Logo

BANM-in uğurlu məzunu və qlobal şirkətin mühəndisi: “Burada tələbələr ilk növbədə öyrənməyi öyrənirlər”

06.01.2022 21:05 550 baxış
IMG

Orxan Əlizadə Bakı Ali Neft Məktəbinin (BANM) 2019-cu il Kimya mühəndisliyi ixtisasının məzunudur. Hazırda İzmir şəhərində olan Orxan Əlizadə SOCAR-ın Türkiyədəki aktivi “Petkim” Neft-Kimya Kompleksində istehsalat mühəndisi vəzifəsində çalışır. Doğma Ali Məktəbini 10 illik yubileyi münasibətilə təbrik edən uğurlu məzun BANM adını hər zaman qürurla daşıyacağını deyir. Orxan Əlizadə BANM-in yaratdığı mühit və qoyduğu tələblərin yalnız tələbələrin inkişafına xidmət etdiyini vurğulayır:

"Burada tələbələr ilk növbədə öyrənməyi öyrənirlər. BANM-in onlar üçün açdığı təhsil cığırında irəliləyən gənclər məzun olduqdan sonra da BANM ailəsinin inkişafa can atan ruhunu daşıyır, olduqları yerin və özlərinin daim tərəqqisinə, inkişafına çalışırlar. Bu Ali Məktəb gəncləri müasir iş dünyasının tələblərinə hazırlayır. 10 ildir ki, BANM-in cəmiyyətə və dövlətimizə qarşı boynuna götürdüyü bu şərəfli missiyanı layiqincə yerinə yetirməsini görmək qürurvericidir. Belə bir uğurun əldə edilməsi və davam etdirilməsində əməyini əsirgəməyən başda rektorumuz olmaqla, administrativ və professor-müəllim heyətini, bütün tələbə və məzunlarımızı səmimi qəlbdən təbrik edirəm”.

 
Hələ tələbəlik illərindən istehsalat təcrübəsinə başlayan Orxan Əlizadə ölkəmizi və BANM-i bir çox beynəlxalq arenalarda təmsil edib: “Tələbəlik illərində həm fərdi şəkildə, həm də qrup rəhbəri olaraq mühəndislik anlayışının qavranılmasında və tətbiqində əhəmiyyəti olan texniki fənlər və aktual elmi-texnoloji biliklərə yiyələnmişik. Məhz bunun nəticəsində gənc mühəndis olaraq İsveçrə və İspaniya kimi ölkələrdə təşkil olunan beynəlxalq konfranslara qatılmışam və çıxışlar etmişəm. BANM-də əldə etdiyim bilik və təcrübələr sayəsində mühəndislik sahəsində aktual mövzularda layihələrə qatılmışam və tədqiqatlar aparmışam”.
 
Uğurlu məzun deyir ki, BANM tələbələrinə yüksək səviyyəli təhsillə yanaşı, bir çox bacarıqlar qazandırır. Bu Ali Məktəbin təhsili həm istehsalat, həm elmi fəaliyyət üçün imkanlar və şərait yaradır: “Hazırda Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarında bir çox işlər görürük. Təbii ki, iş prosesində mühəndislik-proses yönümlü problemlərlə qarşılaşırıq. Bunlara qarşı və inkişafa açıq nöqtələrin təkmilləşdirilməsi üçün lazımi məqamlarda effektiv və səmərəli həll yolları tapmaq önəmlidir. Məhz bu yerdə köməyimə çatan təcrübə və bacarıqlarımın fundamentini təşkil edən texniki biliklər, habelə yaradıcılıq, liderlik və kommunikasiya kimi şəxsi xüsusiyyətlər birbaşa BANM-in adı ilə bağlıdır”.

Xəbər lenti