Logo

Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Microsoft” şirkətinin təlim sessiyasında iştirak edib

02.10.2020 14:14 477 baxış

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən təşkil olunmuş “Microsoft ilə özünüzü inkişaf etdirin!” tanıtım sessiyasında iştirak edib.

Tehsil.biz  xəbər verir ki, AzTU və MDU arasında 2019-cu il noyabrın 29-da imzalanmış “Təhsil, elm və innovasiya fəaliyyəti üzrə qarşılıqlı əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən tədbirdə iştirak MDU əməkdaşları üçün faydalı olub. Tədbirə MDU-nun Elm və innovasiyalar şöbəsinin, Tədris şöbəsinin, İnformasiya Texnologiyaları Mərkəzinin və İnformasiya texnologiyaları kafedrasının əməkdaşları qatılıblar.

Ali təhsil müəssisələri üçün online formatda təşkil olunan sessiyada “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin baş meneceri Qaçay Mirzəyev geniş təqdimatla çıxış edib.

Təqdimatda “Microsoft” şirkətinin fərdi inkişaf proqramları, həmin proqramların təklif etdiyi imkanlar və üstünlüklər barədə məlumat verilib. Proqramlar çərçivəsində nəzərdə tutulan kursların və təlim materiallarının tam şəkildə ödənişsiz olduğunu bildirən Q.Mirzəyev müvafiq proqramları uğurla başa vuranların “Microsoft” şirkətinin beynəlxalq sertifikatlarını əldə etmək imkanına malik olduqlarını diqqətə çatdırıb.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb və “Microsoft” şirkəti ilə ali təhsil müəssisələri arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti