Logo

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibəyə qeydiyyat davam edir

08.01.2022 16:39 706 baxış
IMG

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ötən il dekabrın 30-da elan olunmuş daxili müsahibəyə qeydiyyat davam edir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Qeyd olunub ki, müsahibədə iştirak etmək istəyən namizədlər yanvarın 18-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bu günə olan məlumata görə, daxili müsahibədə iştirak etmək üçün 20 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanında və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 17-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 5-i B növünə (inzibati icraçı) aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində Aparat rəhbərinin müavini - Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə isə Dövlət Turizm Agentliyində 6, Kənd Təsərrüfatı Nazirliyində 4, Əqli Mülkiyyət Agentliyində 3, İqtisadiyyat Nazirliyində 2, Təhsil Nazirliyində 1, Energetika Nazirliyində 1, Hesablama Palatasında 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Milli Televiziya və Radio Şurasında 1, Qida Təhlükəsizliyi Agentliyində 1 və Gəncə Apellyasiya Məhkəməsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.

Xəbər lenti