Məhərrəm Zülfüqarlı: “Rusiya bu addımı atmaqla görüntü yaradır”
Ermənistanın Rusiya Federasiyasındakı səfirliyi və Rusiya XİN-in nəzdindəki Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vardan Toqanyan və MDBMİ-nin tədris işləri üzrə prorektoru Andrey Baykov imzalayıblar.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
İmzalanan sazişdə erməni dili ilə bağlı bir sıra məsələlər öz əksini tapıb: “Müqavilə Rusiya universitetində erməni dilinin tədrisi prosesinin həyata keçirilməsini, ermənişünaslıq sahəsində platformanın yaradılmasını, həmçinin Ermənistan universitetləri ilə MDBMİ arasında əməkdaşlığın təşviqini nəzərdə tutur”.
Rusiya tərəfinin erməni dilinin tədrisinə belə maraq göstərməsi təəccüb doğurur. Ən azından ona görə ki, Ermənistanda rusdilli məktəblərin əksəriyyəti bağlanıb və rus dilinə ögey münasibət indidə davam edir. Belə olan halda erməni dilinə Rusiyada belə önəm verilməsi nə dərəcədə məntiqlidir? Erməni dilinin tədrisi Rusiya kimi böyük ölkədə kimə lazımdır?
“Bu kimi addımlar Ermənistanda rus dilinə marağın artmasına gətirib çıxarmayacaq”
Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı Rusiyanın bu addımını bir sıra amillərlə əlaqələndirdi: “Sovet dönəmindən başlayaraq bir sıra respublikalardan, o cümlədən Qafqazdan Moskvaya və Rusiyanın digər şəhərlərinə oxumağa tələbələr gedirdi. İndi isə tamamilə başqa situasiyadır. Uzun müddətdir Rusiya ilə Ermənistan arasında soyuq münasibətlər hökm sürür. Xüsusən Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu özünü daha çox göstərməyə başladı. Ona görə də Rusiya təhsil sahəsində bu cür əməkdaşlıq etməklə, guya bununla ermənilərin rəğmətini qazanmaq istəyir. Halbuki, bunların elə bir effekti olmayacaq. Nə Ermənistanda rus dilinə maraq artan deyil, nə də Moskvaya yönəlik siyasətin güclənməsi mümkün deyil. Çünki ermənilərin neçə müddətdir məhz Qərbdən mədət ummaları ortadadır. Başqa bir tərəfdən, hamı bilir ki, Rusiyada ermənişunaslığın geniş öyrənilməsinə ehtiyac yoxdur. Rusiyada şərqşünaslıq fakültələri var. Orada ərəb, fars, türk dili öyrədilir. Erməni dilinin isə öyrənilməsinə heç bir ehtiyac yoxdur. Ona görə ki, erməni dili dünyada geniş yayılan dil deyil. Çünki sayları çox azdır. Bu dili yalnız səfirliklərdə çalışan diplomatların öyrənməsinə ehtiyac var. Erməni dili Ermənistandan kənarda işlənmir. Ancaq bundan fərqli olaraq türk dili geniş miqyasda işlənir. Ona görə ki, türklərin sayı çoxdur, yaşadıqları ərazilər genişdir. Bir neçə ölkədə türk dili işlənir. Sadəcə olaraq Rusiya bu addımı atmaqla görüntü yaradır. Guya forpost Ermənistanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq genişləndirilir”.
Professor onu da qeyd etdi ki, bu kimi addımlar Ermənistanda rus dilinə marağın artmasına gətirib çıxarmayacaq. (Bakixeber.com)