Logo

Bakıda sinif yoldaşının ölümünə səbəb olan şagird məsuliyyətə cəlb edilmədi

11.01.2022 16:21 3606 baxış
IMG

Bakı şəhəri 123 nömrəli tam orta məktəbin XI b sinif şagirdi İlkin Lətifovun ölümündə təqsirli bilinən sinif yoldaşı Rəsul Qurbanov (ad və soyad şərtidir) cinayət məsuliyyətindən azad edilib.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 2019-cu il fevralın 21-də məktəbin stadionda futbol oynayan İlkin Lətifov qəfildən yerə yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib. Sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkinin özünü pis hiss etdiyini xəbər veriblər. Onlar İlkinin əvvəlcə stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti hadisə yerinə gedərək şagirdin vəziyyətinin kritik olduğunu görüblər. İlkin qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 20 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində, yəni martın 15-də vəfat edib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub.

İttihama görə, Rəsul Qurbanov idman dərsi zamanı iki sinif yoldaşı arasında baş verən mübahisəni sakitləşdirmək məqsədi ilə, İlkin Lətifovun arxa hissəsindən əli ilə tutub idman fəndi işlətməklə öz boyu hündürlüyündən sağ tərəfi üstə yerə çırparaq bədən xəsarəti yetirib.

Əvvəlcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə ilə ittiham edilən şəxsi 9 ildən 12 ilədək həbs cəzası gözləyir. Daha sonra, yəni iyul ayında iş CM-nin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsinə tövsif edilib. Bu maddə üzrə cəza isə 6 ildən başlayır.

Bunun ardıcan keçirilən ekspert rəyində İ.Lətifovun sağlığına vurulan zərərin az ağır olması qeyd edilib. Bu rəyə əsasən iş Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. Bu maddədə isə ən ağır cəza 2 ilədək azadlıqdan məhrum etmədir.

Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə Rəsul Qurbanov cinayəti törətdiyi gündən iki il keçdiyindən, məsuliyyətdən azad edilərək cinayət işinin icraatına xitam verilib.

Məhkəmənin qərarı ilə razılaşmayan mərhum İlkin Lətifovun anası apellyasiya şikayəti verərək, iş üzrə təkrar komisyon məhkəmə-tibb ekspertizası təyin edilməsini xahiş edib. O bildirib ki, məhkəmə qərarı qanunsuz, əsassız və ədalətsizdir:

“Oğlum İlkin həmin gün məktəbin idman meydançasında fiziki tərbiyə dərsi zaman sinif yoldaşı Kənan Əsgərli ilə mübahisə edib. Rəsul Qurbanov da onları ayırmaq məqsədi ilə fənd işlətməklə İlkini üzü üstə yerə çırpıb.  Daha sonra yerdə yıxılıb qalan İlkinin qarnından təpiklə zərbələr vurmağa başlayıb. Onun təpik vurması nəticəsində oğlumun qara ciyəri və digər orqanları dağılıb.  Elə bu səbəbdən də müalicə aldığı xəstəxanada faciəvi şəkildə ölüb. Ən azından məhkəmə həmin maddənin yuxarı həddində cəza verməli, onu 2 il müddətinə azadlıqdan məhrum etməlidir”.

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən Rəsul Qurbanov bildirib ki, hadisə günü idman zalına gedəndə sinif yoldaşlarının stadionda olduğunu görərək ora gedib: “Uşaqlar bir-biri ilə zarafatlaşırdılar. İlkinlə Kənan arasında da zarafatla başlayan söhbət sonradan mübahisəyə çevrildi. İlkin bir neçə dəfə Kənanın üzünə sillə, yumruq vurdu. Kənan da onun qarın hissəsinə təpik atdı. Daha sonra mən onları sakitləşdirnək və ayırmaq məqsədi ilə arxa tərəfdən İlkini dartaraq kənara çəkmək istədim. Bu zaman o yerə yıxıldı. Ondan sonra da mən müqavimətimi itirərək onun üstünə yıxıldım. Daha sonra İlkinin halı dəyişdi. Biz də onu məktəbin içinə apardıq. Daha sonra da xəstəxanaya aparıldı. Martın 15-də də eşitdik ki, İlkin xəstəxanada vəfat edib”.

Təqsirləndirilən Rəsul Qurbanov törətdiyi əməlindən peşman olduğunu, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, işin icraatına xitam verilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi qərara alıb ki, mərhum İlkin Lətifovun valideyni tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən Rəsul Qurbanov barəsində olan qərar dəyişdirilmədən saxlanılıb.

Xəbər lenti