Kökləri qədim zamanlara gedən Azərbaycan xalq rəqsləri çox rəngarəngdir. Onları həm şıltaq gözəlliyi, həm də ifadəli atletizmi ilə fərqləndirmək olar.
Bu fikirlər dünyanın məşhur televiziyası “Euronews”un Azərbaycanın folklor mahnıları və xalq rəqsləri haqqında süjetində yer alıb.
Süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğu vurğulanır. Telekanal onu da qeyd edir ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı dünyanın müxtəlif ölkələrində çıxış edib. Ansambl geyim, saç düzümü, qrim detallarına diqqətlə yanaşması ilə seçilir.
Rəqs müəllimi Saina Əhmədovanın sözlərində görə, qadınların rəqs etdiyi havalar bir çox xüsusiyyətlərilə fərqlənir. Burada bədənin yuxarı hissəsinin hərəkəti, baxışlar xüsusi əhəmiyyət kəsb edir: “Stəkanlarla rəqs, dediyim özəlliklərdən biridir. Qızlar şərbətlə doldurulan stəkanla elə rəqs etməlidir ki, bir damcı da olsun su yerə tökülməsin”.
Ansamblın rəhbəri Rüfət Xəlilzadə kişilərin rəqsi barədə danışaraq deyib: “Azərbaycanda kişi rəqsi dağın başında qanadlarını pərvazlandıraraq uçmağa hazırlaşan qartalı simvolizə edir. Rəqqaslar oynayarkən bəzi elementləri barmaqlarının ucunda edir. Bu çox çətindir. Ümumiyyətlə kişi rəqsləri əsl idman yarışmasını xatırladır. İştirakçılar sanki bir-birlərilə bəhsə girərək daha yuxarı tullanmağa, hərəkətləri daha sürətli etməyə çalışırlar”.