Logo

Zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər - MÜSAHİBƏ

09.01.2022 15:10 693 baxış
IMG

Kiş kəndində yerləşən Alban məbədi Şəkiyə gələn həm yerli, həm də əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Mən də bura qədər gəlib çıxmışkən Kiş məbədini görməmiş getməmək qərarına gəldim. Məbədə gedərkən bir nəfərin evinin darvazası önündə oyma və yandırma üsulları ilə taxtadan hazırladığı suvenirlər diqqətimi çəkdi. Qərara gəldim ki, məbədə gedənləri “yolundan edən” sənətkarla  söhbət edim. Burada at, dəvə, ayı, canavar, bayquş fiqurları, taxta bıçaqlar, müştük, əsa, təsbeh və sair suvenirlər gözə dəyirdi. Bütün əşyalardan daha çox isə sənətkarın oyma oymaqdan deşilmiş, əzilmiş, qaralmış barmaqları danışırdı. Bu barmaqlara, əllərə baxmaq bəs edirdi ki, qiymət barədə artıq söhbət etməyəsən, deyilənlə razılaşasan və aldığının necə böyük zəhmət bahasına başa gəldiyini görəsən.

Kiş kəndinin sakini, sənətkar Azər Xasməmmədov bədii ağac işləmə sahəsində çalışır,  ağac üzərində oyma işləri görür. Təvazökar, çəkingən bir insandır. Yəqin, istəyir ki, onun yerinə gördüyü işlər danışsın. Amma o suvenirlərin, oyma işlərinin öz dili olsa da, biz sənətkarın dediklərinə də yer vermək qərarına gəldik.

Sənətkar “Kaspi” qəzetinə müsahibəsi zamanı maraqlı fikirlər səsləndirib.

 

 – Azər bəy, suvenirləri nə zamandan hazırlamağa başlayıbsınız?

– Bu işlə iki ildir ki, ardıcıl şəkildə məşğul oluram. Amma uzun illərdir ki, rəsm əsərləri çəkirdim. Sonra koronavirus pandemiyası başladı, hər tərəfdə iş yerləri bağlandı, hər kəs evə qapandı, beləliklə, düşünmək və işləmək üçün xeyli vaxt imkanı yarandı. Mən də bu fürsətdən istifadə edərək əvvəlcə sadə fiqurların eskizlərin çəkib düzəltməyə başladım, gördüm ki, yaxşı alınır, ona görə də, davam etmək qərarına gəldim.  Şükür ki, alıcılar əl işlərimdən razıdırlar, fərqli üslubum olduğunu deyirlər.


 

– Burada onlarla fiqurlar, suvenirlər var. Bilmək istərdim ki, onların hansını düzəltmək daha çətindir və  alıcılar daha çox necə suvenirlərə meyil göstərirlər?

– Qu quşları, dəvə, şir, bayquş, məbəd fiqurları, mücrülər, məscid suvenirləri alıcılar tərəfindən çox alınır. İnsanların inancları fərqli olduğuna görə meyil göstərdikləri suvenirlər də müxtəlifdir. Amma  hansının hazırlanmasının daha çətin olduğuna gəldikdə isə hər bir əl işi özünə görə çətindir. Asan oyma işi, demək olar ki, yoxdur. Hər bir suvenir, oyma işi əl əməyi, göz nuru hesabına başa gəlir. Xüsusən isə ev formasında hazırladığım suvenirlər, bəzən on günlərlə vaxtımı alır. Mən heç bir qəlibdən istifadə etmirəm, ona görə də, əl işlərimin heç biri bir-birinə bənzəmir. Sadəcə onu deyə bilərəm ki, heyvanlar aləminə böyük marağım olduğuna görə onlarla bağlı fiqurları düzəltmək mənim üçün həm maraqlı, həm də asandır.

“Sənətkarı yaşadan orta təbəqədir”
 
– Taxta suvenirlər hazırlamaq üçün əksərən hansı ağaclardan istifadə edirsiniz?

–  Cökə, palıd, yasəmən ağaclarından daha çox istifadə edirəm. Çünki onlar daha uzunömürlü və möhkəm olurlar.

– Bu fiqurları hazırlayarkən internet portallarında hansısa videoları isləyirsiniz?

– Bu sənətə təzə-təzə başlayanda bir müddət baxdım, hardasa 4-5 ay, amma sonra əlim işə öyrəşdi deyə daha o tipli videolara baxmağa ehtiyacım qalmadı.

–  Yaşlı alıcılarla gənc alıcıların suvenirlərə maraq baxımından zövq fərqləri necə təzahür edir?

– Gənclər tar-kaman fiqurları, təsbehlər, yaşlılar isə dəvə suvenirləri alırlar.

–  Əl ağaclarını necə hazırlayırsınız?

– Bilirəm o sualı nəyə görə verirsiniz, görürəm ki, bu işə nabələd deyilsiniz. Yəqin fikirləşirsiniz ki, əl ağaclarını, əsaları hazır ağacdan düzəldirəm, yoxsa  onları ağacın içindən çıxarıram, hə?

– Bəli, sadəcə birbaşa sual vermək istəmədim...

– Ağacın içindən kəsib çıxarıram.

– Suvenirlərin qiyməti neçə manatdan başlayır?

– Qiymətlər 10-150 manat arası dəyişir.

– Müharibə ilə bağlı top, tüfəng suvenirləri hazırlayıbsınız. II Qarabağ Savaşı  vətəndaşların bu cür suvenirlərə marağının artmasına təsir edibmi?

– Bəli, qismən edib. Məsələn, “İtiqovan” adlı pilotsuz uçuş aparatının suvenirini düzəltmişdim 3-5 gün ərzində hamısı satılıb qurtardı.

– İnsanlarda alıcılıq qabiliyyəti necədir, alverinizdən razısınızmı?

– Yaxşıdır, narazı deyiləm. Sənətkarı yaşadan həmişə orta təbəqədir, zənginlər sənətkarlıq nümunələrinə az maraq göstərirlər.

“Sənətkarlığa meyl azalıb”
 
– Yaradıcılıq prosesiniz barədə nə deyə bilərsiniz?

– Əvvəlcə yaradacağım fiquru uzun müddət düşünürəm. Ağacdan qopan hər tilişkənin ölçüsü belə beynimdə canlanır. Ağaca baxanda onun içindən çıxacaq fiquru görürəm.

– Qiymət söhbəti edənlər, suvenirləri daha ucuz almaq istəyənlər çoxdur?

– Vallah, bu işi görmək – bədii ağacişləmə ilə məşğul olmaq zülmdür. Bu fiqurların şəklini çəkmək belə asan deyil, nəinki taxtadan suvenirlər, cürbəcür fiqurlar düzəldəsən. Əllərim yaradır. Taxtaları hazırlayandan sonra rəngləmək üçün yanma metodundan istifadə edirəm, Bəzən barmaqlarım da  yanır. Boyadan yararlanmıram, lakı isə ancaq lazım olanda vururam.

– Yaxın ərazidə sizdən başqa bədii ağacişləmə ilə məşğul olan varmı?

– Xeyr. Çünki indi sənətkarlığa meyil azalıb. Ona görə də insanlar həyatını bu cür işlərə sərf etmək istəmirlər. 

Xəbər lenti