Logo

Aygün Əliyeva: “Gənc və xanım vəkil olmaq heç də asan deyil” - MÜSAHİBƏ

15.01.2022 20:42 1509 baxış
IMG

“Gənc və xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə ilk olaraq deyirdilər ki, bu, məni müdafiə edə bilməz. Ancaq ünsiyyətdən sonra qısa müddətdə fikirlər dəyişirdi”.

Bu sözləri “Kaspi” nəşrinə müsahibəsində Türkiyə və Azərbaycanın Vəkillər Kollegiyasına üzv olan yeganə vəkil Aygün Əliyeva söyləyib.

Aygün Əliyeva hüquq təhsili almaq qərarı verəndə həm Azərbaycan, həm də Türkiyədə fəaliyyət göstərməyi məqsəd olaraq qarşısına qoyur. İlk olaraq Azərbaycanda təhsil alır, burda fəaliyyətə başlayır. Zamanla Türkiyədə iş həyatı yolunda da addımlar atmağa başlayır və bu gün hər iki ölkədə fəaliyyət göstərir.

Bildirək ki, A.Əliyeva Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının üzvü, İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü və Beynəlxalq Hüquq Komissiyasının sədri, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədri, Türkiyədə qurulan "Era 360 Business Consultancy” firmasının rəhbəridir. Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) baş katibidir. Qeyd edək ki, A.Əliyeva hüquq üzrə bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində alıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun dissertantıdır.

Fərqli yolda getməyi sevirəm

- Hüququn "kişi peşəsi” sayıldığı bir vaxtda bu sahəni seçənlərdənsiniz. Bu seçimi etməyiniz necə oldu?

- Uşaqlıqdan hər zaman birilərinin elçisi olmağı, fikrini çatdırmağı sevirdim. Müəllim dərsi izah edirdi, sonra mənə deyirdi ki, indi sən sinfə izah et. Məktəb səviyyəsində müəllimlərə, direktora nə isə söz çatdırmaq lazım olanda mən öndə olurdum, təşkil edirdim. İlk olaraq meyillər oradan yaranmışdı. Liderlik, təşkilatçılıq bacarıqlarım da var idi. Məktəbdə sinif nümayəndəsi olmuşam. Bunların cəmləşməsindən yola çıxaraq seçim ediləcək sahə də, yəqin ki, hüquqşünas ola bilərdi. Kişi peşəsi kimi yanaşılmasına gəlincə, ailəm belə düşünmədi, əksinə, məni dəstəklədi. Düzdür, qohum-əqrəba tərəfdən "Hüquqşünaslıq qadın peşəsi deyil” deyənlər çox oldu. Ancaq bunlar nə məni yolumdan döndərdi, nə də valideynlərimin yanaşmalarına təsir etdi. Mən hər zaman fərqli yolda getməyi sevirəm. Ona görə əlimdən gəldiyi qədər çalışıb yüksək balla qəbul oldum.

- Hüququ seçərkən məqsəd vəkil olmaq idi?

- Universitetə qəbul olanda və tələbə vaxtı istəyim hakim olmaq idi. Çünki işin içində çox olmamışdıq və istiqaməti seçmək asan deyildi. Ancaq zamanla məlumatlandıqca qərarım vəkillik oldu. Həm də sərbəst sahə olduğuna görə vəkilliyi daha çox sevdim.

Gənc və xanım vəkil olmaq heç də asan deyil

- Vəkil olaraq proseslərdə iştiraka nə zaman başladınız?

- Magistr təhsilini başa vurub Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul oldum. Həmin vaxt artıq hüquqşünas olaraq işlər götürməyə başladım. 2014-cü ildən Azərbaycanın Vəkillər Kollegiyasının üzvüyəm. Həmin vaxtdan aktiv vəkillik fəaliyyəti ilə məşğulam.

- Gənc və üstəlik xanım vəkil. Bu, ilk vaxtlar müdafiə işlərinin Sizə həvalə edilməsinə mane olmurdu?

- Gənc və xanım vəkil olmaq heç də asan deyildi. Bu ikisini görəndə ilk olaraq deyirdilər ki, bu, məni müdafiə edə bilməz. Ancaq ünsiyyətdən sonra qısa müddətdə fikirlər dəyişirdi. Azərbaycanda vəkil kimi proseslərə yeni çıxdığım vaxtlar idi. Prosesdən sonra zalda əyləşən bir yaşlı kişi yaxınlaşıb dedi ki, mənim məhkəmə işimdə vəkilim olarsınız? Dedi ki, illərdir məhkəmədəyəm, səmimi vəkil çox az görmüşəm. Siz sanki öz işiniz kimi müdafiə edirdiniz. İlk işlərimdən birində belə fikir almaq mənə çox xoş təsir etmişdi. Bu sahədə qadın azdır. Bəzən tədbirlərdə, görüşlərdə tək qadın mən oluram. Bəzən ilk baxışda zəif məxluq kimi yanaşanlar da olur. Belə bir fikir var: “Geyiminə görə qarşılanırsan, ağlına görə yola salınırsan”. Tanındıqdan sonra xanım olmağımla bağlı problem yaşamıram.

- Hazırda daha çox özəl sektorda vəkil kimi fəaliyyət göstərirsiniz. Bu yönü seçməyiniz necə oldu?

- Yeni başladığımda hər sahə üzrə proseslərə çıxırdım. Seçim etmək üçün bu, önəmlidir. Sonda kommersiya hüququnu seçdim. Bu sahə üzrə işlərim üstünlük təşkil edir, amma bütün sahələr üzrə prosesləri götürürəm. Magistr təhsilim cinayət, dissertasiya işim əmək hüququ üzrədir. Mediasiya Şurasının üzvüyəm. Mediasiya ailə, kommersiya və əmək mübahisələrində istifadə olunur.

Türkiyədə fəaliyyət göstərmək arzum əvvəldən var idi

- Türkiyəyə getmək qərarını verməyinizə gələk.

- Türkiyədə fəaliyyət göstərmək fikri məndə hələ lap əvvəldən var idi. Atam Ankara Universitetinə professor olaraq dəvət aldıqdan sonra Türkiyəyə köçdük. Mən ibtidai sinfi Türkiyədə oxumuşam. Orta məktəbi və universiteti isə Azərbaycanda bitirmişəm. Hüquq təhsili almaq qərarı verəndə də hər iki ölkənin hüquq təhsilini almağı məqsəd olaraq qarşıma qoymuşdum. Sadəcə, düşündüm ki, ilk olaraq ölkəmizdə təhsil alım, sonra Türkiyədə də hüquq təhsili alaram, ya ixtisasartırmaya gedərəm.

- Bəs bu istəyiniz necə reallaşdı?

- O vaxt Azərbaycanda Türkiyə təcrübəsi olan hüquqşünaslar, vəkillər çox az idi. Mən isə bunu bilirdim. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin hüquqşünası olaraq başladım. Media şirkətindən tutmuş inşaat şirkətinə qədər bir neçə firmanın hüquqşünası idim. Dissertant olandan sonra isə beynəlxalq konfranslarda iştirak etməyə başladım. 2011-ci ildə İstanbulda Beynəlxalq Konstitusiya Qurultayında iştirak etdim. Həmin vaxt o qurultayda Azərbaycanı təmsil edən yalnız mən idim. Ardınca bir neçə dəfə İstanbulda keçirilən beynəlxalq konfranslarda iştirak etdim. Daha sonra Türkiyənin qeyri-hökumət təşkilatları ilə işləməyə başladım, layihələrində yer aldım. 36 ölkənin hüquqşünaslarının üzv olduğu Türkiyədəki Beynəlxalq Hüquqşünaslar Birliyi məni üzv olaraq qəbul etdi. Sonra həmin təşkilatla, Azərbaycan Vəkillər Kollegiyası və bir neçə böyük təşkilatla birlikdə Azərbaycanda ən böyük hüquq qurultayı olan İkinci Avrasiya Hüquq Qurultayını keçirdik. 26 ölkədən 350 hüquqşünas iştirak edirdi. 2018-ci ildən sonra Türkiyədə hüquq diplomumu tanıtmaq qərarına gəldim. Ankara Hacı Bayram Vəli Universitetində diplom tanıtma imtahanlarına girdim. 2 il ərzində 22 fərq imtahanını uğurla verdikdən sonra diplomumu aldım. 2020-ci ildən İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvüyəm. Orda aktiv fəaliyyətim davam edir.

Mənə etimadları böyükdür

- Bu yaxınlarda İstanbul Vəkillər Kollegiyasının beynəlxalq hüquq komissiyasının sədri seçilmisiniz.

- Bəli, 3 ay öncə məni komissiyaya sədr seçdilər. Mənə etimadları böyükdür. Orda rusdilli, beynəlxalq səviyyədə məlumatlı vəkil azdır. Ona görə o komissiyanın sədrliyini mənə həvalə etdilər.

- Vəkillər Kollegiyasının sədri Anar Bağırov sizinlə bağlı paylaşım edəndə sizi Türkiyənin ilk qadın vəkili olan Şuşa doğumlu həmyerlimiz Sürəyya Ağaoğlunun işinin layiqli davamçısı kimi təqdim etmişdi.

- Azərbaycanda vəkillik institutunun təkmilləşdirilməsi və vəkillərin nüfuzunun artırılması istiqamətində uğurlu fəaliyyəti olan cənab sədrimiz Anar Bağırovun haqqımda paylaşdıqları məni həm çox duyğulandırdı, həm də qürurlandırdı. Bəli, Türkiyənin ilk qadın vəkili azərbaycanlı olub. Sürəyya xanım bir çox yenilik gətirib. İstanbul Vəkillər Kollegiyasını Beynəlxalq Vəkillər Kollegiyasına üzv edib və İdarə Heyətinin ilk qadın sədri olub. Bir çox hüquq qeyri-hökumət təşkilatlarının sədri kimi fəaliyyət göstərib. Bu da mənim üçün fəxrdir. Bəzən zarafatyana deyirlər ki, burda nə işin var? Deyirəm ki, sizin ilk qadın vəkiliniz də azərbaycanlı olub (Gülür).

Əsas etibardır, qazanc yox

- Hüquq sahəsi qadınlara həm də ona görə məsləhət görülmür ki, risk çoxdur, hədələyən, təhdid edən və s. ola bilər. Belə hallarla rastlaşmısınızmı?

- Mən də çox təhdidlə qarşılaşmışam, şantaj edən, rüşvət təklif edən də olub. Hər cür situasiyalar var. Digər sahələrdə çalışanlar belə risklərlə qarşılaşmırlar ki? İstədiyiniz peşəni götürək. Taksi sürücüsü olsun, müştəriyə xidmət göstərən həkim, müəllim və s. hamısı ilə bağlı risklər var. İşini düzgün görən insan üçün isə risk azdır. Qanundankənar nəsə edənlər daha çox qorxurlar. İş görərkən həmişə güvəni qorumağa çalışıram. Mənim üçün etibar önəmlidir, qazanc yox. Bir yerdən qazandığınızı etibarsızlıqdan dolayi itirə bilərsiniz. Hər zaman etibarlısınızsa, uğur qazana bilərsiniz.

Vəkil güclü xarakterə sahib olmalıdır

- Bu sahə üzrə təhsil alıb, vəkil kimi fəaliyyətə başlayıb amma davam edə bilməyənlər də var. Bir az da bundan danışaq.

- Vəkil güclü xarakterə sahib olmalıdır. Özün güclü olmalısan ki, başqalarını da müdafiə edə biləsən. Qısa müddət ərzində güclü vəkil olmaq mümkün deyil. Güclü olmaqla yanaşı, üzərində daim işləməli, təcrübə qazanmalısan. Vəkil geniş əlaqələrə sahib olmalıdır. Hüquq sahəsində tanınmış vəkil olmaq istəyirsinizsə, məsələyə fərqli prizmalardan yanaşmalı, daim yenilikçi olmalısınız. Bir sözlə, qəbul olunmuş standartlardan fərqli düşüncə qabiliyyətinə sahib olmaq vəkillik peşəsində mühüm keyfiyyətlərdən biridir. Qeyd etdiyim xüsusiyyətlər həm kişilərdə ola bilər, həm də qadınlarda. Qadınlarımıza bu peşəni məsləhət görərdim. "Kişi işidir” deyənlərə aldanıb bu sahədən çəkinməsinlər. Qadınların da gözəl şəkildə bacara biləcəyi işdir. Mən bu yerə planlı şəkildə gəlməmişəm. Həvəs olub, yenilik axtarışında olmuşam. Bu da zamanla bu yerlərə gətirib çıxarıb.

Türkiyədə qurulan hüquq şirkəti

- Türkiyədə hüquq şirkəti qurmusunuz. Bu şirkətin Azərbaycanla bağlılığı, fəaliyyəti varmı?

- Bəli, belə bir şirkət qurmuşuq. Ticarət hüququ sahəsində firmaların qurulmasından tutmuş məhkəmə proseslərinə qədər istənilən işi görürük. Şirkətin Türkiyə ilə yanaşı, Azərbaycan, Pakistan, İngiltərə, Amerika, Rusiya və bir neçə ölkədə ofisləri var. Şirkət olaraq beynəlxalq layihələr də edirik. Hazırda bir çox layihə üzərində işləyirik. Layihələrimizdən biri Azərbaycan və Türkiyə arasında ticarət sahəsində hüquqla bağlı əl kitabçası hazırlanmasıdır. Çünki hər iki ölkədə qanunvericilikdən məlumatsızlıqdan dolayı iş qurarkən problemlər yaşayanlar olur, məhkəmə səviyyəsinə gəlir. Mən isə hər zaman onun tərəfindəyəm ki, problemi kökündən həll etmək lazımdır. Kitabçada gömrükdən, vergi qanunvericiliyindən tutmuş əmək hüquqlarına qədər hər iki ölkədə iş görərkən qanunvericiliklə bağlı məlumat, fərqlər və s. olacaq. Bu hazır olandan sonra bir konfrans etmək, bir platforma yaratmaq və onun üzərindən şirkətləri məlumatlandırmağı hədəfləyirik. Əminəm ki, bu layihə ticarətdə güvəni artıracaq, ölkələrarası ticarəti daha da böyüdəcək.

- Siz həm də Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin baş katibisiniz.

- Fəaliyyət istiqamətlərimizin  hamısı bir-biriylə bağlıdır. 3 ildir ki, bu birliyin baş katibiyəm. Ona görə ticari qurumlarla daha çox işləyirik. Missiyamız iş adamlarımızın ortaq səsi olaraq güclü təşkilat yaratmaq, iş dünyasını narahat edən problemlərin həll yolunu tapmaq, əsas da Azərbaycan və Türkiyədə iş dünyasının etibar etdiyi bir təşkilat olmaqdır. Ona görə əməkdaşlığı artırmağa çalışırıq. Mənim işlərim hər iki ölkə arasında hüquq və ticarət əlaqələrinin güclənməsi ilə bağlı olub. Bundan sonra da bütün gücümü türk dünyasının uğurlu inkişafına dəstək olmağa sərf edəcəyəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti