Logo

Təhsilimizin nurlu siması

05.01.2022 18:54 907 baxış
IMG

Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Bu ilin yanvar ayının 5-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin anadan olmasının 115 illiyi tamam oldu.
 
Bu böyük şəxsiyyətin həyatı və xalq maarifi yolunda gördüyü tarixi işlərlə geniş ictimaiyyəti tanış etməyi özümə borc hesab etdim.

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. Daşkəsən kəndi Cəbrayıl qəzasının böyük kəndlərindən biri idi. Həmin dövrdə kənddə dini təhsillilərlə yanaşı, dünyəvi təhsil alanlar da var idi. Atası Məmməd kişi də başqaları kimi oğlunu savadlı görmək istəyirdi. Onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim olması idi. 1914-cü ildə Azərbaycanın bir çox kəndlərində olduğu kimi, Daşkəsən kəndində də təlim rus dilində aparılan ibtidai məktəb açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur. 1920-ci ildə o, doğma kəndlərində qiraət komasının müdiri kimi müxtəlif mədəni tədbirlərdə iştirak etməyə başlayır. Lakin onun arzusu müəllim olmaq, millətinin balalarına dərs demək, bilik öyrətmək idi. Bu zaman rayon mərkəzində altı aylıq pedaqoji kursların açılması onun arzusunu yerinə yetirməyə imkan yaradır. Gənc Mehdi böyük həvəslə həmin pedaqoji kursda oxuyur və oranı bitirdikdən sonra doğma kəndində müəllimliyə başlayır. Yeri gəlmişkən qeyd edək ki, Mehdi müəllim 1921-ci ilin oktyabr ayını - müəllim olmaq arzusuna çatdığı ayı - sonrakı bütün uğurlu pedaqoji fəaliyyətinin təməli hesab edərək həmişə sevinc hissi ilə xatırlayardı. O zamandan başlayaraq, Mehdi Mehdizadə ömrünü sonsuz məhəbbətlə sevdiyi müəllimlik işinə həsr edir. Az sonra müdir olduğu birinci dərəcəli məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırır, kəndli balalarını sevə-sevə, əzizləyə-əzizləyə məktəbə cəlb edir, onlar üçün dəftər-kitab tapıb gətirir, kövrək, kiçik ürəklərə əsl müəllim ürəyinin sonsuz məhəbbətindən pay verir. Həm öyrədir, həm də öyrənir, özünütəhsillə ciddi məşğul olur, biliyini artırır. 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, görkəmli maarif xadimi, Qori Müəllimlər Seminariyasının (1906) və Tiflis  Müəllimlər İnstitutunun (1907) məzunu Cavad Nəcəf oğlu Cuvarlı (1886-1963) Mehdi Mehdizadənin müdir olduğu məktəbdə yoxlama aparır və bu uğurların şahidi olur. Yüksək tədris nəticəsinə görə gənc müəllim Mehdini  mükafatlandırırlar. Bu uğurların qazanılmasında atası Məmməd kişi ilə yanaşı, anası Tamaşa xanımın da böyük zəhmətləri olmuşdur.

İlk uğurdan ruhlanan, müəyyən pedaqoji təcrübəyə və nəzəri hazırlığa yiyələnən Mehdidə yeni arzu - tam pedaqoji təhsil almaq arzusu oyanır. 1923-cü ilin mayında Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa yeddi müəllim göndərilir, onlardan biri də Mehdi Mehdizadə idi. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra, o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə institutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir.

Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasında orta təhsil verən məktəbdə pedaqoji işini davam etdirir. Həmin dövrdə o, yalnız tədris-metodiki işlərlə deyil, eyni zamanda, ümumpedaqoji problemlərlə də maraqlanırdı. Buna görə də qəza metodbürosunun sədrliyini də rəsmi olaraq ona tapşırırlar. O, qəza  metodik mərkəzinə böyük həvəs və məharətlə rəhbərlik edir, ibtidai məktəblərin yeni proqramları, təlim metodları, məktəbin həyatla əlaqəsi və dövrün digər aktual problemləri haqqında göstərişləri ilə qəza müəllimlərinin işinə metodik yardım göstərir. Həmin illərdə qəzada olduğu kimi, Respublika Xalq Maarif Komissarlığında da Mehdi müəllimin pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilir.

1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edirlər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində təzəcə təşkil edilmiş aspiranturaya pedaqogika ixtisası üzrə  qəbul edilir. 1932-ci ildə isə yeni yaradılmış Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına köçürülür. 1932-ci ilin sentyabrından ADPİ-nun pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Zaman keçdikcə elmi-pedaqoji fəaliyyətini, ictimai işlərdəki fəallığını artırır, eyni zamanda, ADPİ-də pedaqogikadan mühazirələr oxuyur, pedaqogika tarixi və müasir təlim-tərbiyə məsələləri ilə bağlı dövrü mətbuatda çıxış edir.

Aspiranturanı bitirdikdən bir il sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rəhbərliyi Mehdi Mehdizadənin institutdakı elmi-pedaqoji və ictimai fəaliyyətini nəzərə alıb 1934-cü ildə pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edir. Az müddət bu vəzifədə çalışdıqdan sonra 1934-cü ilin sonunda onu daha məsul vəzifəyə ADPİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Beləliklə, Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuş 31 yaşlı Mehdi Məmməd oğlu ölkənin müəllim hazırlayan ən böyük ali məktəbinin aparıcı siması kimi tanınır. O, 1934-1937-ci illərdə bu məsul vəzifədə çalışarkən gecəsini-gündüzünə qataraq  cəmiyyətdə institutun nüfuzunun yüksəlməsi istiqamətində səmərəli fəaliyyət göstərir.

Mehdi Mehdizadə 1941-ci ildə "Azərbaycan məktəblərində savad təlimi tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. O, 1941-1942-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununa qədər ordu sıralarında - İkinci Dünya Müharibəsinin qanlı döyüşlərində iştirak edir. Müharibədən qayıtdıqdan sonra 1946-1950-ci illərdə doğma institutda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində ləyaqətlə çalışır. Müharibənin təsirinin güclü hiss olunduğu həmin illərdə Mehdi müəllim yüksək mədəniyyəti, insani hərəkətləri, ətrafındakılara münasibəti, tələbələrə göstərdiyi atalıq qayğısı ilə böyük rəğbət qazanır.

Azərbaycan cəmiyyətində ilbəil artan nüfuzu Mehdi müəllimin 1950-ci ildə 315-ci seçki dairəsindən Bakı Şəhər Sovetinə deputat seçilməsi, 1950-1951-ci illərdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışması, 1951-ci ildə Dəstəfur seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi, 1951-ci ilin noyabrında isə Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunması ilə nəticələnir.

Mehdi Mehdizadə 1952-ci ilin mart ayında  Azərbaycan SSR-nin maarif naziri vəzifəsinə təyin edilir. O, bu vəzifədə cəmi üç il işləyir və 1954-cü ildə yenidən nüfuzlu elm və təhsil ocağı olan pedaqoji instituta göndərilir. Onun bu vəzifədə az işləməsi 1953-cü ildə İosif Stalinin ölümündən sonra Azərbaycanda baş verən siyasi hadisələrlə əlaqədar olmuşdur.

Mehdi müəllim 1954-1959-cu illərdə elmi-pedaqoji fəaliyyətini daha da genişləndirir və bu sahədə uğurlu elmi nəticələrlə diqqəti cəlb edir. 1956-cı ildə "Azərbaycan sovet məktəbinin tarixi" mövzusunda yazdığı doktorluq dissertasiyasını Moskvada böyük müvəffəqiyyətlə müdafiə edir. Pedaqoji elmlər doktoru Mehdi Mehdizadə 1957-ci ildə ADPİ-nin professoru vəzifəsinə seçilir. İki ildən sonra 1959-cu ilin sentyabrında o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir.

Görkəmli alim və təhsil təşkilatçısı 1960-cı il-Azərbaycan Kommunist Partiyasının XXIV qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmiş, həmin ilin mart ayında yenidən Azərbaycan SSR maarif naziri vəzifəsinə təyin edilmişdir. Onun 1960-cı illərin əvvəllərində Azərbaycan, rus və digər dillərdə nəşr etdirdiyi elmi məqalələr, kitablar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda etdiyi məruzələr Azərbaycan məktəbinin və pedaqoji elminin dünyada tanınmasına təkan verdi. Alimin "Azərbaycan məktəbləri yenidənqurma yollarında", "Məktəbdə təlim-tərbiyə işlərinin yenidən qurulması" adlı kitabları, "Təlimin məhsuldar əməklə birləşdirilməsinə dair bəzi qeydlər", "Məktəb sisteminin yenidən təşkili məsələlərinə dair qeydlər", "Dərsdə şagirdlərin fəallığını artırmaq haqqında bəzi qeydlər" və digər məqalələri apardığı elmi tədqiqatların nə qədər əhəmiyyətli və çoxsahəli olduğuna dəlalət edir.

Mehdi Mehdizadənin fəaliyyətində beynəlxalq əlaqələr, beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə fəal iştirak, bu tədbirlərdə dərin məzmunlu elmi pedaqoji məruzə və çıxışlar əsas yer tutur. O, 1961-1965-ci illərdə YUNESKO-nun Yaşlıların Təhsili üztə Məsləhət Komitəsinin daimi üzvü olmuş, 1960-cı ildən başlayaraq 20 il ərzində məharətlə, şəxsi nümunə göstərməklə Azərbaycanın xalq maarifi sisteminə ləyaqətlə rəhbərlik etmişdir. O zaman Sovet hökumətinin maarif məsələləri üzrə tapşırıqlarını yerinə yetirmək məqsədi ilə sovet nümayəndə heyətinin tərkibində Polşada, Hollandiyada, Fransada, Afrikada və digər ölkələrdə rəsmi səfərlərdə olmuş, pedaqogika elminin nailiyyətlərini məharətlə təbliğ etmiş və böyük nüfuz qazanmışdır.

Təqdirəlayiq haldır ki, onun "Məktəbdə təlim tərbiyə işinin yenidən qurulmasının bəzi məsələləri", "Azərbaycan xalq maarifi yeni yüksəlişdə" monoqrafiyaları ciddi elmi-nəzəri və praktik əhəmiyyəti ilə yalnız Azərbaycanda deyil,  Sovetlər İttifaqında elmi-pedaqoji ictimaiyyət arasında çox böyük maraqla qarşılanmışdı. 1961-ci ildə "Zaqafqaziyada yaşlı əhali arasında savadsızlığın ləğvi təcrübəsindən" adlı məqaləsi YUNESKO-nun Şərq ölkələri üzrə mətbuat orqanında çap olunmuşdur. Akademik Mehdi Mehdizadənin 1961-ci ilin  iyun ayında YUNESKO yanında Yaşlıların Təhsili Üzrə Beynəlxalq Komissiyanın sesiyasında iştirakı, orada "Afrika ölkələrində yaşlı əhalinin təhsilinin əsas məsələləri" mövzusunda məruzəsi böyük marağa səbəb olmuş və YUNESKO-nun sənədlərində ingilis, fransız və ispan dillərində çap olunmuşdur. "Azərbaycan sovet məktəbinin tarixinə dair xülasələr" adlı monoqrafiyası 1962-ci ildə Moskvada rus dilində nəşr olunmuşdur. Mehdi müəllim həmin ilin martında Afrika ölkələri maarif nazirlərinin Parisdə keçirilən beynəlxalq konfransında da problemliyi ilə diqqəti cəlb edən məruzə ilə çıxış etmişdir.

Xalq maarifinin görkəmli təşkilatçısı, pedaqogika elminin tanınmış nümayəndəsi, ictimai-siyasi xadim, professor Mehdi Mehdizadə o vaxtlar dərin biliyi, zəngin irsi, peşə səriştəliyi ilə, həm nazir, həm də alim kimi keçmiş SSRİ miqyasında böyük hörmətə və nüfuza malik idi. Məhz buna görə də o, 1966-cı ilin avqust ayında yeni yaradılan SSRİ Pedaqoji Elmlər Akademiyasının təsis komissiyasının tərkibinə daxil edilmiş və birbaşa akademiyanın həqiqi üzvü seçilmişdi. 

Akademik Mehdi Mehdizadə 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji Ensiklopediya"nın, 2 cildlik "Pedaqoji lüğət"in müəlliflərindən biri kimi tanınır. 50 ilə yaxın çox məsuliyyətli dövlət vəzifələrində çalışması onu 1930-cu ildən başladığı elmi-pedaqoji tədqiqatlarından bir an belə ayırmamış, həmin işləri ömrünün sonuna qədər sistemli şəkildə davam etdirmiş, məhz bu cür aydın məqsəd, ardıcıl səyin, fəaliyyətin nəticəsində respublikamızda pedaqoqika elminin formalaşmasına müsbət təsir göstərmişdir. Onun ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılmış, onların nəticələrinin tətbiqi təhsil sistemimizə böyük fayda vermişdir. Həyatının son illərində tamamladığı "Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı", "Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı" adlı əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Akademik Mehdizadənin həyatına, ömür yoluna diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə səmərəli nəticə verən işlər görmüş, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti və təşəbbüskarlığı ilə bu mühüm sahənin tanınmış simalarının diqqətini cəlb etmiş, onlarda xoş təəssürat oyatmışdır. Onun şəxsiyyətində müəllimliklə alimlik müntəzəm olaraq bir-birini tamamlamışdır. Mehdi müəllimin elmi üslubu da çox aydın və cəlbedici olmuşdur. O, təlim və tərbiyə prosesinin hər hansı sahəsinə müraciət edibsə, orijinal fikir, mühakimə yürütmüş, nəzəri və praktik cəhətdən çox böyük əhəmiyyət kəsb edən ümumiləşdirmələr aparmışdır. Nəzəriyyə ilə təcrübənin üzvü şəkildə dialektik vəhdətdə verilməsi Mehdi müəllimin elmi pedaqoji yaradıcılığına xas olan cəhətlərdəndir. O, respublikanın maarif naziri kimi çox mühüm dövlət əhəmiyyətli bir vəzifədə çalışarkən bir an belə qələmini yerə qoymamış, xalq maarifi quruculuğunun müxtəlif mərhələlərində təlim-tərbiyə prosesinin ən vacib problemlərini görkəmli alim, dövlət xadimi təfəkkürü ilə işıqlandırmış, konkret əməli yollar göstərmişdir. Maarif təşkilatçılığı ilə elmi yaradıcılıq onun ictimai-pedaqoji fəaliyyətində həmişə qoşa qanad, paralel istiqamət, inkişaf xətləri kimi vəhdətdə olmuşdur.

Ölkəmizin xalq maarifinin müxtəlif pillələrində uzun müddət Mehdi müəllimlə bir yerdə çalışanlar, onu yaxşı tanıyanlar (professorlar Hüseyn Əhmədov, Nurəddin Kazımov, Yəhya Kərimov, Zahid Qaralov, Şəmistan Mikayılov, Əjdər Ağayev, Vidadi Xəlilov, dosentlər Nəcəf Nəcəfov, Arif Muradov və başqaları) öz xatirələrində səmimi şəkildə etiraf edirlər ki, o, çox böyük şəxsiyyət, gözəl insan idi. Adamları, xüsusilə dövləti idarə vəzifələri üzrə tabeçiliyində olanları arzu və istəklərini tezcə duyub qiymətləndirməkdə, düzgün nəticə çıxarıb, ona uyğun tədbir görməkdə Mehdi müəllimin tayı-bərabəri yox idi. Düşünürəm ki, onun geniş ümumxalq məhəbbəti qazanmasının əsas səbəbləri göstərilən cəhətlər və şəxsi keyfiyyətləri idi.

Akademik Mehdi Mehdizadənin yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olmuş, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. O, eyni zamanda Moskva, Tbilisi, Bakı və digər şəhərlərin elmi şuralarında müdafiə edilən onlarla namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Bu sahədə çalışan yaşlı nəslə mənsub olan alimlərimiz onun ancaq özünəməxsus alimlik etikasını, məsləhətvermə qabiliyyətini indi də xatırlayır, öz elmi fəaliyyətlərində nəzərə alırlar. Xalq maarifinin və pedaqogika elminin aktual məsələləri ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkilində həmişə fəal iştirak etmiş, dərin məzmunlu mühazirələr oxumuş, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxtəlif komissiyalarına bacarıqla rəhbərlik etmişdir.

Akademik Mehdi Mehdizadənin zəngin pedaqoji irsində təhsilin idarəedilməsinə dair nəzəri fikirləri böyük maraq doğurmuşdur. O, bu istiqamətdə inzibati-amirlik üslubunun əleyhinə çıxmış, elmi-metodik əsaslarla idarəetməyə üztünlük vermişdir. Mehdi müəllimin təhsili idarəetməyə dair baxışları, fikirləri mükəmməlliyi, elmi-nəzəri və praktik dəyəri ilə öz dövründə yüksək qiymətləndirilmiş, elmi məclislərdə və rəsmi müşavirələrdə təqdir edilmişdir. Təsadüfi deyil ki, 1976-cı ildə təhsilin idarəedilməsi ilə bağlı apardığı araşdırma zamanı aldığı dəyərli elmi nəticələr elə həmin il rus dilində "Sovetskaya pedaqogika" jurnalında çap edilmişdir. Hesab edirəm ki, onun respublika xalq maarifinin inkişafı sahəsindəki geniş fəaliyyəti indinin özündə də diqqətlə öyrənilməli və tətbiq edilməlidir. Düşünürəm ki, həyatı, geniş elmi-pedaqoji fəaliyyəti, parlaq şəxsi nümunəsi ilə böyük bir məktəb yaratmış bu böyük insanın elmi irsi mütəxəssislər tərəfindən dərindən öyrənilməli və araşdırılmalı, silsilə kitablar şəklində ölkəmizin elmi-pedaqoji ictimaiyyətinə çatdırılmalıdır.

Xüsusi qeyd etmək yerinə düşər ki, Mehdi Mehdizadənin 23 ilə yaxın ölkə maarif sisteminə rəhbərlik etdiyi dövrdə respublika rəhbərliyi dörd dəfə dəyişmişdir. Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə, o, böyük hörmətlə 10 il öz şərəfli misiyasını davam etdirmiş, 1981-ci ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

Mehdi müəllim öz ərizəsinə əsasən, 24 fevral 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindın azad edilmiş, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olmuşdur. O, təqaüdə çıxdığı ilk gündən institutla əlaqələrini daha da genişləndirmiş, "Mühüm pedaqoji problemlər" mövzusunda elmi-nəzəri seminara rəhbərlik etmişdir. Ayda bir dəfə keçirilən həmin seminarda respublikanın bütün pedaqoq alimləri, metodistləri və praktik müəllimləri iştirak edirdilər. Seminar məşğələlərində pedaqogika elminin ən aktual problemləri diqqət mərkəzinə gətirilirdi. Çox böyük fəallıq və işgüzar müzakirə şəraitində keçən seminar məşğələlərinə maraq daha da artırdı. Seminarın rəhbəri kimi bu sahədə çalışan tədqiqatçılara lazımi istiqamət verir, əməli kömək göstərirdi.

Akademik Mehdi Mehdizadə institutda elmi məsləhətçi işlədiyi illərdə qeyri-adi səmimiliyi, təvəzökarlığı, geniş dünyagörüşü, sadəliyi ilə əməkdaşların böyük rəğbətini qazanmışdı. Onun həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə səmərəli nəticə verən işlər görmüş, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat oyatmışdır. Müəllimliklə alimlik onun şəxsiyyətinə daim vəhdətdə olmuş, bir-birini tamamlamışdır. 60 ildən çox bir müddətdə tükənməz enerji, gənclik həvəsi ilə yorulmadan elmi-pedaqoji fəaliyyət göstərən Mehdi müəllim tutduğu vəzifəyə məsuliyyəti, insanlara həssas münasibəti, qayğısı sayəsində daim pillə-pillə ucalmış, onu tanıyanların qəlbində özünə möhkəm yer tutmuş, unudulmaz xatirə, şəxsi nümunə qoyub getmişdir.

Mehdi Mehdizadə böyük alim, ictimai-siyasi xadim, müdrik şəxsiyyət olması ilə yanaşı, qayğıkeş ailə başçısı idi. O, işdə olduğu kimi, ailədə də öz tələbkarlığını şəxsiyyətə hörmətlə uzlaşdırmış, övladlarını da doğma xalqına layiq vətəndaş kimi böyütmüşdür. Bütün ömrü boyu sadəliyə üstünlük verən, təmtəraqdan həmişə uzaq olan Mehdi müəllim ömrünün sonuna qədər dəyişmədiyi Qız Qalasının yaxınlığında yerləşən mənzilində yaşamışdır. Təsadüfi deyil ki, vəfalı ömür gün yoldaşı Lətifə xanımla birgə böyüdüb başa çatdırdıqları övladları da elm-maarif yolunu seçiblər, oğlu Rafiq texnika elmləri doktoru, professor, qızı Zemfira pedaqoji elmlər namizədi, qızları Elmira və Nailə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentləri kimi atalarına layiq səmərəli fəaliyyət göstərmişlər.  

Qədirbilən xalqımız və dövlətimiz hər zaman bu böyük insanın əməyini layiqincə qiymətləndirmiş, o, dövrün ən yüksək ordeni - Lenin ordeni, üç dəfə  Qırmızı Əmək Bayrağı ordeni (1966, 1972, 1976) ilə təltif olunmuş, beş dəfə (III, V, VI, VII, VIII çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Xalq Maarifi sahəsində uzun illər səmərəli fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmiş, "Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi" (1981) fəxri adına layiq görülmüş, Bakı şəhərindəki küçələrdən birinə, Gəncə şəhərindəki məktəblərdən birinə, Cəbrayıl rayonundakı bir nömrəli orta məktəbə, Beyləqan rayonundakı üç nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilmiş və məktəbin qarşısında onun büstü qoyulmuşdur.

Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı 1995-ci ildə akademik Mehdi Mehdizadə adına mukafat təsis etmişdir. Həmin mükafata layiq görülən pedaqoq, psixoloq alimlər, müəllimlərin bir çoxu Mehdizadə irsini ləyaqətlə davam etdirirlər.   

Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Dünyasını dəyişməsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, səbirliliyi, təmkinliliyi, ədalətliliyi, xeyirxahlğı, obyektivliyi, prinsipial mövqeyi, dərin biliyi, geniş dünyagörüşü, güclü məntiqi, vaxtında düzgün qərar verə bilmək qabiliyyəti, halallığı ilə nümunəvi həyat yolu keçmiş böyük şəxsiyyətin adı bu gün də ölkə təhsil ictimaiyyəti arasında fərəhlə, iftixarla xatırlanır, dərin hörmətlə anılır.

Xəbər lenti