Təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” X Respublika Müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb.
Nazirlikdən verilən məlumata görə, əmrə əsasən, 2021-ci il 10-12 fevral tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” X Respublika Müsabiqəsi keçiriləcək.
Ümumi təhsil müəssisələrinin direktorlarına 2020-ci il 12 oktyabr tarixindən etibarən şagirdlərin www.sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimində qeydiyyatdan keçirilməsini təşkil etmək, 1 dekabr tarixinədək şagirdlər tərəfindən aparılan tədqiqatların başa çatdırılmasını və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanması, müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 2021-ci il 11 yanvar tarixinədək onlayn qeydiyyatdan keçmələrini təmin etmək tapşırılıb.
Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (E.Babayev), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (M.Babanlı), Sumqayıt Dövlət Universiteti (E.Hüseynov) və Azərbaycan Texniki Universitetinə (V.Vəliyev) tövsiyə edilib. 4. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində müsabiqənin təşkili ilə bağlı məsələlərin həlli isə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri R.Məmmədova həvalə edilib.
Eyni zamanda, əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə və Sumqayıt şəhərlərinin təhsil idarələrinə, şəhər (rayon) təhsil şöbələrinə müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin genişləndirilməsi və müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılıb.