Logo

Atasının ona təcavüz etdiyini deyib, sonra təkzib etdi - Məhkəmə ona inanmadı

27.12.2021 11:51 563 baxış
IMG

Azərbaycanda 18 yaşlı qız öncə atasının ona təcavüz etdiyi barədə polisə şikayət edib, bir neçə gün sonra isə ifadələrini təkzib edərək dediklərinin yalan olduğunu bildirib. Lakin məhkəmə zərərçəkmiş qızın və ailə üzvlərinin təkzib ifadələrini nəzərə almayaraq onun atasına 8 il azadlıqdan məhrum etmə cəzası verib.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, hadisə Siyəzən rayonunda baş verib.

3 uşaq atası olan Rauf Muradov (ad və soyad şərtidir) 2020-ci ilin aprelindən başlayaraq mütəmadi olaraq 20 yaşlı qızı Arzu Muradovanı (ad və soyad şərtidir) təhdid edərək təcavüz etməkdə təqsirləndirilir.

İtithama görə, o, qızını universitetdən çıxarmaq, saçını kəsmək, üzünü bıçaqla yaralamaq və anasını öldürməklə təhdid edib. Hətta hədənin real olduğunu göstərmək üçün üzərində gəzdirdiyi bıçağı göstərərək əgər ona qarşı çıxdığı və bununla bağlı kiməsə dediyi halda onun başqa oğlanlarla münasibəti olduğunu deməklə rüsvay edəcəyini də bildirib. Baş verənləri anasına danışan Arzu onunla birlikdə polisə məlumat verərək atasından şikayətçi olub və Rauf Muradov həbs edilib.

Məhkəmədə ifadə verən R.Muradov bu hadisənin yalan olduğunu deyib: "Belə bir hadisə heç vaxt olmayıb. Mən qızıma təcavüz etməmişəm. 10 ildən artıqdır narkotik istifadə edirəm. Evdən tapılan həmin narkotik də mənimdir. Arvadımın və qızımın məndən polisə şikayət etmələrinə səbəb başqadır. Arvadım qızımı Kamran adlı oğlana ərə vermək istəyirdi. Mən də bunun əleyhinə idim. Buna görə aramızda mübahisə düşdü, polisə şikayət etdilər. Polis şöbəsinin rəis müavini Əhməd və polis əməkdaşları Azərlə Məmmədşah mənə qarşı həmişə qərəzli olublar. Ona görə də vəziyyətdən istifadə edərək Arzunu öyrədiblər ki, mənim əleyhimə ifadə versin. Arzuya deyiblər ki, əks halda atan həbsdən çıxandan sonra səni öldürəcək. O da ifadələri oxumadan imzalayıb”.

Arzu Muradova istintaqa ifadəsində baş verən hadisələrin təfərrüatlarını, atasının ona hədələyərək təcavüz etdiyi haqda danışsa da, məhkəmədə bunları inkar edib.

Belə ki, o, ifadəsində deyib ki, atası ilə münasibəti pis olmayıb: “Ailəmizdəki söz-söhbətin səbəbi atamın internetdə tanış olduğum Kamranla olan mesajlarımı tutması idi. Ailə münaqişəsinə görə polisə şikayət etdik. Danışıq zamanı şöbənin əməkdaşları atamı tanıdılar.

Siyəzən Polis İdarəsinin istintaqın rəisi Məmmədşah Həsənəliyev məndən atamın içəridən çıxmaması üçün dedikləri formada ərizə yazmağını istədi və bunu etməsəm, atamın həbsdən çıxıb məni öldürəcəyini dedi. Mən qorxub Məmmədşahgilin dedikləri ilə razılaşdım və avqustun 1-də ərizə yazdım.

Ərizəni kompyüterdə ya rəis müavini və ya da Əhməd adlı bir polis əməkdaşı yazdı, mən imzaladım. Siyəzən RPŞ-nin rəisi və onun müavini dedi ki, atamın 10-15 il həbsdə qalması üçün oyun quracaqlar. Mən də həmin vaxta qədər atasının hirsinin soyuyacağını və məni öldürməyəcəyini fikirləşdim. Mən də onlara hadisədən qabaq atamla Qalaaltına getdiyimizi, axşam evə qayıtdıqdan sonra isə valideynlərim arasında söz-söhbət olmasını danışdım. Bundan sonra Siyəzən RPŞ-nin rəisi və müavin məni Qalaaltına apardı. Orada mənə nə deməli olduğumu və nə etməli olduğunu izah etdilər. Bundan sonra videoçəkiliş aparıldı və mən polislərin öyrətdikləri kimi videoçəkilişlə izahatlar verdim. Həmin vaxt anam bayırda maşında idi, onu içəri buraxmadılar. Müstəntiq əvvəlcədən mənə atamla harada və neçə dəfə cinsi əlaqədə olduğumu danışmağımı tapşırmışdı.

Videoçəkilişdən sonra protokol tərtib edildi, həmin protokol imza çəkmək üçün mənə veriləndə imtina etdim. Bu vaxt polislər məni yalan ifadə verməyə görə tutacaqları ilə hədələdilər. Ona görə də məcburiyyət qarşısında protokolu imzaladım. Sonra Məmmədşah özü gecə saat 1-ə kimi izahat yazdı, oxumadan imzaladım. Mən cinsi əlaqənin nə olduğunu bilmədiyindən atam barədə belə izahat yazılmasının nəticəsinin nə olacağını da başa düşmürdüm. 15 gün sonra vəkil tutanda Məmmədşahın ərizədə nə yazdığını bildim. Sonralar prokurorun da qəbulunda olub, atamın günahsız olduğunu dedim, prokuror isə kömək edəcəklərinə söz verdi.

Yəni ərizədə yazılanların heç biri doğru deyil. Atam mənə təcavüz etməyib, məni heç bir müayinədən keçirməyiblər”.

Arzunun məhkəmədəki ifadəsi ilə ziddiyyət təşkil etdiyinə görə istintaqa verdiyi ifadə elan olunub. O ifadəsində deyib ki, atası 2020-ci ilin aprelindən başlayaraq ona təcavüz edib.

Raufun həyat yoldaşı da öz ifadəsində baş verənləri inkar edib. O, həyat yoldaşının narkotik istifadə etdiyini də görmədiyini deyib: “Arzu atası ilə bağlı şər-böhtan danışıb. Guya Rauf gecələr onun otağına gedərək intim münasibətdə olub. Amma bu doğru deyil. Onun narkotikdən istifadə etdiyini də görməmişəm”.

Amma onun da istintaq zamanı qızı Arzu ilə oxşar ifadə verdiyi məlum olub.

Məhkəmədə dindirilən ekspert bildirib ki, Arzunun müayinədən ümumiyyətlə keçməməsi, onun müayinəsinin soyunmadan aparılması barədə göstərdikləri həqiqətə uyğun deyil: “Arzu Muradova müayinəyə gətirilərkən heç bir təsir altında olmayıb və özünü tam sərbəst aparıb. Verilən suallara adekvat cavablar verib və müayinə üçün könüllü olaraq tam çılpaq vəziyyətədək soyunub”.

Məhkəmə materiallarının tədqiqi zamanı məlum olub ki, Arzu Muradova avqustun 3-də polis rəisinə və prokurora müraciət edərək avqustun 1-də verdiyi və atasının ona qarşı zor tətbiq etməklə seksual xarpakterli hərəkətləri barədə məlumatlandırdığı ərizəyə görə atasının qohumları tərəfindən hədələndiyini, ondan etdiyi şikayətin götürülməsini tələb etdiklərini bildirib.

İşi aparan müstəntiq məhkəmədə ifadəsində bildirib ki, Aruz və anasının müraciətindən sonra onların yaxın qohumları bu məsələnin sonradan ictimailəşəcəyindən və rayon yerində böyük rezonansa səbəb olacağından qorxaraq onların çıxılmaz vəziyyətdə qalacağını deyiblər: “Arzuya şikayətini geri götürməsi üçün təzyiq ediblər. O da bu təsirlərə davam gətirməyib, sonradan təkzibedici ifadələr verib. Şəxsən mən və ya digər polis əməkdaşları tərəfindən Arzuya, onun anasına və hətta atasına da hər hansı təsir və ya təzyiq göstərilməyib. Arzuya atasının əleyhinə ərizə, ifadə verməsi, sübutlar təqdim etməsi üçün hər hansı məsləhət verilməyib, istiqamət göstərilməyib”.

Məhkəmə hesab edib ki, təqsirləndirilən Rauf Muradovun ailə üzvlərinin sonradan verdikləri ifadədən imtina etmələri onu müdafiə etmək üçündür.

Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Rauf Muradov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti