Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov yanvarın 17-də Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinə yeni təyin olunmuş yepiskop Roef Bareyn Binhop ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə kilsənin keçmiş yepiskopu Markus Şox və Almaniyanın Yena şəhərindəki Yevangelik lüteran dini icmasının üzvü, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının pastoru Lemke Qothard Günter Valter də iştirak edib.
Azərbaycandakı dini tolerantlıq mühiti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə diqqət çəkən Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ölkəmizdə milli, dini dözümlülüyün tarixi ənənələrimizə əsaslandığını və cəmiyyətimizin tələbi olduğunu bildirib. Vurğulayıb ki, ölkəmizi fərqləndirən cəhət tarixboyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçilərinin bir-birilərinin mədəni və mənəvi baxışlarına hörmət göstərmələridir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, dəyərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, digər dinlərin daşıyıcılarına münasibətdə tolerantlıq və birgəyaşayış vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.
Komitə rəsmisi qeyd edib ki, hazırda din pərdəsi altında gedən siyasi çəkişmələr, dini zəmində baş verən münaqişələr baxımından Azərbaycanda tolerantlığın milli-mənəvi dəyərlərimizin önəmli hissəsi kimi qorunub-saxlanılması xüsusilə diqqət mərkəzindədir.
Ölkəmizdə 37-i qeyri-islam olmaqla 971 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən sədr müavini dini qurumların dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyib.
Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə bütün dini konfessiya nümayəndələrinə eyni ehtiramın göstərilməsinin əyani şahidi olduğunu vurğulayıb. Markus Şox uğurlu multikulturalizm və tolerantlıq modeli, dinlərarası münasibətlər sərgiləyən Azərbaycanın bu sahədəki nailiyyətlərinin bütün dünyada maraq doğurduğunu deyib. O, eyni zamanda ölkəmizdəki lüteran icmasının fəaliyyətinə göstərilən dəstəyə görə məmnunluğunu ifadə edib.
Öz növbəsində Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yeni yepiskopu Roef Bareyn Binhop səmimi qəbula görə təşəkkürünü bildirərək respublikamızdakı müxtəlif dini icmalarla sıx əməkdaşlığın və dostluğun təqdirəlayiq olduğunu vurğulayıb.
Həmçinin görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.