Logo

Təhsil Nazirliyi yanında İctimai Şura kimə və nəyə nəzarət edir?

19.01.2022 09:47 655 baxış
IMG

Günel Səfərova: “İctimai Şuranın hansısa inzibati tədbir görmək səlahiyyəti yoxdur”

Elçin Əfəndi: “İndiyə kimi nə iş görüblər ki, bundan sonra da fəaliyyətlərindən müsbət nəsə gözləyək?!”

Son günlərdə müxtəlif təhsil müəssisələrindən uşaqlara qarşı şiddətlə bağlı görüntülər yayılıb ki, bu da cəmiyyətdə qızğın müzakirələrə yol açıb. Hələlik faktların ortaya çıxması, ictimai qınağın bir anda tüğyan etməsi ilə cəmiyyət aidiyyəti qurumların səssizliyini pozmağa nail olur. Lakin heç kəsə də sirr deyil ki, həm bağçalarda, həm də orta məktəblərdə uşaqlara qarşı şiddət, qısnama yalnız bu günlərin aktual problemi deyil. Bunu gedən müzakirələrdə də valideynlərin və eləcə də ictimai şəxslərin qınağından aydınca görmək olur.

Bütün bunlar baş verərkən Təshil Nazirliyi yanında İctimai Şuranın fəailiyyəti də diqqət mərkəzinə çəkilir. Görəsən, ortaya çıxarılmış faktlarla bağlı İctimai Şura hansı hansı addımlar atır? Eyni zamanda şuranın fəailiyyətini hazırkı durumda necə dəyərləndirmək olar?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərovanın AYNA-ya dediyinə görə, Şuranın işi daha çox baş verənlərə aidiyyəti üzrə reaksiyaların yoxlanılmasıdır: “Bizim işimiz bu reaksiyaların yoxlanılması, monitorinqin aparılmasıdır. İctimai Şuranın hansısa inzibati tədbir görmək səlahiyyəti yoxdur. Amma şuranın səlahiyyəti var ki, baş vermiş hadisə ilə bağlı dövlət qurumunun hərəkət və hərəkətsizliyini monitorinq etsin və öz tövsiyələrini yazıb hazırlasın, təqdim etsin”.

“Bu gün görürük ki, Təhsil Nazirliyi problemlərin ört-basdır edilməsinin yox, üzə çıxarılıb həll edilməsinin tərəfdarıdır. Təhsil Nazirliyi bu məsələlərə operativ reaksiya verir. Bu, bizi sevindirən məqamdır. Çox rahatlıqla müzakirələr aparılır, inzibati cəza tədbirləri görülür. Buna görə biz qarşılıqlı əməkdaşlıq edə bilirik. Biz müstəqil insanlardan ibarət bir ictimai şurayıq. Görsək ki, nazirlik baş vermiş neqativ hallarla bağlı adekvat addımlar atmır, bu zaman təbii ki, bunu da işıqlandıracağıq. Lakin görürük ki, hansısa hadisə baş verdiyində bu istiqamətdə tez reaksiya verilir. Problemin aradan qaldırılması istiqamətində addımlar atılır. Biz də İctimai Şura olaraq bunları monitorinq edirik”, - deyə sədr bildirib.

O söyləyib ki, problemlərin həlli istiqamətində hazırladıqları fəailiyyət planını nazirliyə təqdim ediblər və onun əsasında fəaliyyət gösətərəcəklər: “Təhsil Nazirliyi yanında İctimai Şura monitorinq aparır, təkliflərini verir, baş vermiş hadisələrlə bağlı reaksiya verməyə, hüquqi tədbirlərin görülməsinə səsləyir. Bizim hər hansı inzibati tədbir görmək səlahiyyətimiz yoxdur. Sadəcə nəzarət edirik. Cənab Prezident də çıxışında demişdi ki, ictimai nəzarət funksiyasının güclənməsi tərəfdarıdır və daim məlumatları alır”.

“Bu gün bu mövzuların müzakirə olunmasının özü də nəzarət mexanizminin bir parçasıdır. Heç bir qurum istəmir ki, haqqında mənfi rəy yaransın. Çalışır ki, problemləri anında həll etsin. Təhsil sahəsi elədir ki, burada problemlər sadəcə son günlər gündəm olmuş zorakılıq faktları deyil, eyni zamanda başqa məsələlər də var. Bulinqin müxtəlif formaları var. Həmin istiqamətdəki problemləri bir gündə həll edə bilmərik. Lakin Şura olaraq bizim də bu istiqamətdə hazırladığımız fəaliyyət planı var. Təhsil Nazirliyinə də təqdim etmişik və onun əsasında fəaliyyət göstərəcəyik”, - deyə Səfərova fikrini yekunlaşdırıb.

Təhsil eksperti Elçin Əfəndi isə AYNA-ya deyib ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkiblə fəaliyyətini dəyərləndirmək üçün hələ tezdir: “İctimai Şuraya seçkilər yaxın vaxtlarda olub. Bu baxımdan fəaliyyətlərini qiymətləndirməyi düzgün hesab etməsəm də, ümumi olaraq seçkilərin keçirilməsi baxımından düşünmürəm ki, müsbətə doğru nəsə bir iş görsünlər. Müvafiq olaraq namizədləri öncədən bəlli olan bir ictimai şuradır və nəticə etibarı ilə görəcəkləri iş də keçirilmiş seçkilərdən bəllidir. Bundan əvvəlki dövrdə Təhsil Nazirliyi yanında İctimai Şuranın iki illik fəaliyyəti olub. O zaman nəsə edə bilmişdilərmi ki, indiki şuradan da nəsə gözləyək? Əlbəttə ki, bir gözləntim yoxdur və hazırkı durumda nə müsbət, nə mənfi olaraq dəyərləndirirəm”.

Son günlər baş vermiş xoşagəlməz hallara toxunan ekspert qeyd edib ki, bu cür olaylar çox tez-tez baş versə də, biz onların çox az hissəsinin şahidi oluruq: “Hazırda hər bir şagirdin, müəllimin əlində telefon var və neqativ hallar kameraya tuş gəldiyində bu ictimailəşir. Bunun özü yaxşı haldır. Bizim gördüyümüz baş vermiş bu cür hadisələrin çox az hissəsidir. Təhsil Nazirliyi, eləcə də müəyyən qeyri-hökumət təşkilatları şagirdlər və müəllimlər arasında maarifləndirmə işləri aparmalı, təlimlər keçməlidir. Müvafiq QHT-lər var ki, qrant müsabiqlərinin qalibləri olublar, amma bir iş göməyiblər ki, biz bu gün bu cür halları müşahidə edirik”.

“Təhsil müəssisələri müəllimləri işə qəbul edərkən yalnız bilik və bacarıqlarını deyil, eyni zamanda psixoloji durumlarını da dəqiq qiymətləndirməlidir. Xoşagəlməz hadisə baş verdiyində yaxşı olar ki, onun aradan qaldırılması üçün anında qərar verək. Bu gün istər müəllim olsun, istər şagird - kimsə ciddi qanun pozuntusuna yol verirsə, ona qarşı adekvat reaksiya verməliyik, qorumamalıyıq ki, başqalarına da örnək olsun”, - deyə Əfəndi vurğulayıb.

Həmsöhbətimizin fikrincə, indiki dövrün şagirdləri ilə əvvəlki dövrün şagirdləri arasında da fərqlər var və bunlar nəzərə alınmalıdır: “Ölkədə 4432 orta ümumtəhsil müəssisəsi var və burada təxminən 160 minə yaxın müəllim fəaliyyət göstərir. 1 milyon 600 minə yaxın şagird var və onların hamısı eyni temperamentə sahib deyil. Hər birinin psixoloji durumu fərqlidir. Lakin pedoqoji heyət uşaq psixologiyasını bilməlidir”.

Həmsöhbətimizin fikrincə, indiki dövrün şagirdləri ilə əvvəlki dövrün şagirdləri arasında da fərqlər var və bunlar nəzərə alınmalıdır: “Ölkədə 4432 orta ümumtəhsil müəssisəsi var və burada təxminən 160 minə yaxın müəllim fəaliyyət göstərir. 1 milyon 600 minə yaxın şagird var və onların hamısı eyni temperamentə sahib deyil. Hər birinin psixoloji durumu fərqlidir. Lakin pedoqoji heyət uşaq psixologiyasını bilməlidir”.

“Yaxşı olardı ki, məktəblərdə həftədə bir saat da olsa, psixologiya dərsləri tədris olunsun. Məktəblərin hər birində psixologiya ixtisası üzrə təhsil almış psixoloqlar fəaliyyət göstəməlidir. Onlar şagirdlərlə işləməlidirlər. Təəssüf ki, bu gün on məktəbdən altısında həmin ixtisası bitirdiyinin şahidi oluruq, qalan dörd nəfər isə kimlərinsə qohumu, tanışıdır. Şiddət yolverilməzdir. Affekt vəziyyətinə düşməməliyik ki, kiməsə şiddət göstərək. Təhsil müəssisələrində də təbii ki, daha çox kompromisə gedən pedoqoji heyət olmalıdır. Hansısa şagird yanlış hərəkət sərgilədiyində belə, ona şiddət göstərilməsi islah olunması anlamına gəlmir”, - deyə ekspert sonda qeyd edib.

Müəllif: Aləmdə Nəsib

Xəbər lenti