Hər ölkənin özünəməxsus, mədəniyyətindən bəhrələnən təhsil sistemi mövcuddur.
Dünyanın ən fərqli, keyfiyyəti ilə nümunə hesab edilən təhsil sistemlərindən biri də Yaponiyaya məxsusdur.
Bəs Yaponiyada necə bir təhsil sistemi tətbiq edilir?
Yaponiya təhsil sistemi hansı özünəməxsus xüsusiyyətləri ilə ön plana çıxır?
Sizə Yaponiyanın təhsil sistemi haqqındakı araşdırmanı təqdim edirik.
Yaponiya təhsil sistemində şagirdlər 6 il ibtidai təhsil, 3 il ümumi təhsil, 3 il isə lisey təhsili alır. Hər bir fərdin ilk 9 il müddətində təhsil alması məcburidir, şagirdlərin 98% -i isə məcburi olmamasına baxmayaraq təhsilin bütün pillələrini tamamlayır. Aşağı yaşlardan etibarən əxlaq və etik davranışlar aşılanır, azyaşlı uşaqlara ilk olaraq xarakter və davranış qaydaları öyrədilir.
Yaponiyada təhsil
Yaponiyada 3 yaşındakı uşaqların 80% – i, 4 yaşındakı uşaqların isə 95% -i məktəbəqədər təhsil alır. Ailələr bu mərhələdə özəl və dövlət müəssisələrini seçirlər. Dövlət bağçalarını seçən valideynlərin bağçaya verəcəyi məbləğ onların maaşları əsasında müəyyən edilir.
Yaponiyada uşaqlar ibtidai təhsilə 6 yaşları tamam olduqdan sonra gələn Aprel ayının ilk günü başlayırlar. Klassik bir dövlət məktəbində siniflər 40 nəfərlik şagirdlərdən ibarət olur. İbtidai təhsil səviyyəsinə keçən şagirdlər 6 illik tədris müddətinin ilk 3 ilində ailələri və uşaqları stressə salacaq imtahanlarla üzləşmirlər. Bu 3 il müddətində uşaqlara xarakter və şəxsiyyət kimi formalaşma dərsləri keçirilir, təbiətə və heyvanlara hörmət etmək, yaxşı insan olmağın vacibliyi öyrədilir. İbtidai təhsildə 3-cü sinifdən sonra isə yapon dili, riyaziyyat, sosial məlumatlar, elm, əl işləri, bədən tərbiyəsi və ev iqtisadiyyatı kimi dərslərdə uşaqların şəxsi inkişaf prosesi davam etdirilir. Texnoloji imkanları yaxşı olan yapon məktəbləri hər keçən il sistemini yeniləyir, tədris müddətinin daha keyfiyyətli olması üçün müxtəlif interaktiv dərslər təşkil edirlər.
Bu məktəblərdə sanitar təmizlik işçiləri yoxdur, təmizliyi şagirdlər həyata keçirir
Yaponiya ibtidai təhsil mərkəzlərində şagirdlərə kiçik komandalar halında tədris keçirilir. Bu komandalar tədrisin bir parçası olaraq həftədə iki gün siniflərini təmizləyir, məktəbin bağçasında müxtəlif peyzaj işləri görürlər. Bu şagirdlər həmişə bir yerdə olur, yeməklərini də müəllimləri ilə birlikdə yeyirlər. Yeməklər isə dövlət tərəfindən maliyyələşdirilən “Məktəb yeməkxanası mərkəzi” tərəfindən təmin edilir. Bu yeməklər zəngin qidalar və bol vitaminlə dolu olduğu üçün şagirdlər tərəfindən sevilir.
Müəllimlər həftədə ortalama 235 dəqiqəni riyaziyyat dərslərinə ayırmalarına baxmayaraq , (digər ölkələrdə ortalama 218 dəqiqədir), dil( həftədə 205 dəqiqə) və digər fənlərə ( həftədə 165 dəqiqə) az zaman ayırırlar. Digər ölkələrdə ortalama 215 və 200 dəqiqə olaraq götürülür.
Yaponiyadakı dövlət məktəblərində dərslər bazar ertəsindən cümə gününə kimi davam edir. Bəzi məktəblərdə isə şənbə günləri də dərslər keçirilir. Orta təhsil müəssisələri və liseylərdə isə hər gün 6 dərs keçirilir. Dərslərin müddəti 50 dəqiqədir və dərs bitdikdən sonra şagirdlər müxtəlif idman oyunlarına cəlb edilirlər. Yaponiyadakı məktəblərin 90% -də gimnastika zalı, 70%- də isə üzmək üçün hovuz mövcuddur. Dövlət təhsil müəssisələrində məktəb uniforması yoxdur, ancaq orta təhsil müəssisələrində hər məktəbin özünəməxsus uniforması var.
Yaponiya təhsil sistemində klub fəaliyyətinin əhəmiyyəti
Şagird klubları Yaponiya məktəb təhsilinin xarakterik bir parçasıdır. Demək olar ki, bütün orta məktəb şagirdləri bir kluba üzvdür və o klubda aktiv rol oynayır. Müəllimlərin rəhbərliyi ilə idman, mədəni fəaliyyətlər, sosial aktivliklər və eyni maraq dairəsinə sahib olan şagirdlər dərsdən sonra və tətil günlərində bir araya gəlirlər. Yapon ənənəvi idman və mədəniyyətinə əhatəsində fəaliyyət göstərən cudo, kendo (yapon qılınc ustası), sado (yapon çay mərasimi), kado ( yapon gül aranjmanı), shodo ( yapon xəttatlığı) və s. bu tip bir çox sayda şagird kulubları mövcuddur. Şagirdlər arasında dostluq bağını gücləndirmək üçün məktəblər arası dostluq yarışları təşkil edilir.
Yaponiyadakı məktəblərdə akademik təqvim
Yaponiyada tədris ili aprel ayında başlayır və növbəti il mart ayında yekunlaşır. Məktəblərdə tədris üç ayrı mərhələdə davam edir. Birinci mərhələ aprel – avqust, ikinci mərhələ sentyabr – dekabr, üçüncü mərhələ isə yanvar- mart ayları aralığındadır. Birinci mərhələnin sonunda 40 günlük yay tətili başlayır, ikinci mərhələnin sonunda 15 günlük qış tətili verilir,üçüncü mərhələnin sonunda verilən tətil isə martın ortasında başlayır və aprelin əvvəlində bitir və daha sonra yeni bir tədris ili başlayır.