Logo

Bakı Dövlət Universiteti “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

04.01.2022 15:46 971 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.

BDU-dan bildirilib ki, “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 min manat);

Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 min manat).

Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:

2021-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən təbiət və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus”, humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOİ və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar elektron formada və ya kağız şəklində yanvarın 25-dək, saat 17.00-dək qəbul olunur.

İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

Əlavə məlumat üçün müraciət etmək olar: Tel: (+994 12) 538 60 63, E-mail: [email protected]

Xəbər lenti