Logo

ATU ilə Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə müzakirəsi

10.12.2020 09:57 622 baxış
IMG

Azərbaycan və Türkiyə arasında hər bir sahədə geniş əməkdaşlıq təhsil və səhiyyə sahələrini də əhatə edir. İki qardaş ölkənin universitetləri arasında sıx tərəfdaşlıq və faydalı iş birliyi mövcuddur.

 

Azərbaycan Tibb Universiteti (ATU) və Ankara Universiteti arasındakı əməkdaşlığın geniş tərkibdə onlayn müzakirəsi zamanı hər iki  universitetin rəhbərləri və diplomatları tərəfindən də bu fikirlər xüsusi vurğulanıb.

 

Görüşdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Erkan Özoral, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ATU və Ankara Universitetinin rəhbərliyi və digər nümayəndələr iştirak ediblər.

 

Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar yola saldığımız 2020-ci ildə bəzi Azərbaycan universitetləri ilə sıx əlaqələrin qurulduğunu, bu əməkdaşlıqlar arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib: «Biz “Bir millət, iki dövlət” kəlmələrini hər anlamda, hərtərəfli yerinə yetiririk. Azərbaycan və Türkiyə daim bir-birinin arxasındadır. Biz də Ankara Universiteti olaraq istərdik ki, işbirliyimiz təhsil sahəsində də özünü göstərsin. Ötən ay Azərbaycan Tibb Universiteti, Texniki və İqtisad universitetləri ilə əməkdaşlığı gücləndirmişik”.

N.Ünüvar qeyd edib ki, artıq Azərbaycan universitetlərinin tələbələrinə Ankara Universitetinin dərslərini onlayn şəkildə izləmək imkanı yaradılıb. Hər iki tərəf prosesin gedişindən və əldə olunan nəticələrdən çox razıdır:”Toplamda Aəzrbaycan Tibb Universitetindən 139 tələbə bizim online dərslərə qoşulur”.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də Ankara Universiteti ilə əməkdaşlığı yüksək  qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlığın müddəti 1 aydan bir qədər artıq müddəti əhatə etsə də, böyük nəticələr əldə olunub: “Tələbələrimiz böyük həvəslə Ankara Universitetinin onlayn dərslərində iştirak edir, dərslərin təşkilindən və gedişindən çox razılıq edirlər. Hələlik  bu il yalnız I kursları ortaq onlayn dərslərə cəlb etmişik. Lakin əldə olunan müsbət təcrübə onu göstərir ki, bu yeniliyi digər kurslarda da tətbiq edə bilərik”.

 

Rektor əməkdaşlığın başlandığı qısa müddət ərzində görülən işlər və gələcək planlar haqqında da məlumat verib. Bildirib ki, rektorlar arasında ilk görüşdən sonra əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə işçi qrup formalaşdırılıb. Ankara Universitetinin 4 ixtisas – tibb, stomatologiya, tibb bacılığı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərinə qoşulmasına dair razılıq əldə olunub. Qarşıda isə yeni hədəflər var: “Azərbaycan  Prezidentinin imzaladığı Dövlət Proqramında ölkəmizdə  tibb təhsilinin beynəlxalq səviyyəyə qaldırılması ilə əlaqədar tapşırıqlar verilir. Bu baxımdan Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair fikirlərimiz də var”.

 

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoral Ankara Universitetinin Türkiyənin aparıcı ali məktəblərindən biri olduğunu qeyd edib. Türkiyə və Azərbaycan universitetləri arasında işbirliyinin əhəmiyyətli olduğunu bildirən E.Özoral gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə etməsinin vacibliyinə diqqət çəkib.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim hər bir sahədə olduğu kimi, təhsil və səhiyyə sahəsində də iki ölkənin bütün qurumları arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğunu söyləyib. O, diplomat kimi Türkiyədə xidmət göstərdiyi illər ərzində təhsil sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün işlər görüldüyünü, ilbəil belə tədbirlərin sayının daha da çoxalacağını qeyd edib.

 

 

Xəbər lenti