Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin anadan olmasının 116 illiyinə həsr olunmuş “Elm və əyləncə 4” adlı tədbir keçirib.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Kimya fakültəsinin dekan vəzifəsini icra edən Fuad Kərimli böyük alim Yusif Məmmədəliyevin elmə verdiyi töhfələrdən danışıb.
Sonra “Yusif Məmmədəliyev və onun Azərbaycanın neft sənayesində rolu” mövzusunda məruzə dinlənilib.
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli “Fil dişi”, III kurs tələbəsi İsa İsayev “Sehrli çubuq”, III kurs tələbəsi Sevda Həsənova “Soyuq alov”, II kurs tələbəsi İlqar Hüseynov “Yanardağ”, III kurs tələbəsi Zenfira Hüseynova “Qızıl yağışı” reaksiyalarını nümayiş etdiriblər.