Logo

Qanlı Yanvar – azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu

19.01.2022 09:28 169 baxış
IMG

Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərə xalqımızın ehtiramı əbədidir.

Bunu AZƏRTAC-a AMEA Yüksək Texnologiyalar Parkının Biznesin inkişafı və rezidentlərlə iş şöbəsinin müdiri Alim Yusubov deyib. O bildirib ki, 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi.

Qanlı yanvar hadisəsindən dərhal sonra - 1991-ci il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev ilk dəfə bu faciəyə siyasi qiymət verdi. O, həmin gün verdiyi bəyanatda Azərbaycan xalqına qarşı törədilən bu qəddar cinayətə görə faciəni törədən şəxsləri, əsasən də M.Qorbaçovu kəskin şəkildə ittiham edərək, qaniçən ordunun təcili surətdə Bakıdan çıxarılmasını tələb etdi. 1993-cü ilin oktyabrında ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu hadisəyə hüquqi qiymət verilməsinə də nail oldu.

Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 131 insan qətlə yetirildi, 744-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Qanlı Yanvar hadisələri zamanı, həmçinin elmimizin parlaq nümayəndələrindən olan professorlar - İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Svetlana Məmmədova şəhid oldu, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova ağır yaralandı.

Bu gün ölkəmizdə 20 Yanvar şəhidləri ailələrinin və yaralılarının qayğıları daim diqqət mərkəzində saxlanılır. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin fərmanlarına əsasən, Azərbaycanda şəhid ailələrinin sosial təminatı yaxşılaşdırılır, onlara dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardımlar edilir.

20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ uğrunda mübarizənin – Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdır. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ Zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisidir.

1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi - Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə həm 20 Yanvar, həm Qarabağ müharibəsi şəhidlərinin qisası alındı, şəhidlərimizin qanının hədər getmədiyi sübuta yetirildi.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır, milli iqtisadiyyata sürətli inteqrasiya təmin edilir. 30 ilə yaxın düşmən əsarətində qalan və erməni vandalizmindən əziyyət çəkən torpaqlarımızda nəhəng infrastruktur layihələri uğurla icra olunur.

Dövlət siyasətinə hər zaman dəstək verən bir qurum kimi, AMEA-nın Yüksək Texnologiyalar Parkının da azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində, bir sıra texnoloji layihələrin icrasında yaxından iştirakı nəzərdə tutulur. Bu məqsədlə texnoparkın rezidentləri tərəfindən bir sıra innovativ istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, şəhidlərimizin əziz xatirəsini anır, ruhlarını dərin ehtiramla yad edir.

Xəbər lenti