Logo

"Vətəndaşlığın əlifbası" kitabından

03.01.2022 14:16 1167 baxış
IMG

Sabir Rüstəmxanlı

Bitik və ya bu kitabı yazmaqda məqsədim.

Məncə, kitab da Allahın varlığının bir əlaməti və onun möcüzələrindəndir...

Ancaq kitabın bir fərqi və özəlliyi də var. Yer üzündə gördüyümüz heç bir şey haqqında “göydən nazil oldu” deyilmir... Göydən gələn, endirilən, Allahın elçiləri tərəfindən insana çatdırılan yalnız Sözdür, qutsal bitiklərdir, Kitabdır! Sonuncusu Qurani-Kərim olmaqla...

Bir də insanların yaratdığı kitablar var; saysız-hesabsız. Bunlar səmavi kitablar kimi qutsal deyil, ancaq hər dəyərli kitab sirli bir vergidən, eşqdən, ilhamdan, vəhydən doğulursa, demək “Yer kitabları”nda da, az və ya çox dərəcədə, bir ilahi nuru, möcüzə cövhəri var!

Göydən gələn bir yeyəcək-içəcək, meyvə, çiçək varmı? Bəlkə Allahın elçisi olan peyğəmbərlər, yaxud özlərini əbədi sayan “tac-taxt peyğəmbərləri” - fironlar, krallar, şahlar, çarlar, padşahlar, prezidentlər, baş nazirlər, yaxud «balaca padşahlar» göydən gəlib?

Yox, gələn yalnız kitabdır! Və göydən gələn qutsal kitabların işığı yer kitablarına da düşüb. Kitab tarix boyunca özəl bir dəyər, əmanət, tapınaq, abidə, anıt, əbədiyyət karvanına vəsiqə sayılıb. Toxunulmaz olub. Buna görə ən ağır günlərimdə də içimdə bir rahatlıq var...

Ərəb dilində kitab sözüylə məktub, katib sözlərinin kökü birdir. Bu birlik kitabın tarixi dəyərini dəqiq göstərir. Onun məktəb olduğunu və bütün nəsillərin bu məktəbdən keçdiyini hər kəs bilir. Bununla yanaşı kitab həm də bir məktubdur.

Avesta nəğmələri də, Bibliya da, Tövrat da, Quran da Allahın insanlara ismarışlarıdır.

Eləcə də bütün böyük söz ustalarının əsərləri də, mahiyyət etibarilə, Allahın ismarışlarına cavablardır, yəni insanın Allaha sevgi və şükranlıq məktublarıdır və çoxu ona müraciətlə başlanır...

Kitab insanı xilas edə bildimi?

Bir də insanla insan, insanla təbiət, insanla şeytan arasındakı dialoqların kitabları mövcuddur.

Əslinə qalsa, insanlığın tarixi bu sözləşmələrdən, xəbərləşmələrdən, bilgi ötürücülüyündən başqa bir şey deyildir... Dünyanın tarixi sözün tarixidir.

Çağdaş sivilizasiyanın xatırladığı təxminən əlli min insan nəsli iki trilyondan artıq şərti insan ilini mühitin, təbiətin dərkinə, xaosla uyum saxlamağa sərf etmişdir. Söz yox ki, bu Uyum arzusu həmişə xəyal olaraq qalacaqdır, çünki texnoloji inkişaf getdikcə daha sürətlə təbiətin nizamını pozmaqdadır. Yaşanmış böyük Ağıl tarixinin sözdə və kitabda qorunmayan kəşflərini və izlərini indi kim xatırlayır? Daşa, sümüyə, ağaca, yarpağa, gilə, metala, parçaya, papirusa, dəri perqamentlərə yazılmış kitablar insanın öz sözünü çağdaşına və gələcək nəsillərə çatdırmaq üçün apardığı axtarışların genişliyi və qeyri adiliyi ilə heyrət doğurur.

Bizə çatan gil və papirus kitabların təxminən 6 min il yaşı var.

Lakin Qobustan rəsmləri, Dəli Dağ və Gəmiqaya qayaüstü yazılarının yaşı on-on iki min ilə çatır. Bütün türk coğrafiyasını əhatə edən saysız-hesabsız başqa daş kitabələrin də yaranma tarixi təxminən bir o qədərdir... Çağdaş uyğarlığın kökü də oralardadır. Amma kim deyə bilər ki, bundan öncə başqa sivilizasiyalar və başqa söz ünsiyyəti növləri olmamışdır?

Dünyanın ən qədim kitabları sayılan Mixi və ya çivi yazılar əslində mıxla, çivi ilə yazılan yazılardır və bu yazılar Şumerlə Azərbaycanın beş-altı min il öncə vahid bir mədəniyyət məkanında olduğunu göstərir.

Dəridə yazılmış ən böyük kitab Avesta sayılır. Avesta da türklərə birbaşa əlaqəsi olmasa da Azərbaycan ərazisində yaranmışdı və təxminən 12 min inək dərisində qorunurdu. Çinin kəşfi sayılan kağızın vətəni Çin deyil, Doğu Türküstandır. Oradan Çinə yayılmış, 650-ci ildə Səmərqəndə, sonra isə Təbrizə və Bağdada gəlmişdi. Avropa kağızı bizdən 2-3 əsr sonra gördü və kağızda kitab çapını da ipək yoluyla gələn şərqlilərdən öyrəndi. Lakin o zaman kağız istehsal edən Azərbaycan indi onu bütünlüklə kənardan gətirir.

Mətbəə üsulu ilə çap olunan ilk kitabımız Nəsrəddin Tusinindir, 1594-cü ildə Romada basılmışdır. Azərbaycan ərazisində ilk nəşr kitabı isə dahi Füzulinin “Leyli və Məcnun”udur: 1819-cu ildə Təbrizdə buraxılmışdır.

İstanbula, yəni türk-islam aləminin baş kəndinə mətbəə XVI yüz ildə gəlib, Təəssüf ki, uzun müddət dini cəhalət türklər arasında mətbəəçiliyin yayılmasına imkan verməyib.

Sivilizasiyalardan, yəni uyğarlıqlardan intiqam almaq istəyən insanlıq düşmənləri öz vəhşilik yanğılarını, sərhədsiz qəzəb və intiqam hisslərini ilk növbədə kitabı yandırmaqla «soyutmağa» çalışdılar. Sözü hədəf seçdilər. Tarixi öz yolundan çıxarmağın, öz güclərini göstərməyin başqa yolunu tapa bilmədilər. İnsan öldürmək və onun səsini batırmaq, kitablarını yandırmaq.

Şah rejiminin 1947-ci ildə Güney Azərbaycanındakı kitab terroruna Səməd Vurğunun şair etirazı uşaqlıqdan yaddaşımıza köçüb:

Cəllad, sənin qalaq-qalaq yandırdığın kitablar

Min kamalın şöhrətidir, min ürəyin arzusu...

Biz köçürük bu dünyadan, onlar qalır yadigar.

Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,

Min kamalın şöhrətidir, min ürəyin arzusu.

Bir vərəqlə tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda,

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Sözə qarşı çıxanlar Allaha qarşı çıxdıqlarını anlamırdılar; bu savaş hər zaman sözün qələbəsi ilə sonuclanır... İranın fars-molla rejimi bu gün də məktəblərdə türklərin ana dilində oxumasını yasaq edib, lakin bu, uzun çəkməz və böyük Səməd Vurğun demişkən yaxınlaşan azadlıq baharının ətri duyulmaqdadır!

Bizim qədim dilimizcə bitik adlanan kitab, insanlığın yaşıyla müqayisədə gəncdir. Ancaq yazıda qalmayan tarix sayılmır. Yazının tarixi həm də böyük yaddaşın, İlahinin varlığına inandıran yaddaşın tarixidir...

Həm müqəddəs kitabların, həm də bütün digər yazıların əsas amacı birdir: yerdə və insan həyatında düzən yaratmaq, insanı kamilləşdirmək, öz yaradılış məqsədinə yönəltmək... Buna insan mühəndisliyi də deyilir.

Kitab toplumun mühəndisidir, ruh və əxlaq memarıdır. İstər din kitabı olsun, istər şeir, nəsr, elmi araşdırma, qoşqu, vəhy... Niyyət birdir.

«Yazıq ruh əkinçisi!» Qələm əhlini, dünyanın sözlə dəyişdirməsinə inananları «ruh əkinçisi» adlandırmışam. Min illərdir bu ruh əkinçilərinin neçə-neçə nəsli, məktəbi, yolu, üslubu, muridləri gəlib keçib bu dünyadan.

Əkdiklərinin bəhrəsini görənlər çox oldu. Ancaq bunun qiymətini, hesabını aparmaq mümkündürmü? İnsan unutqandır... 50-ci mərtəbədə ayağının altını unudur bəzən. Havada olduğunu, altdakı 49 qat olmasa yaddan çıxarır.

Kainatın zaman ölçüləriylə müqayisədə bir an kimi görünən insanlıq tarixi – sözün gücüylə qatmaqarışıqlığı yönəltmək, xaosu düzənə soxmaq cəhdi olmaqla dəyərlidir.

Təəssüf, insan mühəndisliyinin, minillikləri qapsayan, coğrafiyalara, zamanlara sığmayan söz quruculuğunun bəhrəsini ölçə biləcək bir cihaz yoxdur.

Kitablar nəyi qurub, nəyi yaradıb, nəyi məhv etmişdir? Dəyərləndirmək çətindir!..

Avestasız, Tövratsız, İncilsiz, Quransız, Zərdüştsüz, Musasız, İsasız, Həzrəti Məhəmmədsiz dünya necə qurulardı görəsən? Ancaq müqəddəs kitabların müqəddəsliyi qəbul edilə bilməyən din savaşlarına yol açması və bütün qitələrlə milyonlarla insanın qanının tökülməsinə səbəb olduğu da inkaredilməzdir.

Dahi qələm sahiblərinin əsərləri olmasaydı, insan ruhunun mənzərəsi nə dərəcədə kasıb görünərdi?

Yüz minlərlə əlyazması, qalın cildlər--bəşəriyyətin böyük hərəkətinin yol nişanları və ya tarix yaddaşının adlamaclarıdır. Kitabxanalar aşıb daşır, elektron kitablar sərhəd tanımır. Dəyəri bilinməyən bir möcüzə, ölçüyə gəlməyən bir sərvət!.. Bütün bunlar insanı xoşbəxt edə bildimi? İnsan nə vaxt daha rahat idi? İnformasiya yükünün altında 60-70 illik ömrünü şüurlu əzablar içində keçirəndə, yoxsa təbiətlə baş-başa yarımvəhşi şəkildə, heç nəyi düşünmədən yaşayanda? Min illərin sualıdır!

Qələm də heykəltəraş tişəsinə bənzəyir. Fərq bundadır ki, şəhərləri bəzəyən, yüz ildən yüz ilə addımlayan, içində qəlb olsa insandan seçilməz olan heykəlləri heykəltəraş hamının görə biləcəyi şəkildə, əlindəki tişəylə yonur, yontalayır, cilalayır.

Ancaq kitabın, sözün insanları nə dərəcədə cilaladığı adi gözlə görünmür və yazarın işi onun ömrüylə bitmir.

Peyğəmbərlər, yazarlar, sufilər, dərvişlər, aşiqlər, filosoflar, sosioloqlar, tarixçilər, ictimaiyyətçilər... Bunların hamısı insanın yaradılış sirrini, təbiətini, keçib gəldiyi yolları öyrənməklə həyatin mənasını anlamağa çalışmış, dünyada cövlan eləyən ədalətsizliyin, zorun, zülmün, vəhşiliyin qarşısını almağa – gözəllik və kamillik axtarışına xidmət etmişlər. Bu istəklər kitablarla toplanmışdır.

Silaha qarşı – kitab!

Cəhalətə, korazehinliyə, köləlik psixologiyasına qarşı – kitab!

Tiranlara, despotlara, şahlara, Allahsız yer allahlarına qarşı – kitab!

Kitab düşmənlərinə qarşı – kitab!

Qılınca qarşı – qələm!

Şərə qarşı – söz!

…Bu kitabı yazmağa məni həvəsləndirən duyğu öz dua, cadu və yol işarətlərini qayalara həkk edən qədim və ya ibtidai insanın duyğularından az fərqlənir. O insan ilkin inancına bağlıydı. Ona tapınırdı. Bir söz, cümlə və işarəylə öz soydaşlarına, yoldaşlarına ismarışlar göndərir, yerini nişan verir, özünü və qəbiləsini fəlakətdən yayındıra bildiyinə etiqad bəsləyir və ya səsini göylərə və gələcək nəsillərə çatdırdığına inanırdı. Mən də sözümün təsiriylə oxucularımın mürgüləyən gücünü, duyğularını hərəkətə gətirmək istəyirəm.

Əlifba sözü ən ilkin, özül, A... B... C... hərflərinin günbəgün öyrənilməsi səviyyəsində olan bir işdir. Lakin həm də iddialı görünə bilər. Əslində ən dahiyanə, ən qatı fəlsəfi düşüncə səviyyəsində yazılan kitablar, yaxud çoxcildlilik epopeyalar da əlifbadır. Etiraf edilməsə də hamısında gizli bir öyrətmək həvəsi və iddiası var.

Mənim niyyətim öyrətmək deyil, xatırlatmaqdır. Diqqəti yönəltməkdir. Təbiət qoynunda dayanmışam, bir tərəfdə yolsuzluq, dibsiz uçurum, başqa bir tərəfdə yol. İnsan ruhuna, dünyaya, hədəfə, abadlıq və gözəlliyə açılan qapı. Mən bu yolu başdan ayağa, ətrafındakı gözəlliyin bütün zənginliyi ilə təsvir edə bilmərəm. Buna ehtiyac da yoxdur. Yalnız öz yaşantılarıma söykənib hansı yolun hara apara biləcəyini aydınlaşdırmağa çalışıram. Yəni hansı səmti tutub getsək daha yaxşı olar.

Bu, şəxsi təcrübəyə, xarakterə, istəyə bağlı olan bir məsələdir. Başqası başqa cür düşünə və yaza bilər.

Söz də meyvə kimi yetişəndə budaqdan düşməlidir. Yoxsa qalıb quruyur, ağaca yük olur. Qarda, küləkdə daha çox əyir onu.

Saçlarıma qar ələnən vaxtdır və sözlərimi qurutmadan kağıza köçürmək istəyirəm.

Onsuz da 1988-ci ildən başlanan savaş, Azərbaycanı məhv etmək siyasəti bizi də mənən sarsıtdı. Mən bu fəlakətə qarşı müqavimətin ön cərgəsində olmuşam və çox sözümü mübarizəmizə qurban vermişəm.

Ancaq heç bir çətinlik və sarsıntı taleyi ilhamına bağlı olan adamları sözdən, kitabdan tamamilə soyuda bilməz! Sözün gücünə inamımı itirmədim. Bu kitabımın da bir çimdik duz, bir fincan su kimi gərəkli olması arzusundayam...

Xalqların varlığı – mübarizə yoludur. Bu mübarizədə məğlubiyyətlər ola bilər. Biz ərazimizi itirmişik, ruhumuzu yox! Ərazimiz parçalanıb, milli kimliyimiz yox!

“Tarix təcrübəsi göstərir ki, ərazi işğalı ictimai tərəqqinin yox, ictimai çöküşün, çürümənin əlamətidir” (A.Toynbi) Məncə, Ermənistanda buraxılan bütün məktəb dərsliklərinin birinci cümləsi məşhur tarixçinin bu cümləsi olmalıdır. İnkişafların kökü şəxsi məsuliyyətdə və ya vətəndaşların məsuliyyətindədir...Allahı olan, böyük ideallara bağlı xalqın gücü tükənməzdir... Belə xalqı öldürmək olmaz, özü özünü ölümə aparmasa, intihar eləməsə...İnam və iradə varsa, müvəqqəti uduzsan da, sonda qalib gələcəksən. Yorulub, əlini yanına salıb otursan həmişəlik uduzacaqsan. Mən ədəbiyyatımızı və kitablarımızı millətimizin silahı və ya məşəli kimi görmək istəyirəm. Xoş günündə çiçək dəstəsinə, sevgi nəğməsinə də dönə bilər! Haqq savaşından yorulmaq – ölümlə barışmaqdır.

Yaşamaq – ilkdən sona fasiləsiz bir mücadilədir.

Şəxsi iradə olmadan insan, milli iradə olmadan millət xoşbəxtliyə qovuşa bilməz.

Milli iradə zərrə-zərrə, söz-söz toplanan tükənməz bir ruh qaynağı, ruh enerjisidir. Elə bir enerji ki, onu silahla məhv etmək olmaz.

Mən də sözümü bu milli enerjiyə qatmaq istəyirəm. Bu enerjinin bir damarı da vaxtilə «qan yaddaşı» dediyim (indi hamının dilindədir) tarix düşüncəsindən, milli kimliyin dərkindən gəlir. Yazdıqlarımın hamısı bu kimliyin dərkinə xidmət edir.

Bu sözləri yazanda keçdiyim yolları düşünürəm, xatirələrim uzaq illərin ardından baş qaldırır və görürəm ki, mən elə bir müəllim ömrü yaşamışam. Bunu çəkinmədən və təvazökarlıqdan kənar görünəcəyini nəzərə almadan yazıram. Söz yox bu yolu özüm seçməmişəm. Ancaq gücüm çatdı-çatmadı heç vaxt ədalətsizliyin, zülmün, yalanın, riyakarlığın yanından sakit keçib getməmişəm. Balaca kitabxanalardan, beş-on nəfərlə görüşlərdən tutmuş bir milyonluq meydanlara kimi, harada əlimə imkan düşübsə, hökmən bilinməyən bir həqiqəti söyləmək, vahiməli görünən bir ictimai-siyasi yasağın pərdəsini cırmağı özümə borc bilmişəm. Bunlar mənim şifahi kitabım olub.

İndiyədək qələmimdən nə çıxıbsa hamısının öz əsas kitabıma giriş hesab eləmişəm.

Bu kitabı da bir giriş kimi yazıram. Sözümün canını nə vaxtsa deyəcəyim ümidliydə. Bütün ömrümüzü də belə yaşayırıq: yarat, qur, yürü, sanki qarşıda, çıxdığın dağın təpəsində bir cənnət bulacaqsan. Ancaq, sən demə, cənnət deyilən sadəcə bir SON-dur. Həyat isə elə o Sona doğru gedən yoldan ibarət imiş. (bakupost.az)

Xəbər lenti