Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.
Zəngəzur Azərbaycanın Qubadlı, Laçın, Zəngilan rayonlarını, indiki Ermənistanın Qafan, Gorus, Sisyan və Meğri rayonlarının ərazilərini əhatə edir.
Zəngəzur coğrafi anlayış mənasında bütöv bir zonanı əhatə edən inzibati ərazi bölgüsünün adı kimi XIX əsrin ortalarında işlənsə də, Zəngəzur coğrafi məfhumuna hələ XVI əsrdə rast gəlinir. 1593-cü ildə tərtib edilmiş “Urud və İsgəndər qalası livalarının müfəssəl dəftəri”nə görə məskun və qeyri-məskun yerlərin adları” tarixi sənəddə “Zəngəzur nahiyəsi” adında nahiyə ayrıca olaraq göstərilmişdir. XIX əsrin 20-ci illərində Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra inzibati ərazi vahidlərinin adları dəyişdirilmiş, quberniyalar və quberniyalara tabe olan qəzalar yaradılmışdır. Zəngəzur ərazisi Zəngəzur qəzası adı ilə Azərbaycanın Gəncə (Yelizavetpol) quberniyasının inzibati ərazi vahidliyinə daxil edilmişdir və bununla Zəngəzurun Azərbaycan tarixi ərazisi olduğunu təsdiq etmiş olur. 28 may 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikası dövründə də Zəngəzur inzibati vahid kimi Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzası adı ilə ADR-in ərazisinə daxil edilmişdir.
Zəngəzur Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi Azərbaycan bədii ədəbiyyatında geniş şəkildə işlədilmişdir. Bu baxımdan, Əyyub Abbasovun “Zəngəzur” romanının adını çəkmək olar. Eyni zamanda, Süleyman Rəhimovun, Əli Vəliyevin povest və romanlarında Zəngəzur coğrafi məfhum olaraq geniş şəkildə işlədilmişdir.
Azərbaycanşünaslıqda Zəngəzur coğrafi adı göstərilməklə araşdırmalar aparılmışdır. Vilayət Əliyevin “Zəngəzurda qalan izimiz” (2004), Musa Urudun “Zəngəzur” (2005), A.Muradverdiyevin “Zəngəzur - tariximizin yaddaşı” (2007) kitabları yazılmışdır. Hacı Nəriman oğlu Abdulla 2018-ci ildə “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX-XX əsrin 20-ci illəri)” mövzusunda tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Bununla yanaşı, “Zəngəzur toponimləri” elmi dövriyyədə yetərincə işlədilir. Əzəmət Rüstəmlinin “Zəngəzurun türk mənşəli yer adları (toponimiyası)” monoqrafiyasında da (2010) Zəngəzur coğrafi adı olduğu kimi göstərilmişdir. Lakin Azərbaycan dialektologiyasında “Zəngəzur” coğrafi adını özündə əks etdirən tədqiqata rast gəlinmir və Azərbaycan dili şivələrinin təsnifində “Zəngəzur şivəsi” ayrıca olaraq göstərilmir.
1964-cü ildə çap olunmuş “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə, 2007-ci ildə çap olunmuş “Azərbaycan dilinin dialektoloji lüğəti”ndə Zəngəzur şivəsi adı altında ayrıca material verilmişdir. Məsələn:
QAVSARA (Zəngəzur), is.- pətəkdən çıxmış bir neçə arını yığmaq üçün ayı gilası ağacı qabığından toxunmuş səbət - uley, lozovıy pletenıy uley. - Dünən meşədə bir neçə q a v s a r a qayırdım (ADDL, 1964, s. 104-105).
QIMZAMAQ (Zəngəzur), f.- qaldırmaq - podnimatı.- Mən dolı çuvalı q ı m z ı y a billəm (ADDL, 1964, s. 136).
TOZANQI (Zəngəzur), s.- seyrək, narın (qar)- redkiy, melkiy (sneq).- Bu axşam bir t o z a n q ı qar yağıb (ADDL, 1964, s. 384).
Basdıx (Ordubad, İrəvan, Zəgəzur) - un, doşab və qozdan hazırlanan çərəz (ADDL, 2007, s. 41).
Canqa (Zəngəzur) -kök. - Hajqurban oğlu Asdan canqa adamdı (ADDL, 2007, s. 71).
Kontaylığ (Zəngəzur) - sözə baxmama. - Onun elə kontaylığ peşəsidi (ADDL, 2007, s. 258).
Tozanqı (Qarakilsə, Zəngəzur) -toz şəklində yağan; narın (qar). - Bu axşam bir tozanqı qar yağıb, gəl görəsən (Zəngəzur) (ADDL, 2007, s. 505)
Tozanqı düşmək (Zəngəzur) - toz şəklində qar yağmaq (ADDL, 2007, s. 505).
Yığıntı (Gədəbəy, Gəncə, Göygöl, Kürdəmir, Mingəçevir, Şəki, Zəngəzur) -nehrə çalxamaq üçün bir neçə gün yığıb saxlanılan qatıq.- Bizim bu gün yığıntımız çoxdu (Zəngəzur) (ADDL, 2007, s. 550).
Fikrimizcə, Azərbaycan dili şivələrinin təsnifinə ayrıca Zəngəzur şivəsi daxil edilə bilər. Belə ki, Zəngəzur şivəsinə Azərbaycanın Şərqi Zəngəzur ərazisindəki Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan şivələri, indiki Ermənistan ərazisində qalmış Qərbi Zəngəzurun Meğri, Qafan, Sisyan, Gorus şivələri daxil edilə bilər.
Zəngəzurun Sisyan rayonu şivələrini Q.A.Bağırov (Ermənistan SSR Sisyan rayonunun Azərbaycan dili şivələri, Bakı, 1966), Zəngilan rayonu şivələrini S.Behbudov (Azərbaycan dilinin Zəngilan şivəsi, Bakı, 1966), Meğri rayonunun şivələrini Ə.Əliyev (Azərbaycan dilinin Meğri şivələri, Bakı, 2003), Qubadlı rayonunun şivələrini R.Abbasova (Azərbaycan dilinin Qubadlı şivələri, Bakı, 2006) araşdırmışdır. B.İbrahimovun Laçın rayonu şivələri ilə bağlı “Azərbaycan dilinin Laçın rayonu şivələrinin bəzi morfoloji xüsusiyyətləri” (Azərbaycan SSR EA Xəbərləri. Ədəb., dil və incəsənət seriyası, 1967, №1, s.69-76), “Azərbaycan dilinin Laçın rayonu şivələrinin hal şəkilçiləri” (V.İ.Lenin adına APİ-nin 1965-ci il elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş XXI elmi hesabat konfransının materialları, Bakı, 1966, s. 86-87), “Azəri dilinin Kiçik Qafqaz sıra dağları ətəyi (Qubadlı, Laçın və Kəlbəcər rayonları) şivələrinin leksik xüsusiyyətləri” (V.İ.Lenin adına APİ-nin professor-müəllim heyətinin və aspirantlarının Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyinə həsr olunmuş elmi sessiyasının tezisləri, Bakı, 1967, s. 35-36) məqalələri çap edilmişdir.
Zəngəzur şivələri özünəməxsus fonetik, morfoloji, sintaktik və leksik xüsusiyyətlərinə görə Azərbaycan dilinin digər şivələrindən fərqlənir.
Zəngəzur şivələrinin fonetik xüsusiyyətləri aşağıdakılardır:
1. a > ə, o > a, ı > i, u>ı və başqa saitlərdə baş verən səs əvəzlənməsi: qayıt > qəyit, qapı > qəpi, qayış > qəyiş, ağız > əğiz, ayaq > əyax, qamış > qəmiş, qara > qərə, ovuc > avıc, plov > plav, qovun > qavın, qohum > qahım, xırda > xirdə, burun > bırın, armud > armıd, buzov > bızov və s.
2. Tək hecalı və sözün ortasında b > v səs əvəzlənməsi: qab >qav, dəb > dəv, cib > civ, gəbə > gəvə, qabax > qavax, baba > bava və s.
3. Tək hecalı və sözün ortasında c >j səs əvəzlənməsi: sac > saj, qoca > qoya, gecə > gejə, acıq > ajıx və s.
4. Tək hecalı və sözün ortasında v > f səs əvəzlənməsi: ovçu > //ofçi, afçı, divar > difar, divar > tifar və s.
Zəngəzur şivələrinin özünəməxsus morfoloji xüsusiyyətləri müşahidə olunur.
1. Sözün kökünün son hecasında sait uzun tələffüz olunduğu üçün ismin yiyəlik halında saitlə bitən sözlər -n şəkilçisini qəbul edir, samitlə bitən sözlər isə şəkilçi qəbul etmir. Məsələn: qonşu:n quzusu (ədəbi dildə: qonşunun quzusu), ərsi:n ucu (ədəbi dildə: ərsinin ucu), çoba:n surüsü (ədəbi dildə: çobanın sürüsü), qaşı:n təzəsi (ədəbi dildə: qaşığın təzəsi) və s.
2. Mənsubiyyət kateqoriyasında II şəxsin cəmi -i:z, -u:z şəkilçisini qəbul edir. Məsələn: ata:z (sizin atanız), əmi:z (sizin əminiz), quzu:z (sizin quzunuz), inəyi:z (sizin inəyiniz) və s.
3. Feilin əmr şəklinin II şəxsin təki dilimizin qədim dövründə işlənmiş -gınan, -ginən, -gunan, -günən şəkilçisi ilə ifadə olunur. Məsələn: yeginən, getginən, başlagınan, qorugunan və s.
Zəngəzur şivələrinin özünəməxsus sintaktik xüsusiyyətləri müşahidə olunur.
1. II növ təyini söz birləşməsində II tərəf iki mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn: axşam çağısı, tuman bağısı, əmək haqqısı, meşə yolusu və s.
2. III növ təyini söz birləşməsində II tərəf iki mənsubiyyət şəkilçisi qəbul edir. Məsələn: qolxozun sədrisi, birqadanın üzvüsü, qoyunnarın üçüsü və s.
Zəngəzur şivələri üçün səciyyəvi olan sözlər Azərbaycan dilinin digər şivələrinin leksikasından fərqlənir. Məsələn: ağırrıx (Meğri) - “göz xəstəliyi”, axdıcar (Zəngilan) - başqasına mənsub, baraher (Qarakilsə) - böyük düz yer, böyük sahə, cəvcə (Qarakilsə) - cəhəng, çaqqala (Qarakilsə, Zəngilan) - yetişməmiş, kal meyvə, çapo:ulçu (Laçın) - qarətçi, çapqınçı, çırpanax (Meğri, Zəngilan) - meyvə çırpmaq üçün uzun ağac, daddığ (Qafan) - yağda qızardılmış soğan; yağ-soğan, əmdərməx? (Qarakilsə, Laçın, Zəngilan) - tökmək, aşırıb tökmək, çağal (Qubadlı) - quyruğunun ucu ağ, alabula (heyvan), qurulux (Qubadlı) - çürümüş peyin və s.
Göründüyü kimi, Zəngəzur şivələrinin özünəməxsus fonetik, morfoloji, sintaktik və leksik xüsusiyyətləri vardır. Belə bir qənaətə gəlirik ki, Zəngəzur şivələrinin elmi dövriyyəyə daxil edilməsi və Azərbaycan dili şivələrinin təsnifində Zəngəzur şivələrinin adının göstərilməsi məqsədəuyğun olardı.
İbrahim BAYRAMOV,
ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru
(Azərbaycan müəllimi)