Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya Kommunikasiya İdarəsinin məsul əməkdaşları Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan yüksək bilikli sonuncu kurs tələbələri ilə görüş keçiriblər.
BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev tədbirin əhəmiyyətindən danışıb. Daxili işlər orqanlarında tələbələrin təcrübələrinin təşkil olunması məsələsinə toxunan dekan bunun onların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Daha sonra DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsinin əməkdaşları təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda nazirlik sistemində kibercinayətlərin qarşısının alınmasında, əməliyyat-axtarış fəaliyyətində istifadə olunan informasiya sistemləri və s. barədə ətraflı məlumatlar verilib.
Maarifləndirici xarakter daşıyan görüşdə DİN-də qeyd olunan sahələr üzrə xidmətə qəbulla bağlı müsabiqə şərtləri və digər müvafiq prosedur qaydaları barədə də informasiyalar nəzərə çatdırılıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.