Logo

Azyaşlını qapazlayan müəllim həbs olunacaqmı?

15.01.2022 09:04 870 baxış
IMG

Ötən gündən etibarən sosial şəbəkələrdə bağçada tərbiyəçi işləyən 53 yaşlı Zülfiyyə Baxışovanın 3 yaşlı uşağı döyməsi ilə bağlı video yayıldı. Hamı bir nəfər kimi Zülfiyyə Baxışovanın ən ağır şəkildə cəzalandırılmasını tələb etdi. Görüntülərdən sonra Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlar dərhal hərəkətə keçib, araşdırmalara başladılar. Əvvəlcə Daxili İşlər Nazirliyi tərəfindən müəllimin izahatı alındı. Ardınca isə bu gün səhər Təhsil Nazirliyi tərəfindən həmin müəllimin işinə xitam verildi.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyir ki, dərhal ciddi araşdırmalara başladı və həmin müəllimə əmək maddəsinin müvafiq maddəsiylə onun işinə xitam verilib: “Bir daha xəbərdarlıq edirik ki, hər hansı bir uşağa qarşı bu zorakılıq hadisəsi baş verməsi qətiyyən yolverilməzdir. Hər bir müəllimə bununla bağlı diqqətli olmalıdır”.

Məsələ ilə bağlı uşaq bağçasının rəhbəri, uşağın valideynləri danışmaq istəməsələr də, bağçanın tərbiyəçisi Zahidə Nahidova məlum video barədə danışdı: “Bağçamız 32 ildir ki, fəaliyyət göstərir. Sayılan-seçilən öndə gedən bağçalardan biri olub. Təəssüflənirik ki, bu hadisə bu bağçada olub. Həmin tərbiyəçi 30 ildir bizdə işləyirdi və bu hadisədən sonra işdən azad edildi”.

Bağçanın “İnstagram” səhifəsinə nəzər yetirdikdə gözlərində qorxu, ağızlarında çörək olan bu fidanların məsum baxışları insanın beynində müxtəlif suallar yaradır. Psixoloq Gülər Məmmədova hesab edir ki, bu cür şiddət halları uşaqların sonrakı mərhələdə özgüvənini azaldır və onlarda natamamlıq kompleksi yaradır: “Bu uşağın gələcəkdə şəxsiyyətə çevriləcəyi dönəmdə onun aldığı bu travma onun üçün çox pis xüsusiyyət olacaq. Məktəbəqədər dönəmdə uşağın aldığı travma ona bir çox həyat bilgilərini mənimsəməsində mənfi təsir göstərir. Bu hadisələr o qədər latent fazada olur ki, biz bunu görmürük. Tək bu uşağın aldığı travma tək bu uşağa şamil olunmur. Onun əhatəsində olan uşaqlarda məhz bu konteksdə böyüyür”.

Məsələyə münasibət bildirən hüquqşünas Şamil Paşayev isə deyir ki, uşaqlara psixoloji və fiziki sarsıntı yaşatmaq qanunla qadağan edilib. Amma məktəbdə, bağçada işləyən müəllimələr və tərbiyəçilər vəzifəli şəxs hesab edilmədiyindən onların cinayət məsuliyyətinə cəlb edilməsi də nəzərdə tutulmayıb: “Əgər uşağın mütəmadi olaraq psixoloji və fiziki sarsıntıya məruz qalması sübut olunarsa, cinayət məcəlləsinin 133-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilər. Həm də 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Bağçada işləyən müəllim və tərbiyəçilər isə vəzifəli şəxs olmadığından onlara yalnız 157-ci maddəyə əsasən inzibati tənbeh verə bilərdilər. Həm də valideyn barışdığı üçün də burada inzibati tənbeh də nəzərdə tutulmayacaq”.

Körpənin valideyinləri isə şikayətçi olmadıqlarını söyləyiblər. Bildirilib ki, Zülfiyyə Baxışova uşağın anasının xalasıdır və hər zaman isti münasibətləri olub. Ondan narazı qalmayıblar. Hazırda isə uşağın səhhəti yaxşıdır.

Belə... Bir neçə gün keçəcək, təbii ki, bu məsələ də unudulacaq. Ancaq cəmiyyət olaraq bunu unutmamalıyıq ki, hər bir körpənin başına endirilən qapaz əslində bizim başımıza vurulur. Sadəcə bəzilərimiz bu qapazın ağrısını hiss edir, bəzilərimizsə hiss etmirik. Beləcə, bu problem həllini tapmır, nəsildən nəsilə ötürülür. Bir gün bu zəncirin qırılacağı ümidi ilə... (Apa)

Xəbər lenti