Logo

Polşada İT üzrə çalışan azərbaycanlı mütəxəssis Avropada təhsil almaq istəyən soydaşlarımıza SƏSLƏNDİ

25.12.2021 09:19 1018 baxış
IMG

 "Elmi sahədə fəaliyyət mənimçün ən azı peşəkar karyeram qədər önəmlidir”

“Kaspi” qəzetinə müsahibə verən Polşada İT üzrə treninq sahəsində fəaliyyət göstərən “Advised Skills” şirkətində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq çalışan azərbaycanlı gənc Elnur Nəbivi belə deyib.

"Demokratik ailədə doğulmuşam. Valideynlərim heç vaxt öz istəklərini diktə etməyiblər. Seçimlərimə həmişə hörmət ediblər və mənə uşaqlıqdan qərarlarımı özüm almalı olduğum öyrədilib. Hər qərarımda da məni dəstəkləyiblər. Bu baxımdan hesab edirəm ki, şanslı ailədə doğulmuşam” – deyir. Bu gün öz inkişafında valideynlərinin rolunun əvəzolunmaz olduğunu düşünür. Söhbət Polşada İT üzrə treninq sahəsində fəaliyyət göstərən "Advised Skills” şirkətində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq çalışan azərbaycanlı gənc Elnur Nəbividən gedir. Elnur həm də Polşanın Varşava Universitetinin doktorantura tələbəsidir. Qeyd edək ki, Elnur Nəbivi 1995-ci ildə Mingəçevirdə anadan olub. Türkiyənin Qazi Universitetində biznesin idarə edilməsi üzrə bakalavr, marketinq üzrə isə magistr təhsili alıb.

- Elnur bəy, Azərbaycanda ödənişsiz bakalavr təhsili qazansanız da, imtina edib Türkiyəyə təhsil üçün getmisiniz. Söhbətə elə bu seçimin səbəbləri ilə başlayaq.

- Xaricdə reytinqli universitetlərin birində oxumaq uşaqlıqdan arzum olub. Amma o vaxt Avropaya getmək həm maddi, həm də dil baxımından mənim üçün çətin idi. Türkiyəyə isə Avropa ilə müqayisədə bir az rahat idi. Həm də Mingəçevir Türk liseyində oxuduğum üçün Türkiyə universitetlərinin qəbul şərtlərinə bələd idim. Universiteti Türkiyədə oxumaq istəyirdim. Alternativ olaraq hər abituriyent kimi mən də Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanına hazırlaşdım və İqtisad Universitetinin dünya iqtisadiyyatı ixtisasına dövlət sifarişi ilə qəbul oldum. Türkiyədə müraciət etdiyim universitetin cavabı gec çıxdığı üçün İqtisad Universitetində qeydiyyatdan keçib dərslərə başladım. Qazi Universitetindən qəbul cavabını aldıqdan sonra isə sənədlərimi götürüb Ankaraya yollandım.

- Bakalavr təhsili dövründə alınan təhsillə yanaşı, bu dövrü necə keçirmək də önəmlidir. Tələbəlik illərini necə keçirdiniz?

- Universitetlər mənə görə yalnız ixtisas öyrənmək yeri deyil, həm də universitetdə olan digər imkanlardan yararlanmaq lazımdır. Bəzən universitetlərdə təşkil olunan seminarlar dərslərimlə üst-üstə düşürdü. Bu halda belə dərslərin yerinə daha çox seminara qatılmağı seçirdim. Mənim üçün universitetdə olan fəaliyyətlərə qatılmaq ən az dərslər qədər önəmlidir. Bu fəaliyyətlər həm karyeram, həm də şəxsi inkişafım üçün aktiv rol oynayır.

- Tələbəlik dövründə aktivliyinizlə bağlı nələri misal çəkə bilərsiniz?

- Bakalavr təhsil müddətində müxtəlif tələbə təşkilatlarında aktiv rol almışam. Tələbə mübadilə proqramları ilə bir semestr Makedoniyada, bir semestr Belçikada təhsil aldım. 3-cü kursda o vaxtkı Türkiyə Avropa Birliyi Nazirliyində (sonradan bu nazirlik ləğv edilib Türkiyə Xarici İşlər Nazirliyinə birləşdirildi) ixtisasım üzrə təcrübə keçmişdim. 4-cü kursa gəldikdə isə Avropa Könüllülük Xidməti (EVS) proqramı vasitəsilə 6 ay müddətində Macarıstanda gənclər və uşaqlarla bağlı müxtəlif layihələrdə könüllü kimi işlədim.

- Avropada iş tapmağınız necə oldu?

- Türkiyədə magistr təhsilimə başlayanda hansı sahədə çalışmaq istədiyimə qərar vermişdim. Birinci kursda Ankarada rəqəmsal marketinq üzrə bir reklam şirkətində təcrübəçi kimi işlədim. İlk ilin sonunda "Erasmus” təcrübə proqramı ilə Belçikada özəl şirkətlərin birində marketinq üzrə təcrübə keçdim. Uzun müddət idi ki, müxtəlif proqramlarla Avropaya gedib-gəlirdim və magistr təhsilimin sonunda Avropaya köçməyə qərar verdim. 2019-cu ilin əvvəlində AİESEC "Global Talent" proqramı ilə Polşanın Vrotslav şəhərində ixtisasım üzrə bir şirkətdə işləməyə başladım. Bu proqram yeni məzun gənclərin ixtisasları üzrə müxtəlif ölkələrdə bir ilə qədər işləmələrinə imkan verir. Bir neçə həftə işlədikdən sonra menecerim uzunmüddətli əməkdaşlıq təklif etdi və şirkətdə daimi işçi kimi işləməyə başladım.

- Azərbaycanda xaricdə təhsil şirkəti qurmusunuz…

-  Xaricdə olduğum üçün həmişə tanışlarım "Təhsil üçün necə gələ bilərik” kimi suallar verirdilər, əlimdən gəldiyi qədər kömək edirdim. Daha sonra dostlarımın tövsiyəsi ilə tanışları da yazmağa başladı və bu müraciətlər gedərək çoxaldı. Mən də prosesi aşağı-yuxarı bilirdim. Ona görə İsveçrədə təhsil alan yaxın dostumla Bakıda bu işi rəsmi şəkildə qurduq. Mərkəzimiz başda Polşa olmaqla Avropanın bir çox ölkəsində tələbələrin təqaüdlü təhsil almasında köməklik göstərir. Şirkəti qurduğumuz bir ildir, artıq on beş tələbənin xaricdə təhsil almağına vəsilə olduq.

- Həm peşəkar karyera, həm də akademik fəaliyyət bir arada davam etdirənlərdənsiniz.

- Elmi sahədə fəaliyyət mənimçün ən azı peşəkar karyeram qədər önəmlidir. Polşaya ilk gəldiyim vaxt sadəcə olaraq işləyirdim. Bir müddət sonra tələbə olmaq üçün darıxdım. Mənimçün tələbə olmaq həmişə araşdırma aparmaq, beyni işlək vəziyyətdə saxlamaqdır. Doktorantura, yaxud digər təhsil pillələrində təhsil almağın fərqi yoxdur. Düzdür, doktoranturada bu proses bir az fərqlidir. Keyfiyyətli araşdırma üçün daha çox vaxt sərf etməlisən.

- Yəni vaxt cəhətdən çətin olur?

- Bəli, bəzən vaxt baxımından bir az çətin olur. Gecələri bir qədər az yatmalı olursan. Günün sonunda araşdırman, məqalən akademik jurnallarda dərc olunanda o çətinlik keçir. Deyərdim ki, bu, bir az da insanın xarakterinə bağlıdır. Mən, ümumiyyətlə, boş oturmağı sevmirəm. Günümün boş keçməyindənsə,  bütün gün işləyib oxuyub yorulmaq mənim üçün daha xoşdur.

- Elmi istiqamətdə nə dərəcədə aktiv ola bilirsiniz?

- Bir neçə xarici akademik konfransa qatılmışam və Polşanın nüfuzlu marketinq jurnalında akademik məqaləm dərc olunub. Hazırda bir neçə akademik məqalə üzərində işləyirəm.

- Oxuduğunuz universitetdə müəllim kimi də çalışırsınız. Həm tələbə, həm müəllim olmaq necədir?

- Doktorantura tələbəsi olduğum üçün bəzən bakalavr və magistratura tələbələrinə dərs deyirəm, amma rəsmi müəllim kimi qeydiyyatda deyiləm. Sadəcə olaraq, hər semestr 1-2 fənn üzrə dərslərimiz olur. Bəzən günortaya qədər tələbə, günortadan sonra müəllim kimi dərs dediyim olub. İlk növbədə bu mənim savadlı kadr kimi yetişməyimə imkan verir. Eyni zamanda, dərsi necə məhsuldar hala gətirməyi və təhsil prosesində olan çatışmazlıqları daha yaxşı görmək imkanın olur. Bunu həm tələbə, həm də müəllimin gözündən görə bilirsən.

Xəbər lenti