Logo

Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir? - Ekspert ŞƏRH EDİR

08.01.2022 09:21 2174 baxış
IMG

"Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb. Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb. Məni də orta məktəbdə oxuyanda müəllimim döyüb".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert deyir ki, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desəydik, evdə də döyərdilər ki, bəs sən nəsə etmisən ki, müəllimin səni döyüb: "Bəs indi niyə sərt reaksiya ilə tənqid olunur döyən müəllim, direktor? Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir. Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi".

Kamran Əsədov qeyd edib ki, şagirdlərin lazım olan biliklərə məktəbdə yiyələnə bilməmələri, bunun üçün isə hələ kiçik yaşlarından etibarən öz maddi vəsaitləri hesabına repetitor yanına getmələri də valideynlərdə hiddət yaradır: "Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırlıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına. Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir. Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynlər pulla görür. Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən?!"

"Bəli, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir. Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar. Bu fikirlər o demək deyil ki, mən 10-15 il əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz. Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir", - Kamran Əsədov vurğulayıb.

Fəqan Əzimli

Xəbər lenti