Türkiyədə Azərbaycan şairi Almas İldırımın ölümünün 70-ci ildönümü ilə əlaqədar xatirəsi anılıb.
Tehsil.biz xəbər verir ki, mərasimdə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu da iştirak edib.
A.İldırımın SSRİ-dən edam təhlükəsi ilə əlaqədar Türkiyəyə getdiyini xatırladan Y.Topçu onun Elazığ və Malatya vilayətlərində məmur vəzifələrində işlədiyini bildirib.
“Almas İldırım 1931-ci ildə inqilabçı gənclik yetişdirmək, latın əlifbası və milli ədəbiyyatı müdafiə etmək və vahid Türküstan dövləti qurmaq niyyəti kimi itthamlarla təqsirləndirilərək əvvəlcə Dərbəndə, sonra Krıma və Aşqabada sürgün edilir. Aşqabadda güllələnmə təhlükəsi ilə üz-üzə qaldığını öyrənəndə həyat yoldaşı Zivər xanımla Türkiyəyə keçməyə çalışır və uzun, məşəqqətli səyahətdən sonra Elazığa gəlir”, - deyə Y.Topçu bildirib.
O xatırladıb ki, bütün ömrünü Azərbaycanın istiqlalı üçün həsr etmiş A.İldırım 14 yanvar 1952-ci ildə vəfat edib və Malatyada dəfn edilib.
“Onun həsrət qaldığı ana vətən Azərbaycan bu gün artıq müstəqil və eyni zamanda, böyük zəfər qazanmış bir millətin dövlətidir və üçrəngli bayrağın altında mövcudluğunu davam etdirəcək”, - deyə Y.Topçu sözünü yekunlaşdırıb.