Logo

Təsəllini içkidə tapdı, qəzada həlak oldu, ölümündən sonra gizli kitabçası tapıldı – Xalq artistinin sirli həyatı

15.01.2022 13:22 763 baxış
IMG

Tehsil.biz Kulis.az-a istinadən rejissor haqqında maraqlı faktları təqdim edir.

Əhməd Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda şair Səmədmənsur Kazımovun və Yaxşı xanımın ailəsində doğulub. Dörd yaşı olanda atası dünyasını dəyişir. Atasından sonra heç kimi onu Əhməd Tofiq adı ilə çağırmır, eləcə Tofiq deyirlər. Anası Yaxşı xanım ərinin əvvəlki həyat yoldaşından olan iki uşağını və öz uşaqlarını tək böyüdür.

Müharibə illərində çoxlu qır-qızılı olan bir nəfər tutulacağını bildiyi üçün Tofiqgilin qapısının yanından keçəndə bir bağlama qızılı onların həyətindən içəri atır. Tofiqin anası bağlamanı götürsə də müharibə bitənə qədər həmin əşyalara toxunmur. Sonradan həmin adam onlara gəlir və ailə bağlamanı olduğu kimi ona qaytarırlar.

***

Onun uşaqlığı çətin dövrə, bolşeviklərin öz hakimiyyətini möhkəmləndirdiyi dövrə düşür. Odur ki, anası Tofiqi həyətdən kənara buraxmır, gözündən qoymur. Zaman ötdükcə həmin həyat Tofiqin səhnəsinə çevrilir. Bəzilərinin quş uçurdub, ənzəli oynadıqları həyətdə Tofiq beş, altı uşağı başına yığaraq, kiçik səhnəciklər hazırlayır, evdə anasının döşəkağlarından, örpəklərindən istifadə edərmiş. Həmin uşaqların içərisində gələcəyin görkəmli şəxsiyyətlərindən birinə çevriləcək Mehdi Məmmədov da vardı.

O, məktəb yaşlarından atasının dostu, Dram teatrının direktoru Hacıağa Abbasovun himayəsi ilə teatr tamaşalarına anası ilə birgə gedir, yeni tamaşalara baxır.

***

Yeddiillik təhsilini Bakıda bitirərək, teatr məktəbinə daxil olur. Böyük Vətən müharibəsində iştirak edərkən döyüşlərin birində əlindən yaralanaraq 1943-cü ildə cəbhədən geri qayıdır. Gənc Tamaşaçılar Teatrında aktyor işləyir. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayır.

***

Tofiq Kazımov 1951–1952-ci illərdə Moskvada ali rejissorluq təhsili alaraq Akademik Milli Dram teatrında rejissor kimi fəaliyyətə başlayır. Uzun illər İncəsənət universitetindən aktyor və rejissor sənətindən dərs deyir.

Tofq Kazımov bir gün həkim işləyən əmisi ilə onun iş yoldaşının evinə qonaq gedirlər. Elə olur ki, Tofiqin ev sahibinin qızı Rənadan xoşu gəlir. Onu özünün səhnələşdirdiyi “Qış nağılı” tamaşasına dəvət edir. Bir müddət sonra onlar ailə qururlar.

***

Aktyor silah toplamağı xoşlayırmış. Bir dəfə yaxın dost Mistislav Rastropoviçdən ona silah alıb yollamasını xahiş edir. Rastrapoviç onun üçün qaz tapançasını alıb konfet qutusuna qoyub Bakıya yollayır. Ağlına heç nə gətirməyən rejissor konfet qutusunu açanda tapançanı görüb uşaq kimi sevinir.

***

Rejissor teatrda işlədiyi müddətdə onu çox sıxışdırırlar. “Ölülər” tamaşasının premyerasından sonra isə onu və tamaşanı bərk tənqid edirlər. Həmin vaxt Qara Qarayev Tofiq Kazımovu müdafiə edir. Ondan sonra yazıçı Anar və teatrın gənc aktyorları rejissorun müdafiəsinə qoşulurlar.

Amaliya Pənahova müsahibələrinin birində bu haqda deyir. “Partiya iclaslarının birində Tofiq Kazımov yetişdirdiyi, ayrı-ayrı rollarda inkişaf elətdirdiyi böyük sənətkarların ittihamı ilə üzləşdi. Bu hal əlbəttə ki, mənə xoş gəlmədi. Mən ətrafıma baxdım və gördüm ki, o sənətkarlar ki, onun tamaşalarında baş rolları ifa edirdilər, guya ki, onunla dost idilər, boş vaxtlarını onunla keçirirdilər, amma həmin zaman onlar ağızlarına su alıb susdular. Nə qədər qəribə olsa da elə ittihamlar oldu ki, mən dözə bilməyib üsyan etdim, özümü ortalığa atdım, dedim ki, mənim müəlllimimi mənim gözümün qarşısında siz alçalda bilməzsiniz. Bu ittihamların əsassız olduğunu sübut edəcək dəlillər gətirdim. Tofiq müəllim gözləmədiyi anda mənim bu davranışımı görəndə çox kövrəldi”.

***

Rejissorun qurluşunda olan “Sən həmişə mənimləsən” tamaşası hər dəfə anşlaqla keçir. Tamaşa hər dəfə nümayiş olunanda isə rejissor mütləq onu izləyir, sonluğunda isə kövrələrmiş.

***

Olduqca çılğın və emosional xarakterə malik olan rejissor Bakıya gələndən sonra dövrünün həmkarları onu və onun müasir, dünyəvi ideyarını, novatorluğunu qəbul etmir. Səmimiyyətini bəsitlik, müasirliyini isə əllaməlik kimi yozurlar. Qiyam ruhlu, ədalı, üsyankar Tofiq Kazımov teatrda bambaşqa ruha köklənmiş həmkarlarının ona qarşı üsyanı ilə qarşılaşır. Hər kəs ona qarşı mübarizə aparır.

Tofiq Kaımov teatra yeni gələn gənc aktyorlar Şəfiqə Məmmədova, Həsənağa Turabov, Amaliya Pənahova və başqaları ilə öz komandasını yaradır. Onları öz havasına kökləyərək öz yolunu açmağa başlayır. Təəssüf ki, o, bütün teatrı bu havaya kökləyə bilmir. Ətrafında baş verən teatrdaxili intriqalar onu sındırır, incidir. Üsyankarlığıan görə ona bəzən də disident deyirmişlər.

***

Deyilənlərə görə pessimizə qapılmağı sevməyən rejissor ölümündən bir müddət əvvəl içkiyə meyl edir. Hətta rejissorun qızı xatirələrinin birində deyir ki, atası şərabdan çəhrayı eynək kimi istifadə edərək həyatın eybəcərliklərindən, çirkinliklərindən uzaq olmağa çalışırmış.

***

Xalq artisti Fuad Poladov Tofiq Kazımov haqqında deyirdi: “Tofiq Kazımov çox haqsızlıq görmüşdü. Başqalarının sakit baxdığı bəzi məsələlərə o dözə bilmir, etirazını bildirirdi. Cəmiyyətdə gördüyü haqsızlıqlarla barışmazlığını tamaşalarında göstərirdi. Onun hər tamaşasında haqsızlığa qarşı üsyan vardı. Tofiq Kazımov bəzən onu düşündürən, narahat edən fikirlərinə həmdəm də tapmırdı. O, haqq carçısı idi”.

Tofiq Kazımov 1974-cü ildə Xalq artisti adına layiq görülür. 1965-ci ildə "Antoni və Kleopatra", 1979-cu ildə "Şəhərin yay günləri" tamaşalarına görə Dövlət mükafatları ilə təltiflənib.

***

Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olur. Bakıda II Fəxri Xiyabanda dəfn olunur.

***

Ölümündən sonra onun gizli kitabçasını tapırlar. Tofiq Kazımov ora sanki öz həyatını əks etdirən bu sözləri yazmışdı: “İstedad tənhalığa məhkumdur”.

Xəbər lenti