Logo

Universitetlərdə qış imtahan sessiyası necə keçiriləcək? - SORĞU

30.12.2021 15:54 1887 baxış
IMG

"Tehsil.biz" Ali təhsil müəssisələrində qış imtahan sessiyasının hansı qaydada keçirilməsi ilə bağlı sorğu keçirib.

Bununla əlaqədar olaraq bir neçə universitet qış imtahan sessiyasının hansı qaydalar çərçivəsində keçirilməsi və tələbə göstəricilərinin hansı səviyyədə olması ilə bağlı sorğumuzu cavablandırıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) mətbuat xidmətinin rəhbəri Ayşən Hüseynova "Tehsil.biz"ə açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində payız semestrinin iki həftə gec başlamasına baxmayaraq, Azərbaycan İlahiyyat İnstitutunda dərslər sillabuslara uyğun olaraq artıq yekunlaşıb və tələbələrin qiymətləndirilməsi aparılıb: "Qış imtahan sessiyasına hazırlıqlar sona çatıb. İmtahanlar əyani formada, təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçiriləcək. İnstitut rəhbərliyi üçün tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması prioritet məsələdir. Bütün tələbələrə imtahanlarda uğurlar arzulayırıq".

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova "Tehsil.biz"ə açıqlamasında tələbələrin göstəricilərinin normal olduğunu bildirib: "İmtahanlar ənənəvi formada şifahi, Humanitar fənlər isə test üsulu ilə keçiriləcək".

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından (AƏSMA) "Tehsil.biz"ə bildirilib ki, dərslərin hibrid formada olmasına baxmayaraq tələbələrin göstəriciləri qənaətbəxşdir: "Akademiyada payız imtahan sessiyası 3 yanvar tarixindən 2 fevral tarixinədək əyani formada keçiriləcək. Akademiya Elmi Şurasının qərarına əsasən imtahan sualları dərs saatlarına müvafiq olaraq qaydaya əsasən tərtib olunaraq 1 ay öncədən tələbələrə təqdim edilib. Hər bir bilet 5 açıq sualdan ibarətdir. İmtahan nəticələri keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən kodlaşdırılaraq müəllimlərə yoxlanması üçün təqdim olunur. Yoxlama prosesi bitdikdən sonra tələbələrin qiymətləri müvafiq olaraq imtahan vərəqələrində əks olunur. Növbəti imtahan günü isə tələbələr öncəki imtahan nəticələri barədə məlumat əldə edə bilirlər. İmtahan nəticələrindən narazı qalan tələbələr 3 gün müddətində yaradılmış İmtahan Qərargahına müraciət edə bilərlər. İmtahan Qərargahı tərəfindən eyni fənni tədris edən müəllimlər tərəfindən təkrarən qiymətləndirilir, nəticə protokollaşdırılaraq rəsmiləşdirilir".

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirib ki, qış imtahan sessiyası ümumilikdə əyani formada keçiriləcək: "COVİD19 pandemiyasının davam etməsi ilə əlaqədar, eyni zamanda tələbələrin də yoluxma risqini nəzərə alaraq qış imtahan sessiyası ümumilikdə əyani formada keçiriləcək. Lakin COVİD19 infeksiyasına yoluxmuş və yaxud pandemiya səbəbindən ölkəyə gələ bilməyən tələbələr üçün imtahanlar distant formada təşkil ediləcək".

Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva "Tehsil.biz"ə açıqlamasında bildirib ki, imtahanlar Təhsil Nazirliyinin qərarına əsasən 2022-ci il 5 yanvar tarixindən etibarən əyani formada təşkil ediləcək: "COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə  imtahanların şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək.
II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək. Bu fənlər fakültə Elmi Şuralarının qərarı ilə müəyyən ediləcək. Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında təşkil ediləcək. Magistratura səviyyəsinin I və II kurslarında bütün imtahanların yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil olunacaq".

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva "Tehsil.biz"ə açıqlamasında imtahan sessiyasında şəffaflıq və obyektivliyin qorunması üçün imtahan qərargahının yaradıldığını deyib: "İmtahanların keçirilməsi ilə bağlı rektorun əmrinə əsasən yanvarın 5-dən başlayaraq fevralın 2-dək payız semestrinin imtahan sessiyası keçiriləcək. İmtahanlar əyani formada keçiriləcək. İmtahan sessiyası təsdiq olunmuş cədvələ əsasən magistratura səviyyəsində test və şifahi, bakalavr səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə keçiriləcək. İmtahanlar karantin rejimində tətbiq olunmuş qaydalar çərçivəsində baş tutacaq. Bunun üçün nəzarət qrupu da yaradılıb".

Lənkəran Dövlət Universitetinin (LDU) mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova "Tehsil.biz"ə açıqlamasında deyib ki, qış imtahan sessiyası yanvarın 6-dan başlanır: "Bütün imtahanlar əyani keçiriləcək. Qayib limiti 20%-dən 25-ə qaldırılıb".

Fəqan Əzimli

Xəbər lenti