Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən bir nömrəli tam orta məktəbin müəllimi A.Məmmədovanın dərs dediyi Elgün Abbasovu mütəmadi olaraq fiziki şiddətə məruz qoyması haqda məlumatlar yayılıb. İddia olunur ki, A.Məmmədova 2019-cu ildən bu günə kimi dərs dediyi Elgün Abbasova zor tətbiq edərək, döyərək xəsarətlər yetirib.
Məsələ ilə bağlı "Tehsil.biz"ə danışan sözügedən müəllim A.Məmmədova bildirib ki, yayılan məlumatlar böhtan xarakteri daşıyır.
Onun sözlərinə görə, buna səbəbkar olan, ona şər-böhtan yağdıran şəxs həmin məktəbin direktoru Atayeva Çinarə müəllimi intihar həddinə çatdırıb: "Məktəbin direktoru Atayeva Çinarə, onun müavinləri Qarayeva Pərvanə və Vəliyeva İlhamənin saxtakarlıqları, qanunsuz əməlləri barədə Təhsil Nazirliyinə etdiyim şikayət nəticəsində məktəbdə qəflətən yoxlama keçirilib. Yoxlama 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində yaradılmış monitorinq qrupu tərəfindən həyata keçirilib. Yoxlama zamanı müəllimlik hüququ olmayan direktorun təsərrüfat üzrə müavini Vəliyeva İlhaməyə qanunsuz dərslərin verilməsi, həmin dərslərin başqa müəllimlərin adına rəsmiləşdirilməsi və həmin dərslərə görə verilən pul vəsaitlərinin mənimsənilməsi müəyyən edilib. Bundan başqa, qanunsuz pulların yığılması, məktəbdə mənəvi psixoloji vəziyyətin pis olması, o cümlədən, müəllimlərin direktor tərəfindən hədələndikləri və təzyiqlərə məruz qaldıqları müəyyən edilib. Bütün bunların qarşılığında direktora Abşeron rayon Təhsil şöbəsində töhmət verilərək cinayət faktları ört basdır edilib".
A.Məmmədova qeyd edib ki, məktəb direktoru xəbər saytlarına həqiqəti əks etdirməyən məlumatlar ötürərək haqqımda yalan xəbərlər verilməsinə nail olub: "Məndən qisas almaq məqsədi ilə direktor əvvəlcə məktəbin gözətçisi Rəhman adlı şəxsə guya Rəhmanın məktəbdə patı satmağı barədə mənim şayiə yaydığımı demiş, daha sonra valideynin xəbəri olmadan onun adından müxtəlif internet xəbər saytlarına həqiqəti əks etdirməyən məlumatlar ötürərək mənim haqqımda yalan xəbərlər verilməsinə nail olmuşdur. Direktor həm məni, həm də onu yoxlayan şəxsləri şərləməklə böhtan atmaqla məşğuldur. Direktor Atayeva Çinarənin qanunsuz əməlləri barədə internet saytlarında da kifayət qədər məlumat var. Haqqında yüzlərlə şikayət, onlarla məhkəmə prosesi olan direktor hələ də vəzifədə saxlanılır və günahsız şəxslərin şərəf və ləyaqətləri ləkələnir".
Sözügedən müəllim bununla bağlı Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət etdiyini vurğulayıb.
Qeyd edək ki, mövzu ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi ilə bağlı iddianın araşdırılacağı, ictimaiyyətə bu barədə məlumat veriləcəyi bildirilib.
Fəqan Əzimli