Logo

Sınaq imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlər DİM-də “Açıq qapı” gününə dəvət olunublar

14.01.2022 18:08 281 baxış
IMG

Ötən il dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanlarında ən yüksək nəticə göstərmiş 18 abituriyent Dövlət İmtahan Mərkəzinin (DİM) akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən yeni inzibati binasında keçirilən “Açıq qapı” günündə iştirak edib. Altı abituriyent isə görüşə onlayn qaydada qoşulub.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, abituriyentlər tədbirdən əvvəl DİM-də ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və tarixi inkişaf yolu barədə məlumat verilib.

Daha sonra tədbir iştirakçıları ilə görüş başlayıb. Abituriyentlərin və onların valideynlərinin iştirak etdikləri tədbirdə DİM-in struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş abituriyentlərə buraxılış və qəbul imtahanlarında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ixtisas seçimi və digər məsələlər barədə məlumat, məsləhət və tövsiyələr veriblər. DİM-in məsul işçiləri abituriyentləri və onların valideynlərini maraqlandıran sualları da cavablandırıblar.

Görüşdə, həmçinin DİM-in fəaliyyət istiqamətləri, maarifləndirici materiallar, psixoloji testlər, peşələr haqqında məlumat və digər xidmətləri əhatə edən e-psixoloq.az və müxtəlif növ sınaq imtahanlarının platforması olan otk.az internet saytlarının imkanları haqqında məlumat verilib.

Ən yüksək nəticə göstərmiş abituriyentlərə DİM tərəfindən fevralın 13-də keçiriləcək növbəti sınaq imtahanlarında ödənişsiz iştirak etmək üçün kuponlar hədiyyə olunub.

Tədbir COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsi qaydaları nəzərə alınmaqla və iştirakçıların sağlamlığını qorumaq üçün zəruri tədbirlər görülməklə keçirilib.

Xəbər lenti