Logo

Ağac parçası, yaxud sənət əsəri? Zəfərimizdən ilhamlanan usta danışır - VİDEO

05.01.2022 13:27 702 baxış
IMG

Qoz, palıd və cökə ağaclarının parçalarından bir-birindən gözəl sənət nümunələri yaradan usta bütün əl işlərini həyətindəki çox da böyük olmayan emalatxanasında hazırlayır. 

Söhbət Gəncədə yaşayıb-yaradan dekorativ tətbiqi sənət ustası Saləddin Məhərrəmovdan gedir. 

Təbiət kompozisiyaları, fəlsəfi və mistik həyatı özündə əks etdirən əsərləri ilə tanınan rəssam Saləddin Məhərrəmovun sözlərinə görə, 30 ildir ağacla işləyir və bu günə qədər 60-dan artıq müxtəlif səpkili kompozisiyalar ərsəyə gətirib. 

Sənətə ilk dəfə 23 yaşında rəssam kimi başlayan sənətkar sonralar müxtəlif ağac parçaları üzərinə fantaziyalarını köçürərək ağacoyma sənətinə meylini salıb. S.Məhərrəmov deyir ki, hazırlayacağı əsərin öncə təxəyyülündə formasını qurur, daha sonra eskiz ağac materialına köçürülür və beləcə, günlər, aylar ötdükcə yonulan ağacdan bitkin bir sənət əsəri alınır. 
Sənətkar 44 günlük Vətən müharibəsindən ilhamlanaraq ərsəyə gətirdiyi bir sıra əsərlərini Novruz bayramı günlərində Şuşada təşkil olunacaq sərgidə nümayiş etdirməyi arzulayır.

Yaradıcılığı boyu Azərbaycan təbiətini tərənnüm etməyə çalışan rəssam əsasən relyef, barelyef şəklində əsərlərini yaratmağa çalışıb. Uzun illərdir Gəncə şəhərini ölkə daxilində və beynəlxalq səviyyədə öz dəyərli əsərləri ilə təmsil edən sənətkar bu ildən daha çox yaradıcılığını Qarabağa və onun zəngin təbiətinə həsr edəcəyini qarşısına məqsəd qoyub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti