor Tural Cəlilov, rektorun müşaviri Ümid Mehdiyev, İbtidai təhsil fakültəsinin dekanı professor Fərrux Rüstəmov, universitet Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, rektorun köməkçisi Riyad Rüstəmli iştirak edib.
Rektor prof. C.Cəfərov bildirib ki, Yaqut Rzayeva 40 ildən artıq bir müddətdə ADPU-da zəngin və məhsuldar elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, Rusiya- Azərbaycan elmi-pedaqoji əlaqələrinin inkişafında özünəməxsus rol oynamışdır. Ona gələcək həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Digər toplantı iştirakçıları da dos. Y.Rzayeva haqqında xoş təəssüratlarını bölüşərək onun universitetdəki elmi-pedaqoji yaradıcılığından söz açmış, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar.
Qeyd edək ki, dos. Y.Rzayeva 1978-ci ildən ADPİ-dən məzun olduqdan sonra təyinatla institutda saxlanılmış və ötən 40 il ərzində bir çox vəzifələrdə çalışmışdır. Alim ADPU-da, əsasən, ibtidai siniflərdə təlim prosesinin təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparmışdır. 10 elmi əsərin müəllifi olan dos. Y.Rzayeva uzun illər ərzində universitetdə pedaqogika, ibtidai təhsilin pedaqogikası, müəllimlik ixtisasına giriş, texnologiya və onun tədrisi metodikası (SABAH qrupları) və tərbiyə işinin metodikası fənlərini tədris eləmişdir.