Dekabrın 23-də Azərbaycan Dillər Universitetində (ADU) Prezident, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi işlər üzrə prorektor professor Novruz Məmmədov konfransın əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və beynəlxalq aləmdə olan nüfuzu bu gün bizi daha güclü, daha xoşbəxt və daha parlaq gələcəyə doğru aparır. 44 günlük Vətən müharibəsi bu baxımdan ən böyük, ən yaddaqalan tarixi hadisələrdən biridir.
Bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdulla bu konfransın həyata keçirilməsi istiqamətində xüsusi tapşırıqlar verib. Ölkənin müxtəlif ali təhsil müəssisələrindən, həmçinin orta məktəblərdən olan nümayəndələrin konfransda iştirakının önəmli bir məsələ olduğu vurğulanıb.
ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin üzvü Tamam Cəfərova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən biri də məhz İlham Əliyev kimi xalqını, vətənini işıqlı sabahlara aparan, layiqli bir varisi yetişdirməsi olub. “Bu gün biz xoşbəxt xalqıq. Xoşbəxt xalqıq ki, bizim Prezident İlham Əliyev kimi rəhbərimiz, Ali Baş Komandanımız var. Onun 44 günlük Vətən müharibəsindəki sərkərdəliyi, bacarığı, cəsarəti və qətiyyəti sayəsində bu gün torpaqlarımız işğaldan azad olunub, bu gün Qarabağa böyük qayıdış var. Biz hər zaman inanırdıq ki, o torpaqlara qayıdacağıq və qayıtdıq”, - deyə prorektor əlavə edib.
Təhsil-1 fakültəsinin dekanı professor Fikrət Cahangirov konfransın aktuallığından danışıb. Qeyd olunub ki, konfrans öz işini yüksək səviyyədə hazırlayıb, ölkənin bir sıra ali təhsil ocaqları bu işdə fəal rol oynayıb. “Bu gün təhsil sahəsi dövlətin diqqət mərkəzindədir. Təhsilə olan qayğı bütün ölkə üzrə hiss olunmaqdadır. Ali Baş Komandan İlham Əliyevin həm beynəlxalq nüfuzu, həm ölkədə yürütdüyü uğurlu siyasəti hər birimizi sevindirir. Qalib bir xalqın nümayəndələri kimi biz də Prezidentin ətrafında daha sıx birləşməli, ona dövlətçilik naminə görülən işlərdə daha çox dəstək olmalıyıq. Bu gün keçirilən konfrans da məhz bu qəbildəndir. Konfrans elmi aspektdən əhəmiyyətli mövzu üzərində qurulub və elmi əlaqələrin inkişafı baxımından da önəmli əhəmiyyət daşıyır”, - deyə dekan bildirib.
Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev konfrans iştirakçılarını bir arada görməkdən məmnun olduğunu bildirib, rektor Kamal Abdullaya konfransın təşkilatçılığında göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. Azərbaycanın tarixi qələbəsindən danışan Zamin Həziyev əldə olunan qələbənin bütün Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsindən və ona olan inamdan irəli gəldiyini söyləyib.
UFAZ-ın direktoru Vazeh Əsgərov konfransın önəmli bir mövzuya həsr olunduğunu deyib, bu istiqamətdə aparılacaq işlərin vacibliyindən danışıb. O, Azərbaycanın əldə etdiyi Qələbənin tarixi bir uğur olduğunu və bundan sonra da Azərbaycanın uğurlarının davamlı olacağını bildirib.
Konfrans bölmə iclasları ilə yekunlaşıb.