Logo

Goranboyda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub

13.01.2022 19:38 811 baxış
IMG

Goranboy şəhər 1 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 700 şagird yerlik yeni bina inşa edilib.

Üç mərtəbəli bir korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

1977-ci ildən məktəbdə çalışdığını bildirən müəllimə Möhtərəm Məmmədova əvvəlki binanın tədris üçün yararsız olduğunu deyərək, bunun şagirdlərin təhsilinə də mənfi təsir göstərdiyini söyləyib. “Lakin bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbimizin binası müasir standartlara yenidən inşa edilərək istifadəyə verilib. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Söz veririk ki, şagirdlərin keyfiyyətli təhsil alması, vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Belə yüksək təmirli məktəb binasında təhsil alan şagirdlərdən biri də birinci sinif şagirdi Aylin Novruzludur. O da digər şagirdlər kimi belə bir sevincli gündə valideynləri ilə məktəb binasının açılışına gəlib.

“Çox sevinirik. Artıq doğma məktəbimizdə oxuyacağıq. Bundan sonra daha yaxşı oxuyacağıma söz verirəm”, - deyə Aylin bildirib.

Müəllim və şagirdlərin sevincinə valideynlər də şərik olublar. Onlar belə yüksək təhsil şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də əməyi keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər. Onlarla söhbət zamanı uşaqlarının təhsilli, Vətənə layiqli övlad kimi böyüyəcəklərinə əmin olduqlarını deyiblər.

Xəbər lenti