Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Cəlilabad rayonunun Şükürlü və Şorbaçı kəndlərində modul tipli yeni məktəb binaları istifadəyə verilib.
Yeni modul tipli, 80 şagird yerlik Şükürlü və Şorbaçı kənd tam orta məktəbləri lazımi inventar və tədris vasitələri ilə təchiz edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimlərində çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər iki təhsil müəssisəsinin müəllim və şagirdlərini əlamətdar hadisə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı təməl əsasında və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Ölkəmizin təhsil sistemində analoqu olmayan proqram və layihələr həyata keçirilir. Ölkəmizin bütün bölgələrində yeni məktəblər tikilir, köhnə məktəblər əsaslı təmir olunur, müasir avadanlıqlarla təchiz edilir, yeni dərsliklər hazırlanaraq şagirdlərə pulsuz paylanılır.
Diqqətə çatdırılıb ki, təhsil işçilərinin əmək haqqı müntəzəm artırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində Cəlilabad rayonunda da məktəb tikintisi geniş vüsət alıb.
Mərasimdə çıxış edən yerli sakinlər, müəllimlər, şagirdlər və valideynlər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.