Logo

ADMİU-nun tələbələri Tűrkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş şeir oxuma műsabiqəsində qalib gəlib

27.12.2021 16:23 874 baxış
IMG

Dekabrın 25-də Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfras zalında Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclər, o cümlədən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

İki hissədən ibarət olan müsabiqənin birinci hissəsində iştirakçılar iki qardaş ölkə Azərbaycan və Türkiyənin tanınmış şairlərinin əsərlərini, həmçinin, öz müəllifləri olduqları şeirləri səsləndiriblər.

Səsləndirilmə zamanı hər bir iştirakçı münsiflər heyəti tərəfindən Azərbaycan və Türk dilinin qrammatik qaydalarından, bədən dilindən və səs tembrindən düzgün istifadə edilməsi nəzərə alınaraq 1-10 bal arasında qiymətləndirilib. Tədbirin ikinci hissəsində isə qaliblər və müsabiqədə fərqlənənlər müəyyən edilərək mükafatlandırılıb.

Mükafatlandırma mərasimində çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Azərbaycan və Türkiyə qardaşlığının hər zaman və hər yerdə öz sözünü deməsini, iki qardaş dövlətin dost münasibətlərinin kökünün qədim tarixə söykəndiyini və bunun ortaq ədəbiyyatda da öz əksini tapdığını bildirib. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov isə çıxış edərək qeyd edib ki, “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi əvvəllər keçirilən şeir gecələrini xatırladıb, bir anlıq öz tələbəlik illərinə aparıb və bunun üçün iştirakçılara öz təşəkkürü ifadə edib.

Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar müsabiqənin gənclərin potensiallarının üzə çıxarılmasında böyük rolu olduğunu və “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsinin öz məqsədinə çatdığını vurğulayıb.

Sonda mükafatlandırma mərasimi keçirilib.

Müsabiqədə birinci və ikinci yerlərə ADMİU-nun tələbələri layiq görülüb. I yer Ruslan Məhərrəmliyə, II yer isə Kənan Balakişiyevə verilib. Xəzər Universitetinin tələbəsi Sənur Yaqubov III yerlə təltif olunub. Müsabiqə iştirakçılarına fərqlənmə diplomları, iştirakçı sertifikatları və hədiyyələr təqdim edilib.

Xəbər lenti