Yanvarın 5-dən ölkə üzrə ali və orta ixtisas təhsili müəssisələrində qış sessiya imtahanları başlayıb. Bu imtahanlar bir çox tələbənin “qara kabus”udur. Tələbələr adətən imtahanların onlar üçün maksimal dərəcədə asan keçirilməsini arzu edirlər. Maraqlıdır, ölkəmizdə imtahan sistemi doğru təşkil olunurmu? Çatışmazlıqlar nədədir?
Teleqraf.com mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Millət vəkili Etibar Əliyev hesab edir ki, təhsil sisteminin keyfiyyətində dərsliklər vacib rola malikdir: “Bu gün ali məktəblərdə dərsliklərlə bağlı problemlər var. Ali məktəblərdə dərsliklər çap olunmur. Tələbələrə yeni biliklər verilməlidir, bilik ətalətli ola bilməz, bilik heç zaman tükənmir. Hər bir fənnin paradiqmaları dəyişir.
Hesab edirəm ki, ali məktəb rəhbərliyi, bu işə məsul olan şəxslər yeni nəsil dərsliklərin yazılması və həmin dərsliklərin tələbələrə tədrisində maraqlı olmalıdırlar. Ciddi problemlərdən biri çoxçeşidli ədəbiyyatın çatışmazlığıdır. Tələbələrin ixtiyarına çoxçeşidli ədəbiyyatlar vermək lazımdır. Təkcə mühazirə kursları ilə proses məhdudlaşdırılmamalıdır.
Doğrudur, universitetlərdə tədrisin keyfiyyəti monitorinqini aparmamışıq. Hesab edirəm ki, yaxın gələcəkdə təhsil ekspertləri ali məktəblərdə fənlərin tədrisinin keyfiyyətinə də diqqət edəcəklər. Çünki məhz keyfiyyətli tədris nəticəsində tələbələr imtahanlara sərbəst hazırlaşırlar. Əsas məsələ ondan ibarətdir ki, hər hansı sual ətrafında düşünürlər”.
Etibar Əliyevin fikrincə, tələbələr arasında imtahanların onları qane edib-etrməməsi, keçirilən dərslərin keyfiyyəti ilə bağlı sorğular təşkil olunmalıdır: “Ölkəmizdə bir çox universitetdə imtahanlar yazılı formada keçirilir. Bu, çox yaxşı haldır. Fikrimcə, bir çox ali məktəblərdə imtahanların testlərlə həyata keçirilməsi tələbələrin düşünmə imkanlarını məhdudlaşdırır. Yazılı imtahanlarda bir neçə sual qoyulur, tələbə sərbəst şəkildə həmin sualları cavablandırır”.
Təhsil eksperti Kamran Əsədov bildirir ki, imtahanlarda tələbələrin təkcə yazı vərdişləri yoxlanılmamalıdır: “Azərbaycanın təhsil sistemində üç semestrdir ki, imtahanlar onlayn sistemdə təşkil olunurdu. Çünki pandemiya səbəbindən dərslərin ənənəvi qaydada təşkili mümkün deyildi. Onlayn rejimdə tədrisin təşkili ilə bağlı biz problemləri görmüşdük. Ənənəvi imtahan prosesinə qayıdanda tələbələrin yazı vərdişləri ilə bağlı problemlərin olacağını düşünürdük. Apardığımız müşahidələr göstərir ki, əksinə, tələbələr bilik və bacarıqlarını kifayət qədər yaxşı səviyyədə saxlaya biliblər. Bu yaxşı bir haldır.
Hesab edirəm ki, müəyyən fənlər, xüsusilə xarici dil imtahanlarında iştirakçıların təkcə yazı qabiliyyəti yoxlanılmamalıdır. Burada onların oxu və dinləmə bacarıqları da imtahan edilməlidir”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov hesab edir ki, yazılı imtahanlar təhsil səviyyəsinin keyfiyyətini artırır: “İmtahanların keçirilməsində hər şeydən əvvəl təhsildə dövlət siyasətinin prnsipləri dayanır. Bunlar aşkarlılıq, demokratiklik, humanistlik kimi məqamlardır. Bu gün imtahanların modeli tez-tez dəyişilir. Bunlar ümumi ictimai rəy əsasında olmalıdır.
İlk dəfə Balonya sistemi tətbiq olunanda böyük problem yaşandı. Orta məktəblərdə yazılı imtahanlar keçirilmirdi, amma ali məktəblərdə yazılı imtahanlar keçirilməyə başladı. Bu tələbələrin yazı vərdişləri olmadığı üçün narazılıqlar başladı. Biz vəziyyəti öyrəndikdən sonra orta ümumtəhsil məktəblərinin 9-cu sinifində yazılı olaraq esse imtahanı keçirilməyə başladı.
Yazı mədəniyyətdir. Şifahi imtahanlar əzbərçilikdir. Bu gün açıq testlər tətbiq olunduqdan sonra keyfiyyətdə müəyyən azalma müşahidə olunsa da, bundan çəkinmək lazım deyil. Bu ilk təcrübədir. Zənnimcə, zamanla öz yerini tutacaq”.