Gülşən Hacıbalayeva Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2019-cu il məzunudur.
Məzun olduqdan sonra iki il “SOCAR Türkiyə” şirkətində mühəndis vəzifəsində çalışıb. Hazırda ABŞ-nin nüfuzlu “Honeywell” şirkətində layihə mühəndisi vəzifəsində və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası layihəsində çalışır.
BANM-i yaradılmasının 10 illiyi münasibətilə təbrik edən uğurlu məzun təəssüratlarını bölüşüb: “Hörmətli rektorumuz başda olmaqla, professor-müəllim heyətini, bütün əməkdaşları, tələbə və məzunları ürəkdən təbrik edirəm. Ümid edirəm ki, növbəti yubileyimizdə dünyanın ən reytinqli ali məktəbləri sırasında olacağıq. BANM-ə qəbul olunmaq həm təhsilim, həm də karyeram üçün həyatımda verdiyim ən doğru qərarlardan biridir”.
Gülşən Hacıbalayevanın fikrincə, uğurlu məzun olmaq üçün təhsillə yanaşı, şəxsi inkişafa da zaman ayırmaq vacibdir. BANM tələbələrə yüksək təhsillə yanaşı, onlarda bir çox bacarıqların inkişaf etdirilməsinə imkan və şərait yaradır: “Peşəkar müəllimlərdən aldığım yüksək səviyyəli təhsil, yerli və qlobal şirkətlərdə keçdiyim təcrübə imkanı, sosial xarakterli tədbirlərə qatılmaq, gözəl dostluqlar qurmaq mənim bir tələbə kimi şəxsi inkisafım baxımından ən böyük şanslarımdan biridir. BANM mənə keyfiyyətli təhsillə yanaşı, ilkin karyera təcrübəsi, peşə etikası, sektordakı şirkətlərlə əlaqə yaratma şansı verdi. BANM-də oxumağın ən üstün cəhətlərindən biri də şəxsi inkişafa önəm verilməsidir. Burada aldığımız təhsil və təcrübələr sayəsində iş mühitinə asanlıqla adaptasiya ola bilirik. BANM tələbələri dünyanın aparıcı, nüfuzlu universitet məzunları ilə rəqabət apara bilir. Hətta Türkiyədə olan rəhbər mühəndislərdən “BANM tələbə deyil, hazır kadr yetişdirir” rəyini tez-tez eşidirik”.