Logo

Sivas Cümhuriyyət Universiteti Azərbaycandan olan 50 şəhid övladına təhsil vermək istəyir

09.12.2020 15:59 787 baxış
IMG

Türkiyənin Sivas Cümhuriyyət Universiteti Azərbaycanda şəhid ailələrindən olan 50 nəfərə təmənnasız təhsil verməyə hazırdır.

 

Bu barədə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat məlumat verib.

 

O bildirib ki, TÜİB Azərbaycanda Qarabağ şəhidləri ilə bağlı “Tək millət, tək ürək” adlı kampaniyaya start verib: “Kampaniya dəyərli millət vəkili Ramil Həsənlə birlikdə həyata keçirilir. Şəhidlərimiz millət, vətən üçün öz canlarını fəda etdilər, biz də onlara öz borcumuzu ödəmək üçün şəhid ailələrini ziyarət edir, əlimizdən gəldiyi qədər onlara maddi-mənəvi şəkildə dəstək oluruq”.

 

H. Büyükfırat kampaniya çərçivəsində təhsillə bağlı layihənin də yer aldığını qeyd edib: “Türkiyədəki universitetlərə Qarabağdakı şəhidlərimizin övladları və bacı-qardaşlarını oxutmaqla əlaqədar müraciətimiz oldu. Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız da səsimizə səs verdi”.

 

O, cari təhsil ilində şəhid ailəsindən olan 50 nəfərin Sivas Cümhuriyyət Universitetində təhsil ala biləcəyini deyib: “Bura həm tələbələrin təhsili, həm də onların yataqxana ilə təmin edilməsi daxildir. Eyni zamanda Sivas valisi də həmin tələbələrin təqaüdlə təmin ediləcəyinə söz verib. Bu övladlarımız orada oxuduqları müddət ərzində Sivas eli onlara sahib çıxacaq. Biz də TÜİB olaraq bu dönəmdə üzərimizə düşən borcu yerinə yetirməyə çalışırıq”.

 

Birlik sədri arzulayanların dekabrın 15-ə kimi TÜİB-ə müraciət edə biləcəyini diqqətə çatdırıb. 

Xəbər lenti