Oktyabrın 1-də Yaponiyanın Azərbaycana yeni təyin edilmiş Fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ilə görüşüb.
Qonağın rəhbərlik etdiyi ali təhsil ocağına gəlişindən məmnunluğunu bildirən rektor, Yaponiya dövlətinin hər zaman Azərbaycana yaxından kömək etdiyini, ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq etdiyini qeyd edib.
Kamal Abdulla ADU-nun Yaponiyanın bir neçə universiteti ilə əməkdaşlıq etdiyini, Yaponiya ilə Azərbaycan arasında münasibətləri inkişaf etdirmək məqsədi ilə 2011-ci ildən universitetin nəzdində yaponşünas ixtisasının açıldığını, eləcə də Yaponiya Araşdırmalar Mərkəzinin yaradıldığını səfirin diqqətinə çatdırıb.
Cüniçi Vada öz növbəsində ADU-da olmaqdan məmnun olduğunu bildirərək, universitetimizlə bütün istiqamətlərdə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Diplomat eyni zamanda ADU-nun “Səfir saatı” layihəsində iştirak edəcəyini, eləcə də Yaponiyada Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər görəcəyini deyib.
Bundan başqa səfir 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin başlanmasının 30-cu ildönümü münasibəti ilə universitetimizlə birlikdə müxtəlif tədbirlər keçirmək arzusunun olduğunu da vurğulayıb.