Logo

Ölü quşlar - Xəyyam Rəfilinin hekayəsi

18.01.2022 11:27 739 baxış
IMG

Kulis.az "Hekayə günü" layihəsindən Xəyyam Rəfilinin "Ölü quşlar" hekayəsini təqdim edir.

Hərə yuxudan bir cür oyanır. Məni həmişə anam oyadardı. Bu sabah isə qradın partlayışına gözlərimi açdım. Mən yuxudan otağıma qayıdana qədər ikinci partlayış lap yaxından, bizdən ikicə ev aralıdan eşidildi. Ardınca da qəlpələr aprel dolusu kimi damımızda taqqıldadı.

Dolu yağdığını son dəfə bu yaz kəndə, nənəmgilə gedəndə görmüşdüm. Taksidən düşəndə anam çiynindəki kəlağayını qanad kimi üstümüzə gərmişdi. Bacımla mən də anamın qanadına sığınmışdıq. O an evimizə qayıdıb isti yorğanımın altına girmək, anamın məni mətbəxdən: “Xallı balam, dur, məktəbə gecikirsən” – deyə səsləməyini eşitmək istəmişdim. Bərk qorxmuşdum. Hələ ildırım qonşunun tut ağacının budağını qıranda və budaq şaqqıltı ilə nənəmgilin pəncərəsini sındırıb evin yanına düşəndə ağladığıma görə sonralar çox utanmışdım.

Cəld qalxıb dəhlizə çıxdım. Son günlər tez-tez atırdılar deyə yerimizə paltarlı girirdik. Anamla atamın yataq otağının qapısını araladım. Yan-yana qoyulmuş çarpayıda atamın yerində bacımın yatmağının altıncı avqustu idi. Altı il əvvəl isə bacımın harada yatdığı yadıma gəlmir.

Heç nə danışmadan “tələsik” pilləkənə çatdıq. Anam sağ əliylə məndən bərk yapışıb, sol əli ilə taxta məhəccərdən tutdu. Əvvəl sağ ayağını birinci pilləyə qoydu, sonra illərlə alışılmış çətinliklə ondan dörd santimetr gödək olan sol ayağını o birisinin yanına gətirdi. Ağlım kəsəndən anamın ayağında ancaq çəkələk görmüşəm. Bircə çüt tuflisi vardı. Yataq otağındakı üstü qəribə güllərlə bəzədilmiş dəmir sandığı hər dəfə açanda, oradakı ayaqqabının kimin olduğunu soruşardım. Anam da süd rəngli, altı da üstü qədər təzə olan tuflilərin onun gəlinlik ayaqqabıları olduğunu deyərdi. Açığı anamın nə vaxtsa bu ayaqqabıları ayğına geydiyinə çox da inana bilmirdim. Bəlkə ona görə hər dəfə eyni sualı təkrarlayırdım. Amma anam da çaşmadan hər dəfəsində eyni cavabı verirdi.

Bizim evdən binanın giriş qapısına qədər iyirmi dörd pillə vardı. Hamısını əzbər bilirdim. Hətta aralarında sevmədiyim və sevdiyim pillələr də vardı. Məsələn sonuncu, iyirmi dördüncü o birilərindən hündür idi və yanında əl tutmağa yeri olmadığı üçün anam onu çətinliklə qalxırdı. Yuxarıdan onuncu pillə isə qısa idi deyə onu çox istəyirdim. Adını da qoymuşdum: “Dıqqılı pilləkən”. Anam pillələri bir-bir endikcə, bacım gah aşağı, gah yuxarı qalxıb anamın bir yerindən tutmağa çalışırdı. Biz həyətə düşənə qədər daha dörd qrad partladı.

Qrad qurğusu iyirmi saniyədə qırx raket atır. Bunu bizə məktəbdə, hərbi hazırlıq dərsində keçmişdilər. Amma evimizin yanındakı internat məktəbinə yerləşmiş hərbi hissədə əsgərlərlə söhbət edəndə komandirləri demişdi ki, silah-sursat az olduğundan bir raket yerə düşüb partlamamış o birisini atmırlar. Belə atanda istədikləri yeri vurmaq daha asan olurmuş. Bir də “qrad qurğusu on altı lüləli və qırx lüləli olur”, demişdi komandir. İndi raketlər on altı lüləli qurğudan atılırsa, on raket qalmalıdır. Deməli daha on ölüm ehtimalımız var.

Evimizdən qonşu binaya cəmi səksən addımlıq yol idi. Mən bu yolu dəfələrlə ölçmüşəm. Anamın hər addımı neçə saniyəyə atdığını, bizim evdən çıxıb o zirzəmiyə neçə dəqiqəyə getməyimizi, bu müddətdə neçə bombanın partlama ehtimalının olduğunu dönə-dönə düşünmüşəm. Hər şeyi bu qədər detallı bilməyim məni daha çox narahat edirdi.

Anam yarımçıq addımlarını atdıqca onu buraxıb qaçmağımız üçün bizə yalvarırdı. Hər partlayış eşidiləndə “Allah sən saxla, Allah sən saxla!” - deyirdi. Bizdən uzaqda partlayan raketin “şaqqanağı” qulağımızdan çəkiləndən sonra “Allah məni öldürsün, Allah məni öldürsün!” pıçıldayırdı. Biz səksən addımlıq yolun yarısının yarısını gedənə qədər daha beş raket partladı. Ölmək ehtimalımız azaldıqca yaşamaq şansımız artırdı.

Bir şeyə ümid edirdim ki, bu raketlər on altı lüləli qurğudan atılır. Ona görə sevinirdim ki, on altı sevimli rəqəmimdi. Ayın on altısında doğulmuşam, üstəlik indi on altı yaşım var. Anamın qırx yaşı olduğunu isə düşünmək belə istəmirdim. Qoy bu gün mənim günüm olsun, bir də göydə uçan quşların. Hər atışmada quşlar yadıma düşür. Görəsən insanlara atılan mərmilər göydə quşlara dəyirmi? Əgər dəyirsə... Torpaq uğrunda gedən döyüşdə niyə göy sakinləri ölməlidir? Harada ölü quş görsəm, əyilib güllə yarası varmı deyə yaxından baxardım. Ölü quşlar da torpağa arxası üstə düşər axı, üzləri hey göyə baxar. Elə bilirdim ölmüş bir quşla göz-gözə gəlmək qədər kədərli heç nə yoxdur dünyada.

On ikinci raketin uğultusu eşidiləndə bir anlıq xəyal etdim ki, əgər biz gözümüzü qırpmadan, nəfəs almadan yerimizdə dursaq, quşlar qanad saxlasa, yarpaq belə tərpənməsə, dənizlər dalğalanmasa, külək əsməsə, zəmilər xışıldamasa, sular axmasa, hər şey olduğu yerdə donub qalsa, o raket də göydə dayanar. Amma sonra düşündüm ki, hər şey dayansa belə, haradasa isti daşın üstündə günlənən çirkin bir kərtənkələ səbəbsiz yerə gözünü qırpacaq və o raket yoluna davam edəcək. Ya da çanağı üstə düşüb dünyaya baş-ayaq baxmaqdan yorulan bir tısbağa tərs dünyasını düzəltmək üçün canında qalan son gücünü toplayıb dırnağını torpağa uzadacaq.

Arada çönüb evimizə, sonra da irəlidə adamların doluşduğu zirzəmiyə baxırdım. Tutaq ki, yolun yarısını getdik, axı bundan sonra yerdə qalan yolun da yarısını getmək lazım idi. Sonra qalan yolun yarısını, sonra yenə qalan yolun yarısını... Bu nə bitməz-tükənməz yoldur İlahi?! Dəfələrlə gedib gəldiyim yol bu gün heç bitməyəcəkdi.

Yolun tən ortasındaydıq və mənim hesabımla on beş raket kiminsə yolunu yarımçıq kəsmiş, kiminsə evini divarsız qoymuşdu. Göyə baxdım. Niyəsini özüm də bilmirəm. Nə gəlirsə, göydən gəlir, bəlkə göyə yaxşı-yaxşı baxsam nəsə görərdim? Mavi səmanın bir qırağında köynəyin yaxasına tikilmiş ağ yamaq kimi balaca buluddan savayı bir şey görmədim. Mənə elə gəldi ki, o bulud nəyisə gizlədir. O bulud olmasaydı, səmanın boşluğunda çox önəmli bir şey görəcəkdim. Amma o çox önəmli şeyi düşünməyə vaxtım olmadı. On altıncı raketin uğultusunu eşitdim. Bizə tərəf gəlirdi. Hə, lap bizim üstümüzə gəlirdi. Səsindən hiss olunurdu. Anamı bərk qucaqladım. Anam bacımı ortaya çəkib başını üstümüzə əydi. Sanki bir quş iki yavrusunu qanadları arasına alıb. Yolun tən ortasında heykəl kimi donduq. Gözlərimi elə bərk sıxdım ki, kirpiyimin arasından gözümün suyu çıxdı. Bu göz yaşı deyildi, gözümün suyu idi. Uğultu, ardınca da dəhşətli partlayış qulaqlarımı batırdı. Çox yaxında idi. Elə bil lap qabağımıza düşmüşdü.

Başımı qaldıranda zirzəminin qapısından adamlar pətəkdən perikən arılar kimi ətrafa uçuşurdu. Raket zirzəminin divarının dibinə düşmüşdü. Anamın qolları açıldı, bizi qanadının altından buraxdı. Sanki dizlərinin bağı qopdu. İldırım vurmuş tut ağacının budağı kimi dizləri şaqqıltı ilə torpağa düşdü. Anamla mənim aramdan keçən qəlpə mənə yox, anama dəymişdi. Al-qırmızı qan ayağından üzüaşağı süzülüb dizinin sancıldığı torpağı suladı. Ayağından çıxan qanlı çəkələk balaca daşın üstündə elə durmuşdu ki, heç sandıqdakı süd rəngli, altı da üstü qədər təzə olan tuflilər belə şux dayanmırdı. O an evimizə qayıdıb isti yatağımdakı yorğanın altına girmək, anamın məni mətbəxdən: “Xallı balam dur, məktəbə gecikirsən” – deyə səsləməyini eşitmək istədim. Çevrilib qapı-pəncərəsi dağılmış evimizə baxdım. Tül pərdə pəncərəmizdən ruh bədəndən çıxan kimi çıxıb havada yellənirdi. Evimiz son nəfəsini verirdi.

Gallery

Xəbər lenti