Logo

ADPU tələbəsi: 2022-ci ilin "Şuşa İli" elan edilməsi tarixi bir hadisədir

03.01.2022 17:29 1081 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili "Şuşa İli" elan edib.

Prezident İlham Əliyev 2022-ci ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirib. Müzəffər Ali Baş Komandanın bu qərarı tarixi bir hadisədir və ölkə rəhbərliyi tərəfindən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə göstərilən böyük diqqət və qayğının göstəricisidir. Ənənələrə daim sadiq qalan, yeniliklərə açıq, sarsılmaz iradəyə malik prezident İlham Əliyev Zəfərlə başa çatan 44 günlük vətən müharibəsində böyük sərkərdəlik məharəti ilə bütün dünyanın diqqətini cəlb etdi. Zəfər Yürüşünün Ali Baş Komandanı İlham Əliyev 44 günlük vətən müharibəsində qalib gələrək Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. İşğal altında olan torpaqlarımız işğaldan azad edildi. Cənab prezident İlham Əliyev 2003-cü ildən - Ölkəyə rəhbərlik etməyə başladığı andan etibarən həmişə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq olmuşdur. Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan tarixinə, mədəniyyətinə, adət-ənənələrinə diqqət və qayğı ilə yanaşması təqdirəlayiqdir. Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirdiyinin əyani sübutdur. Ulu Öndər Heydər Əliyev Şuşa şəhərinə böyük dəyər verərək şəhər haqqında aşağıdakı fikirləri söyləmişdir: 

"Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər
Azərbaycan torpağının sahibləri olublar və 
Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.

"Şuşa İli"ndə tarixçilərin, mədəniyyət işçilərinin, araşdırmaçıların üzərinə böyük məsuliyyət düşür. Bu il Şuşanın qədim tarixi, bu ərazidə formalaşıb müasir dövrə kimi gəlib çatmış, yüksək inkişaf etmiş mədəniyyətin hansı mərhələlərdən keçib formalaşdığı dəlillər, sübutlar və mənbələr əsasında öyrənilməlidir. Gənc nəsil Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin bu məqama kimi necə yüksəldiyini tam mahiyyəti ilə dərk etməlidir. Ulu Öndər Heydər Əliyevin böyük dəyər verdiyi şəhərin tarixi gənc nəsilə düzgün şəkildə təbliğ edilməlidir. Ümumilli lider Heydər Əliyevin Şuşa şəhərinə olan münasibəti, böyük öndərin Azərbaycan tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə göstərdiyi, əsasında vətənpərvərlik, milli düşüncə, milli təfəkkür duran diqqət və qayğının nümunəsidir. Yalnız bu nümunələr əsasında gələcək üçün milli-vətənpərvər gənclik yetişdirmək mümkündür. O, nümunələr böyük öndərin mənəvi aləminin, milli düşüncəsinin, vətənpərvər ruhunun məhsullarıdır. Onların itməsinə imkan vermək olmaz. Xalqımızı və dövlətçiliyimizi məhv olmaqdan xilas edən Heydər Əliyev irsi əbədi yaşamağa layiqdir. Şübhəsizdir ki, bu irs gələcəkdə də xalqımızı və dövlətçiliyimizi daim mühafizə edəcək! 

Anar Salehoğlu,
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal

Xəbər lenti