Azərbaycan tarixində ilk dəfə olaraq NASA-nın 2022-ci ildə keçirəcəyi “Human Exploration Rover Challenge” müsabiqəsinə qatılacaq Bakı Ali Neft Məktəbinin (BANM) komandası yarışa hazırlıq çərçivəsində təqdimat ediblər.
Təqdimat roverin dizaynı, STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) layihəsi və təhlükəsizlik mövzularını əhatə edib. Tələbələr bu istiqamətlərdə görülən işlər barədə məlumat veriblər. Təqdimatı komandanın lideri, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Nihad Həbizadə, komanda üzvləri, eyni ixtisasın IV kurs tələbəsi Aytən Sədirova və Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Cavid İsayev keçirib. Təqdimatdan sonra NASA mütəxəssisləri tərəfindən sual-cavab sessiyası keçirilib və komandaya bəzi məsləhətlər verilib.
Qeyd edək ki, NASA-nın “Human Exploration Rover Challenge” müsabiqəsi aprel ayında keçiriləcək. Dünyanın müxtəlif orta və ali məktəblərindən 23-ü 8 ölkədən olmaqla, 91 komandanın qatıldığı beynəlxalq müsabiqədə Azərbaycanı yeganə olaraq Bakı Ali Neft Məktəbi təmsil edir.
28 ildir keçirilən bu müsabiqə hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Beynəlxalq müsabiqə tələbələrin mühəndislik və STEM layihələrinin təşkili bacarıqlarının sınanmasını əhatə edir.