Logo

Ayaz Musayev yaradıcılığı - Çağdaş çağımızın çağlayan çayı

16.01.2022 14:03 1641 baxış
IMG

İsti yay günlərindən biri idi. Zamanın dostluq, aşinalıq süzgəcindən mərdliklə keçən Səyavuş Əlizadə ilə Mərdəkanı qarış-qarış gəzirdik. Xoş xatirəyə çevrilən, yaddaşımızda əbədilik qazanan bu gəzintiyə göy üzündə günəş çıxmazdan qabaq başladıq. Səyavuşun dünənə dayalı, sabaha inamlı sözündən-söhbətindən, sanki nur çilənirdi. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin sözün əsl mənasında keşikçisi olan kolleksiyaçı ilə görüşümüz Mərdəkan qalasında, günəşin batan tellərini izləməklə yekunlaşdı.

İllər bundan öncə, məhz həmin gün Səyavuş Əlizadə mənə böyük sevgilə ərsəyə gətirdiyi "Bakılı belə danışır" kitabını da hədiyyə etdi. Sonra da dostcasına, qardaşcasına: "Ədə, kitabı mütləq oxu, haaa!" - söylədi. Müəllifin bu fikirləri sevgidən doğan istək və tələb idi. Əlbəttə, tələb etməyə də mənəvi haqqı çatırdı, çünki müəllifin kitabının hasilə gəlməsində ömrünün altmış ilini ədəbiyyatımızın tərəqqisi yolunda şam kimi əridən xalq yazıçısı Qılman İlkinin böyük zəhməti, fədakar əməyi olmuşdur. 

Səyavuş Əlizadənin o zamankı fikirləri indiki kimi yadımdadır: "Qılman müəllimlə hər görüşümüz yenilik idi, tapıntı idi. Bildiyini sevə-sevə öyrədir, köməyini əsirgəmirdi. İlk kitabımın da baş məsləhətçisi oldu, yorulmadan redaktə etdi". Daha sonra əlavə edərək: "Əsgər, Qılman müəllimin oğlu Ayaz Musayev böyük yazıçımızın şərəfli yolun davam etdirir." - dedi. Və çox keçmədi ki, "Tanıyırsanmı?" - sualını da mənə ünvanladı.

Tale elə gətirdi ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Ayaz Musayevin timsalında fakültəmizin digər vicdanlı müəllimlərini yaxından tanıdım. Buna taleyin xoş qisməti, xoş niyyəti... və sadalanacaq yüzlərlə söz birləşməsi tapmaq olar. Odur ki, göydə taleyi yazan Tanrıya, yerdə isə taleyimizdə əvəzsiz rol oynayan müəllimlərimizə min kərəm şükür (!) və min kərəm təşəkkür (!) yetirir, fikirlərimə isə davam edirəm.

Fikir demişkən, Ayaz Musayevin "Dialoq" adlı kitabında xüsusi bir məqam diqqətimi çəkir. Fakültəmizin sadə və səmimi müəllimi Mahmud Mahmudov həmin kitabda "Müəllif haqqında söz" adlı sərlövhə altında yazır: " "Ata yolu" adlı gələcək kitabımın əlyazmasına "Ön söz"ü almaq üçün mərhum yazıçımız, görkəmli sənətkar Qılman İlkinin mənzilinə gəlmişdim". Mahmud müəllimin digər fikirləri də olduqca maraqlı və əhəmiyyətli çəkiyə malikdir: "Ayaz müəllim hər şeydən əvvəl olduqca sadə və təvazökar bir insandır. Hər hansı məsələ üzrə özünü öymək, döşünə döymək onun təbiətinə busbütün "müğayırdır". 

Müəllimimiz Mahmud Mahmudovun fikirləri ilə yazının əvvəlində adını çəkdiyim gənc kolleksiyaçı, hələ o zaman ilk kitabı işıq üzü görən əziz dostum Səyavuş Əlizadə düşüncələri arasında yaxınlıq və ortaya çıxan nəticə ondan ibarətdir ki, xalq yazıçısı Qılman İlkin göstərdiyi mənəvi qayğı ilə (burada fiziki zəhmət də var) həm də xalqın övladı olmağı bacarmışdır. İndi bu yüksək keyfiyyətlər: kübarlıq, zadəganlıq, əsilzadəlik özünü Ayaz Musayevdə göstərir.

Jurnalistika fakültəsinə qədəm qoyduğum ilk dərs günü yadımdadır. Ayaz müəllim yuxarı kurslara dərs tədris edirdi. Auditoriyanın qapısı isə açıq idi. Demək olar çox dərslər yekunlaşmışdı. Fakültədə az adam var idi. Mən isə dəhlizdə var-gəl edirdim: kitabım auditoriyaların birində qalmışdı. Sabahkı dərsə hazır olmalıydım. Narahat və nigaran halıma Könül Niftəliyeva və Ayaz Musayev biganə qalmadılar. O zaman müəllimlərimin mənəvi böyüklüyünü gördüm. Ayaz müəllimin sadəliyi və istiqanlığı isə tələbə qəlbinə o vaxtdan yol tapdı... Böyük M.S.Ordubadi əbəs yerə deməyib ki, "qədəmlərini tanıdığın yerlərə qoy".

Ənənələrə sadiqlik, müasirliyə açıqlıq Ayaz müəllimin təbiətindədir. O, mütərəqqi insan, zamanla ayaqlaşan ziyalıdır. Bütün bunlar onun yaradıcılığında da özünü göstərir. Vaxtilə dəyərli yazıçımız Qılman İlkin "Bakı və bakılılar" əsərində paytaxt Bakı ilə bərabər onun kəndlərini, tarixini, camaatını, bir sözlə keçmişini və çağdaşlığını qələmə alır. Yazıçının "Sən Bakını tanıyırsanmı?" adlı kitabı isə tarixi qaynaq baxımından olduqca əhəmiyyətlidir. Burada Bakının bilinməyən tərəfləri, sirli məqamları yazıçı məharəti ilə oxucuya çatdırılır. Qılman İlkin yaradıcılığı, kitabları cəmiyyətimiz - biz gənclər üçün qoyub getdiyi mənəvi vəsiyyətdir, mənəvi qidadır.

Bu gün texnologiyanın yüksək inkişafının nəticəsi olaraq, hər birimiz həm də sosial şəbəkənin bir üzvünə çevrilmişik. Ənənəvi münasibətlər həm də onlayn məcraya "daşınıb". Beləliklə, ənənəvi dostluğun onlayn davamını yaşayırıq. Bu yaşam tərzi fərqli və maraqlıdır. Kübar insanlar burada da öz yüksək mədəniyyəti ilə seçilirlər.

Ən böyük sosial şəbəkə olan FB istifadəçi sayına görə də seçilir. Adi həyatda olduğu kimi, burada da müəllimlərimizlə dostluq edirik. Ayaz müəllim dövrün müasir tələbini ziyalı baxışı, maarifyönlü istiqamətdə davam etdirərək, burada da gənclərə müəllimlik etməyi bacarır. Onun sosial şəbəkə üzərindən Azərbaycan tarixini və Bakının müasirliyini əks etdirən fotoşəkilləri, müdrik deyimləri olduqca sevilir və rəğbətlə qarşılanır. Və bunun nəticəsi olaraq, "Fikirlərə Bürünmüş Sətirlər" kitabı ərsəyə gəlir. Hətta deyərdim ki, bu kitabın sətirləri ətirlidir. Bu kitab həm də bir tələbənin, yəni mənim stolüstü vəsaitimə çevrilib.

Ayaz Musayevin işıq üzü görən kitabına ön sözü Ustad Cahangir Məmmədli yazıb. Və bu kitabı "ağıllı kitab" adlandırıb. Redaktoru isə dosent Mahmud Mahmudovdur. Müəllimlərimdən sonra bu kitab haqqında fikir bildirmək isə bir tələbə üçün məsuliyyətli və şərəflidir. Onu da qeyd edim ki, kitabda dünənlə bu gün arasında sıx vəhdət halını almış, müasir qiyafə "geyinmiş" fikirlər də var. Qədim xalqın bəzi deyimləri müəllifin diliylə müasirlik qazanmış, çağdaş çağımızda çay kimi çağlayıb, oxucu qəlbinə yol tapa, cığır aça bilmişdir. 

Bəşəriyyəti adını dilimizə gətirmək istəmədiyimiz məlum virus bürüyəndə və dünyaya "Evdə qal, sağlam qal" sos siqnalı veriləndə Ayaz Musayev sosial şəbəkə vasitəsilə maraqlı sətirlərə imza atdı. Fikirlərin bir çoxunu kitabda oxuyuruq: "İnternetsiz dünya adama dar görünür", "Ey distant rejimində keçən həyat, sən nə qəribəsən!"

El dilində belə bir deyim var: "Mart çıxdı, dərd çıxdı". Ümumbəşəri virus da ölkəmizə məhz mart ayında "gəldi". O zaman yuxarıda çəkdiyimiz el məsəlinə Ayaz müəllim maraqlı yanaşma sərgilədi: "Mart mərd çıxdı, amma dərd naxələf çıxdı". Görünən də odur ki, naxələf virus hələ də bəşəriyyət üzərindən sovuşmayıb.

Kitabda tərbiyəvi əhəmiyyətə malik çoxsaylı sətirləri görmək olar: "Fikriniz haradadırsa, özünüz də oradasınız. Odur ki, həmişə yaxşı yerlərdə olmağa çalışın". Yaxud: "Feysbukdakı dostları mənə göstər, sənin kim olduğunu deyim". Bu fikirlərdə əxlaq, mədəniyyət yükü vardır. "Heç kim bu dünyaya əbəs yerə gəlmir. Hər bir insanın öz missiyası var" - deyən Ayaz Musayev hər kəsi düzgün əməl sahibi olmağa, yaxşı işlər görməyə, qəlbində xeyirxahlıq toxumunu cücərtməyə çağırır. Bu deyim isə müəllifin dilindən bəşəri səslənir: "Xeyirxahlıq və mərhəmətə nə məhdudiyyət? Təki istək olsun!" Ayaz müəllimin bu qəbildən olan digər deyimlərinə də nəzər salaq: "Özgə bostanına daş atmayın. Həmin daş bumeranq kimi özünüzə qayıda bilər.", "Balta unudar, amma ağac yaddan çıxarmaz!", "Xoş o kəslərə ki, yaxşılıqdan başqa əllərindən bir iş gəlmir."

"Siz dünyada öz bacarığınızdan istifadə edə biləcək yeganə insansınız" - cümləsi isə bəşər insanını qəflət yuxusundan oyadır, onun yadına ən ali varlıq olduğunu salır. Həqiqətən də bacarıq saf əmələ, düzgün tərbiyəyə, vicdana söykənməlidir. Hələ o zaman Sədi Şirazi deyirdi:

Biliyin olsa da bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.

Ayaz Musayevin bu fikirləri isə dediklərimizə ən tutarlı cavabdır: "İnsaniyyət olmayan yerdə heç nə yoxdur!"

Ayaz müəllimin "Fikirlərə Bürünmüş Sətirlər" kitabında diqqətimi çəkən ifadə belədir: "Mədəniyyət əncir yarpağı ilə başlayır. Əncir yarpağı götürüldükdə mədəniyyət məhv olub gedir." Bu deyimin fəlsəfi qatını açmaq olduqca çətindir. Odur ki, mənəvi tərəfinə toxunaq. Bütün ağacların çiçək açdığını görürük, amma əncir ağacında bu mənzərə elə də gözə çarpmır. Təbii ki, əncir ağacı da çiçək açır. Ancaq bu çiçəklər içi boş meyvələrin daxilində gizlənir. Bu da Tanrının bir möcüzəsidir. Narın dilimləri arasında olan pərdənin özü də Yaradanın möcüzəsidir. Bunu bədii şəkildə həm də mədəniyyət, əxlaq pərdəsi də adlandırmaq olar. Əncir yarpağı da ilk bəşər övladının abır-həya pərdəsi olub. Əncir çiçəyinin gizli açılması kimi, insan bədəninin də məhrəm qatlarının açılmaması, gizli qalması lazımdır.

Meyvə adı çəkmişkən yadıma ağ şanı, qara şanı, Kəhrəba üzümü, ənciri... ilə məşhur olan Bakı düşür. Və bir də əməlləri, gördüyü işlərilə xalqın qəlbində müqəddəslik qazanmış insanlar. Böyüklərdən eşitdiyim, bəlkə də oxuduğum bu olmuş hadisə isə düşünürəm ki, oxuculara, bunu bilməyənlərə də maraqlı olacaq. Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından olan, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev ömrünün sonlarını Mərdəkandakı bağ evində keçirirdi. O zaman hələ uşaq olan Qılman İlkin və dostları hər kəs kimi dənizə çimməyə gedərdi. Onların yolu, məhz Tağıyevin evlərinin yanından keçərdi. Tağıyev dəfələrlə o uşaqları bağına meyvə yeməyə dəvət edibdir. Tağıyev hər amalı, əfkarı, məqamı ilə xalqına atalıq etməyi bacarıb. Ayaz Musayevin haqqında danışdığımız kitabında müəllifin Tağıyev haqqında olduqca müdrik  kəlamı yer alır: "Hər varlanan hacı - Zeynalabdin olmaz!"

"Yubiley - çoxlu insan, gözəl nitqlər, gül dəstələri... Amma sən hələ sağsan." - müəllifin bu ifadəsində kinayə var: insana vaxtında dəyər verilməsinə hesablanıb. Sətirlərə qüvvət olaraq yada qüdrətli şairimiz Cabir Novruzun "Sağlığında qiymət verin  insanlara" şeiri düşür:

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara, 
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Bu dəfə yamanın "ay aman" - diləməsi də onu məğlubiyyətdən, kapitulyasiya aktını imzalamaqdan qurtara bilmədi. Orta məktəbdə oxuyanda Qılman İlkinin "İntiqam" hekayəsini oxumuşdum. Sonralar həmin hekayənin filminə də baxdım. Qarabağ mövzusunda yazılan hekayədə namuslu Azərbaycan qadını erməni terrorçusundan intiqamını alır. Bu səhnə məni uşaq olmağıma baxmayaraq ruhlandırmışdır. Vətən torpaqlarının azadlığına inamımı artırmışdı. Tanrıya şükürlər olsun ki, zaman yetişdi. Haqq öz yerini tapdı. Ayaz Musayevin müdrik fikirləri kimi: "Qarabağ savaşı: 30 il duruş, bir gün vuruş!"

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti