Logo

Müəllimlər üçün psixi sağlamlıq və rifah haqqında on məsləhət

28.12.2021 20:35 1565 baxış
IMG

Məktəblər açıldıqca, psixi sağlamlığınızın və rifahınızın qayğısına qalmağı özünüzə prioritet və öhdəlik kimi müəyyən etmək vacibdir. Bu, özünüz, şagirdləriniz və onların ailələri üçün daha çox müsbət enerji əldə etməyə kömək edəcəkdir. Aşağıda bunu necə edə biləcəyiniz haqqında 10 məsləhət verilib.

Özünüzə istirahət etmək üçün vaxt ayırın

Sizə əhvalınızı yaxşılaşdırmağa və stressi tənzimləməyə nə kömək edirsə, o haqda düşünün – bu, uşaqlarınızla oyun oynamaq, gəzintiyə çıxmaq, dostlarınızla söhbət etmək, bitkilərinizə qulluq, mütaliə və ya yeni resept üzrə yeməyin hazırlanması ola bilər. İstirahət etmək üçün özünüzə müəyyən vaxt saxlayın. Bu kimi fəaliyyətlər sizin iş vaxtınız kimi vacibdir. İstirahət edərək siz özünüzü enerjili hiss etməyə imkan verirsiz.

Öncədən planlaşdırın

Məktəblər açdığınız zaman, şagirdlərlə qarşılıqlı əlaqə qurmaq və keçid dövründə onlara kömək etmək üçün milyonlarla fikiriniz ola bilər. Öncədən günlük və ya həftəlik tapşırıqların və fəaliyyətlərin siyahısını tərtib edin. Həftənizi planlaşdırmaq üçün gündəlikdən və ya bloknotdan istifadə edin. Qarşınıza kiçik hədəflər qoyun və müvafiq fasilələr edin. Bu, vaxtınızı daha yaxşı planlaşdırmağa və çox sayda planlaşdırılmamış işlərin stressini azaltmağa kömək edəcəkdir.

Sərhədləri müəyyən edin

COVİD-19 pandemiyası, yeni tədris üsulu, fərdi sağlamlıq və ailə problemləri ilə əlaqədar bir çox müəllimlərin həyatında stress səviyyəsinin artmasına gətirib çıxardı. Onlayn və ya sinifdə tədris etməyinizdən asılı olmayaraq, bütün gün ərzində tələbələrin ehtiyaclarına davamlı diqqət yetirirsiniz. "Mənim" vaxtım, ailə ilə birlikdə zaman keçirmək və ya sevdiyiniz işlərlə məşğul olmaq üçün sərhədləri müəyyən etdiyinizə əmin olun. Sərhədləri yaratmaq üçün sadə yollardan biri gündəlik fəaliyyət zamanı  özünüzü necə hiss etdiyinizə diqqət yetirmək və nəyinsə tərs getdiyini sizə xəbər verə biləcək siqnallara qulaq asmaqdır. Tədrisə hazırlaşmaq üçün ayrıca vaxt müəyyən edin və bu vaxtı digər işlərdən ayırın. Sinifdən kənar saatlarda şagirdlərə kömək üçün onlarla məşğul olmaq məqsədilə siz, bu vaxtın planlaşdırılmasını da nəzərdən keçirə bilərsiniz. Şagirdlər və onların valideynləri/himayədarları sizinlə ünsiyyət üçün ən yaxşı vaxtın nə zaman olduğunu bildiyinə əmin olun.

Yuxuya getmədən öncə özünüzə "texnologiyalardan azad" bir vaxt intervalı müəyyən edin (və ona əməl edin) və bu vaxt ərzində e-poçt və mesajları yoxlamayın. Siz həmçinin müəyyən etdiyiniz sərhədləri yadda saxlamağa kömək edəcək hatırladıcıları da qurmağı nəzərdən keçirə bilərsiniz. Başqalarının bu sərhədlərə məhəl qoymadığını hiss edirsinizsə, onlarla yumşaq və nəzakətlə bu haqda necə danışa biləcəyinizi düşünün və bu zaman psixi sağlamlığın qorunmasının vacibliyi və sərhədlərinizin bu işdə sizə necə kömək etdiyini bölüşün.

Peyvənd olun

Sizin növbəniz gəldikdə peyvənd olun. Peyvənd sizi ağır COVİD-19 infeksiyalarından, xəstəxanaya düşməkdən və ölümdən qoruyacaq, həmçinin məktəbə geri qayıdarkən təhlükəsizliklə bağlı narahatlıqları da azalda bilər. Peyvənd ailənizi, şagirdlərinizi və onların ailələrini qoruyacaq. Peyvənddən sonra ehtiyat tədbirləri görməyə davam etməlisiniz, lakin özünüzü təhlükəsiz hiss etməklə siz, birmənalı olaraq özünüzü həm də daha yaxşı hiss edəcəksiniz!

Gözləntilərinizi uyğunlaşdırın

Bu, hər kəs üçün uyğunlaşma dövrüdür və hər şeyə perspektivdə baxmaq lazımdır. Siz keçid dövründə sinifinizdə yalnız müəyyən məqamlara və hallara nəzarət edə bilərsiniz. Özünütəcriddən əvvəlki dövrdə olduğu kimi eyni öyrənmə təcrübəsini təmin etmək üçün özünüzə təzyiq etməyin. Siz tək bir peşəkarsınız və dəyişikliklərə uyğunlaşmaq üçün mümkün olan ən yaxşısını edirsiniz. Biz daha da irəlilədikcə, məktəb ictimaiyyəti öyrənəcək və uyğunlaşacaq.

Yeni bacarıqlar əldə edin və artıq yiyələndiklərinizi qiymətləndirin

Bütün dünyada müəllimlər məhdud rəqəmsal bacarıqlara görə təhsilin davamlılığını dəstəkləməyə əsasən hazır deyildilər. Yeni bacarıqların əldə edilməsi və mənimsənilməsi sizə peşə həyatınızda kömək edəcək və işdə böyük əminlik və rahatlığı təmin edəcək. Siz onlayn kurslara, virtual seminarlara, vebinarlara qeydiyyatdan keçə və ya rəqəmsal bacarıqlarınızı artırmaq və alternativ təlim üsullarına uyğunlaşmaq üçün videolar izləyə bilərsiniz. Artıq yiyələndiyiniz bacarıqları qiymətləndirməyi unutmayın. Onlar sizə daha da çox öyrənməkdə kömək edə bilər!

Özünüzə qarşı mehriban olun

Özünüzü dilxor hiss edirsinizsə hisslərinizi başqa bir müəllim, dost və ya ailə üzvü ilə paylaşın. Sizin nəzarətçi və ya məktəbin yüksək vəzifəli rəhbəri ilə söhbətiniz onlara sizi anlamağa və dəstək olmağa kömək edəcək. Sağlam münasibətlərin tədris etdiyiniz uşaqlara müsbət təsir göstərəcəyini unutmayın.

Sosial əlaqə saxlayın

Virusun yayılmasını məhdudlaşdırmaq üçün fiziki cəhətdən ayrı qala bilərsiniz, lakin dostlarınız, ailəniz və həmkarlarınızla emosional və sosial cəhətdən əlaqəli qalmağınız vacibdir. Video zənglər vasitəsi ilə xoşbəxt hadisələri qeyd edin, virtual iş qruplarında iştirak edin və ya onlayn kitab klublarına qoşulun. Digər insanlarla görüşərkən, təmiz havada fəal istirahətə üstünlük verin və yerli səhiyyə orqanları tərəfindən tələb olunduqda maskalardan istifadə edin.

Vücudunuzu hərəkət etdirin

Fiziki fəaliyyətin stress və həyəcanla mübarizə aparmaq üçün güclü bir vasitə olduğu sübut edilmişdir. Müntəzəm məşqlər sayəsində gün ərzində özünüzü daha enerjili hiss edə bilərsiniz, gecə daha yaxşı yatacaq, daha aydın xatirələrə sahib olacaqsız və özünüzlə bağlı hissləriniz daha rahat və müsbət olacaq. Hətta qısa 10 dəqiqə sürətli gəzinti bizim əhval-ruhiyyəni yaxşılaşdırır və güclü rifah hissi bəxş edə bilər. Hər gün idman zalına gedə bilmirsinizsə, uşaqlarınızla oynayın və ya gün ərzində öyrənməni başa vurduğunuzda bir rəqs əyləncəsi təşkil edin.

Lazım gələrsə, psixi sağlamlıq yardımı üçün müraciət edin

Depressiya, narahatlıq və emosional tükənmə əlamətləri varsa, psixi sağlamlığınıza və rifahınıza diqqət yetirin və psixi sağlamlıq yardımı üçün müraciət edin. Özünü yorğun və miskin hiss etmək dilxor olmaqla eyni deyil. Psixi sağlamlıq üzrə ixtisaslaşmış diqqət tələb edən depressiya, narahatlıq, emosional tükənmə və digər psixi sağlamlıq problemlərinin əsas əlamətlərinə bitməyən yorğunluq və yuxu problemləri, sürətli ürək döyüntüsü və tənəffüs, təhlükə hissi, iştah dəyişiklikləri və bədən çəkisinin azalması, ümidsizlik, davamlı baş və digər ağrılar, eləcə də həzm problemləri daxildir. Bu simptomlar, müalicə edilmədikdə, sevinc dolu və fəal həyat sürməyinizə mane ola bilər. Bu əlamətləri tanınması və tibbi və ya psixoloji dəstək üçün müraciət özünüzü daha yaxşı hiss etməyə və hətta digər ciddi xəstəliklərin qarşısını almağa kömək edəcək ilk addımdır.

Xəbər lenti