Logo

Masallıda “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

18.01.2022 10:06 861 baxış
IMG

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarx izləyiblər.

Maarifləndirici tədbirdə çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Elşən Talıbov “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynzadə, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və başqaları erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar.

Çıxışlarda erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti