Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüşüb.
Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, görüş Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilib.
Binada fəaliyyət göstərən laboratoriyalara, Mustafa Mərdanov səhnəsinə baxış keçirən Elnur Əliyev Bakıda fəaliyyət göstərən özəl və dövlət teatrlarında çalışan gənc teatr sənətçilərini bir arada görməkdən məmnunluq duyduğunu vurğulayıb. Mədəniyyət Nazirliyi olaraq, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması üçün yaradıcı gənclərin dəstəyinə ehtiyac duyulduğunu bildirib. O, həmçinin teatr sənətçilərinin intellektual potensialını, ixtisas bacarıqlarını inkişaf etdirmək üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərin, ustad dərslərinin vacibliyini, əhəmiyyətini diqqətə çatdırıb.
Gəncləri prosesdə aktiv iştirak etməyə səsləyən E.Əliyev daha sonra sözü gənclərə verib, onların fikirlərini dinləyib. Gənc teatr aktyorları, rejissorlar və teatrşünaslar Azərbaycan teatrının bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Onlar teatrın inkişaf etməsi, qlobal arenaya çıxması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini nazirliyin nümayəndələrinə təqdim ediblər.
Görüşün sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iştirakçılara işlərində uğurlar arzulayıb.