Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin direktoru Nərmin Qaralovanın yerli telekanallardan birində çıxışı ciddi müzakirə yaradıb.
Tehsil.biz Bizim.Media-ya istinadən xəbər verir ki, kollec direktoru təhsil müəssisəsinin yubeliyi ilə bağlı danışarkən bir cümlədə iki fərqli rəqəm səsləndirib.
Nərmin Qaralova qeyd edib ki, 2023-cü ildə 85 yaşı tamam olacaq kollecin 2022-ci ildə 82 yaşı tamam olacaq.
Dosent və kollec rəhbərinin bu açıqlaması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Videogörüntüdə əks olunan çıxışla bağlı xanım direktor savadsız adlandırılıb və sərt şəkildə qınanılıb.
Xatırladaq ki, Humanitar Kollecin direktoru Nərmin Qaralovanın əmri ilə ötən il noyabrın 26-da 67 müəllimin işinə rəsmi xitam verilib.
Nərmin Qaralovanın adı əvvəllər də müxtəlif qalmaqallarda çəkilib. Bir müddət əvvəl kollec rəhbəri tələbəsini “bizə şam tutan lazım deyil” ifadəsi ilə təhqir edərək mətbuatın gündəminə gəlmişdi.
10 gün əvvəl isə Humanitar Kollecdə tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə ilə bağlı rəsmi məlumat hələki verilməyib. Daxili İşlər Nazirliyi araşdırma aparıldığını bildirib.