Logo

Tələbənin xoşbəxtlik triadası: "Bakı Dövlət Universiteti - Zəfərli illər - tələbə adını qazanmaq"

31.12.2021 20:03 2316 baxış
IMG

Yeni epoxanın öncüllərindən olan Rəsul Rza bir vaxtlar deyirdi: "Döyüşlərdə zəfər çaldın, boy atdın; Yer üzündə milyonları oyatdın". Fikirlərində müstəqillik arzuları duyulan azadlıq şairinin bu ifadəsi bugünümüzlə təpədən-dırnağa qədər tamlıq, bütövlük təşkil edir. 

2021 Azərbaycan tarixinin ən şərəfli təqvim ilidir. Bu tarix həm də Bakı Dövlət Universiteti üçün də əlamətdar il oldu. Uzun bir zamanın şərəfli yolçusu olan doğma Universitetimiz deyərdim ki, xalqla bərabər, həm də özünün ən parlaq ilinə - Zəfərli günlərinə şahidlik etdi.

"Bakı Dövlət Universiteti - Qələbə ili - tələbə adını qazanmaq" triadası bir tələbənin ömür təqviminə qızıl hərflərlə yazıldı.

Birinci kursun ilk semestri artıq bitdi. Bu müddət ərzində Jurnalistika fakültəsinin professor-müəllim heyətinin, tələbələrin doğmalığını hiss etmək, bir sıra tədbirlərin iştirakçısı olmaq, bu ab-havanı duymaq olduqca gözəl idi. 

Ötən ay Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsi dövründə medianın fəaliyyətinə həsr olunan kitabların təqdimat mərasimi baş tutdu.

Qismətimdə tələbə kimi tədbirdə  iştirak etmək də varmış: sevincli və həyacanlı idim. Təqdimat mərasimi keçirilən ünvana - Böyük Akt zalına da eyni hislərlə qatılmışdım.

Ümumiyyətlə, doğma Universitetimiz hər zaman ölkəmizin dinamik ahənginə öz parlaq rəngini qatıb. Bu dəfəki möhtəşəm tədbir isə tamam fərqli idi. İşıqlı və geniş zala daxil olanda Jurnalistika fakültəsinin bir sıra tələbələrini gördüm. Daxili həyacanım onların yüksək əhvalı, rənglənmiş könül dünyası fonunda rahatlıq duyğusu ilə əvəzlənmiş oldu.

Uzun illərin həsrətindən sonra doğan qalibiyyət günəşinin parıltısı zalı nura boyamış, hər kəsin çöhrəsində qürurun xoş təntənəsi, gözlərdə bərq vuran xoşbəxtlik ifadəsi vardı. Ümumiyyətlə, ötən ildən sonra noyabr xalq yaddaşına "yenidən yaranışımızın ilk ayı" olaraq yazıldı. Canımızı və qanımızı yayda doğan göy cismi deyil, payızda çıxan noyabr günəşi isitdi. "Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına" (S.Vurğun) 

Daxili dünyamla baş-başa qalıb söhbət etdiyim an sözləri böyük şairimiz Əhməd Cavadın, musiqisi ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin olan Azərbaycan Respublikasının Dövlət Himni səslənir. Hər kəs ayaq üstə əlini ürəyinin üstünə qoyaraq uca səslə himni oxuyur. Ancaq bəndin bir hissəsi daha təsirli şəkil alır: uca səs, sanki qaynayan bulaqtək, coşqun dəniztək, çaxan şimşəktək öz gücünə güc qatır:

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!

Tədbir iştirakçıları və tələbələrin Vətən sevgisindən doğan səsi-nəfəsilə Zalın səhnəsində yan-yana duran üçrəngli ay-ulduzlu hilalımız və BDU-nun bayrağı, sanki şad-xürrəm, xoşbəxt şəkildə dalğalanır, hər iki bayraq uca görünürdü. 

Yenidən zala sakitlik çökdü. Əcdadımızın mədfəni, xalqın məskəni olan Vətən üçün canını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Azərbaycan adlı məmləkətin tamlığı yolunda şəhid olan əzizlərimizin timsalında BDU-nun birinci və ikinci Qarabağ savaşında haqqın cənnət dərgahına yüksələn şəhid tələbə-məzunlarının da ruhu şad və yad edildi.

Ötən ilin 27 sentyabrından başlayan Vətən savaşımız noyabr ayının 10-da düşmən tərəfin biyabırcasına kapitulyasiya aktını imzalaması ilə başa çatdı. Bu parlaq qələbə, bu möhtəşəm zəfər Azərbaycan dövlətinin, ordusunun, xalqının 44 günün içində bütün dünyaya gücünü göstərdi. Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli və müzəffər ordumuzun qüdrəti ilə Qarabağ düşmən tapdağından azad olundu.

Həmin günlər xalq və qalx ifadəsinin gücünü, qüdrətini açıq-aydın şəkildə görmüş olduq. Hər kəs Yaradandan iman, ordusundan inam alaraq öhdəsinə düşən işi yüksək sədaqətlə, mərdi-mərdanəliklə icra etməyə çalışdı.

Məqsəd və hədəfin bir olduğu günlərdə xalq orduya çevrilərək düşmən canına qorxu salmağı bacardı. On milyonluq xalqın - ordunun Ali Baş Komandanı İlham Əliyev Vətən savaşının önündə getdi: hərbi, siyasi, elmi... bacarığı ilə. 

Milli məsələlərdə barışmaz oldu: supergüclərə qarşı siyasi masada qətiyyətlə mübarizə apardı. Prezident İlham Əliyev dünyanın ən aparıcı kanallarına yorulmadan müsahibələr verərək xalqın haqq səsini dünyaya çatdırdı. Hələ 2019-cu il Real Tv-yə müsahibə verən Prezident İlham Əliyev belə demişdi:

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq".

Beləliklə, Prezident İlham Əliyev dünyanın ən aparıcı mətbuat orqanlarına, nüfuzlu televiziya kanallarına müsahibələr verdi. Beynəlxalq siyasi arenalarda müxtəlif dillərdə çıxışlar etdi. Bütün bunlar Vətən müharibəsinin ən həlledici məqamında tutduğumuz haqq yolunda bizə inamla irəliləməyimizə kömək oldu. Bu zaman kəsiyində xarici media orqanlarına müsahibə verməklə, bəzən bilərəkdən səslənən haqsız ifadələri düzəltməklə dünya jurnalistlərinə  "Ustad dərsi" keçmiş oldu. 

44 günlük Vətən savaşında hərbi qüdrətilə dünyaya səs salan Ali Baş Komandan, həm də yerli və xarici media qurumlarına 4 dildə 4 saatlıq müsahibə verərək siyasi, elmi biliyini, daxili gücünü, qüdrətini göstərərək rekorda imza atmış oldu. 

Bütün bunlar isə bizi ruhlandırır, Vətən daşı olmağı bacaran hər kəsdə qürur hissi oyadırdı.

Ötən illərdə BDU-nun 100 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev çıxış etdi. BDU-ya olan sonsuz sevgisini müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirərək, müəllim peşəsinin şərəfini, məsuliyyət və ağırlığını dilə gətirərək, tələbələrin Vətənə bağlı olmasını ifadə edərək bildirdi. 

Vətən savaşında - arxa cəbhədə fədakarcasına öhdəmizə düşən vəzifələri icra etdik. Yaradıcı insan üçün yazmaq, yaratmaq həm də yaşamaq deməkdir. Bu, Vətən uğrunda mübarizənin əsasını  təşkil edir. YARADICILIQ: YAZMAQ, YARATMAQ VƏ YAŞATMAQDIR... Doğma Bakı Dövlət Universietinin hər bir üzvünə zəfərdən yazmağı, qələbə ruhu ilə qurub-yaratmağı diləyir, başda hörmətli rektorumuz Elçin Babayev olmaqla, çoxminli professor-müəllim və tələbə kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sidq ürəkdən təbrik edirik. 

Sevinc Bağırova,

BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti